Dariuş Foruhar () () — İran paniranist siyasətçi, Paniranist Partiyasının ilk üzvlərindən biri və İran Millət Partiyasının lideri olmuşdur. 1998-ci ildə o və həyat yoldaşı Pərvanə Foruhar öz evlərində bıçaqlanaraq qətlə yetirilmişdirlər. Onlar İrandakı silsilə qətllərin qurbanları arasında olmuşdular.

İlk illəri Foruhar 1928-ci ildə İsfahanda anadan olmuşdur. Onun atası orduda general olmuş, Britaniya və SSRİ qoşunlarının İrana hücumu zamanı silahlı müqavimət təşkil etməyə cəhd göstərdikdən sonra ingilislər tərəfindən həbs edilmişdir.

Fəaliyyəti Əli Rəzmçunun "Hezbi-Paniranist" əsərində qeyd etdiyinə görə, Foruhar 1951-ci ildə Möhsün Pezeşkpur ilə birlikdə milliyyətçi Paniranist Partiyasının qurucu üzvlərindən biri olmuşdur. Pəhləvi dövründə şah əleyhinə yönəlmiş millətçi hərəkatda olduqca aktiv fəaliyyət göstərmiş, Baş nazir Məhəmməd Müsəddiqin yaxın dostu və sadiq tərəfdarı kimi tanınmışdır. 1979-cu ildə İran Kürdüstanında inqilabdan sonra baş qaldıran gərginliklər fonunda Foruhar kürd siyasi və dini liderləri ilə danışıqlar aparmaq məqsədilə Tehran tərəfindən göndərilən nümayəndə heyətinin tərkibində yer almışdır. Bu nümayəndə heyətinin tövsiyələri mərkəzi hökumət tərəfindən heç vaxt icra olunmasa və kürd üsyanı sərt şəkildə yatırılmışdır, lakin Foruharın kürdlər ilə dinc bir razılığa gəlmək cəhdləri ona kürd icması arasında böyük hörmət qazandırmışdır.

Foruhar 1979-cu ildə Mehdi Bazarqanın rəhbərlik etdiyi müvəqqəti hökumətdə Əmək naziri vəzifəsində çalışmışdır.

Vəfatı Foruhar və həyat yoldaşı Pərvanə "Vilayəti-fəqih" (ruhani teokratiyası) sisteminin açıq müxalifləri olmuş və bu səbəbdən daimi nəzarət altında saxlanılmışdılar. 21 noyabr 1998-ci il tarixində cütlük öz evlərində ölümcül bıçaq zərbələri ilə qətlə yetirilmişdir. Siyasi motivli olduğu güman edilən bu qətllərin icraçıları rəsmən tapılmamışdır, lakin ümumi rəyə görə, cinayətin arxasında İran Kəşfiyyat Nazirliyi dayanmış və qətl əmrini birbaşa həmin qurum vermişdir.globalsecurity.org 1999 Bu sui-qəsdlərin Foruharın İrana yönəlmiş farsdilli proqramlar yayımlayan Qərb radiostansiyalarına verdiyi müsahibələrdə İslam Respublikasındakı insan hüquqları pozuntularını kəskin tənqid etməsi ilə bağlı olduğu ehtimal edilir. Bu tənqidlər Foruhar və həyat yoldaşını İranın hər yerdə mövcud olan kəşfiyyat xidmətinin hədəfinə çevirmişdir.Sciolino, Elaine, Persian Mirrors, Touchstone, (2000), p.234,

İctimaiyyətin təzyiqi nəticəsində dövrün İran Prezidenti Məhəmməd Hatəmi hadisəni araşdırmaq üçün xüsusi komitə yaratmış və bu proses yekunda Kəşfiyyat naziri Qurbanəli Dorri Nəcəfabadinin istefası ilə nəticələnmişdir. Cinayətin arxasındakı əsas fiqurlardan biri kimi qəbul edilən Səid İmaminin həbsxanada olarkən intihar etdiyi bildirilmişdir. Foruharın yaxınlarının vəkili Şirin İbadi cütlüyün qızı Pərəstunun sözlərinə istinadən qeyd etmişdir ki, bütün sübutlar atasının həbsxanaya getməyə hazırlaşdığını göstərir, çünki qətlə yetirildiyi an onun ayaqqabılarının bağları çıxarılmış, qol saatı taxılmamış və pul kisəsindəki bütün sənədlər ilə kağızlar boşaldılaraq, daxilində yalnız bir qədər nağd pul saxlanılmışdır. Onların qətlə yetirilməsi İranda sonradan mütəşəkkil xarakter aldığı üzə çıxan silsilə qətllər zəncirini ifşa etmişdir.

Şəxsi həyatı Foruharın Araş adlı bir oğlu və Pərəstu adlı bir qızı olmaqla iki övladı dünyaya gəlmişdir. Hər iki övlad siyasi cəhətdən aktiv fəaliyyət göstərir və İrandakı siyasi müxaliflərin ağır vəziyyəti barədə ictimaiyyəti məlumatlandırmağa davam edir. 2009-cu ildə Pərəstu digər 266 iranlı alim, yazıçı, rəssam və jurnalist ilə birlikdə bəhai dininə mənsub şəxslərin təqib olunması ilə bağlı "Iranian.com" saytında dərc olunan rəsmi üzrxahlıq məktubunu imzalamışdır.

İstinadlar

Kateqoriya:İran nazirləri Kateqoriya:İranda siyasi məhbuslar