Pəhləviçilik və ya pəhləvizm () – İranda Pəhləvilər sülaləsinin (hakimiyyəti: 1925–1979-cu illər) idarəçiliyi ilə bağlı olan irançı milliyyətçi və monarxist ideologiya. Bu ideologiya dövlət tərəfindən idarə olunan modernləşməni,: "Modernization was pervasive in the ideology of the state in the Middle East, whether it be Arab Socialism, Pahlavism, or Ataturk's Etatism." ölkənin islamdan əvvəlki keçmişini qabardan İran millətçiliyini və güclü mərkəzləşdirilmiş dövlət modelini özündə birləşdirmişdir. O, həmçinin liberal avtokratiya nümunəsi kimi də xarakterizə olunur. Pəhləvizm tez-tez qərbpərəst ideologiya kimi təqdim edilmişdir, lakin tədqiqatçılar qeyd edirlər ki, özünün son mərhələsində bu ideologiyada mədəni orijinallığa getdikcə daha çox diqqət yetirilmiş və dövlətin Qərb əleyhinə ritorikasının elementləri öz əksini tapmışdır.

Tarixi Mənşəyi Rza şah Pəhləvinin dövründə pəhləvizm aydın şəkildə ifadə olunmuş ideologiya yox, daha çox praktiki islahatlardan ibarət olmuşdur. Əmin Bənani 1959-cu ildə, Rza şahın vəfatından sonra qeyd etmişdir ki, islahatlarını sərbəst şəkildə təqlid etdiyi Mustafa Kamal Atatürkdən fərqli olaraq, Rza şah hər hansı bir kütləvi bəyanat verməmiş, məqalələr yazmamış və onun proqramı və ya inqilabının ideoloji nüvəsi sayıla biləcək heç bir vəsiyyət qoymamışdır. Bu səbəbdən kamalizmdən bəhs edildiyi kimi, pəhləvizmdən eyni dərəcədə danışmaq mümkün deyil.

Bununla belə, Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə monarxiya daha sistemli bir ideoloji struktur formalaşdırmağa çalışmışdır. Pəhləvizm xüsusilə 1953-cü il çevrilişindən sonra sürətlənmiş və müstəqil bir sistem kimi meydana çıxmışdır. Ənənəvi idarəçilikdən fərqli olaraq, bu sistem taxt-tacı radikal sol və islamçı ideologiyalarla rəqabət apara biləcək modernləşdirici bir təsisata çevirməyi hədəfləmişdir.

Jand Şakibiyə görə, bu inkişaf Ağ inqilab dövründə monarxiyanı sabitliyin təminatçısı olmaqdan çıxararaq "inqilabi" bir qüvvəyə çevirmişdir. Sözügedən ideologiya şahın həm siyasi lider, həm də intellektual bələdçi kimi təqdim olunduğu "Filosof-hökmdar" konsepsiyasına əsaslanmışdır ki, bu da qədim İranın "fərr-e izadi" (ilahı nur və ya şahlıq əzəməti) anlayışına söykənmişdir.

Əsas sütunları Şakibi pəhləvizmi müasir bir ideoloji məktəb kimi xarakterizə edən bir neçə fundamental sütunu fərqləndirmişdir. İdeologiya islam ruhanilərinin nüfuzundan asılı olmayan milli kimlik yaratmaq məqsədilə İranın islamdan əvvəlki irsini, xüsusən də Əhəmənilər imperiyasını ön plana çıxarmışdır. Bunun ən bariz nümunəsi 1971-ci ildə Əhəmənilər imperiyasının 2500 illiyinin qeyd edilməsi olmuşdur. Pəhləvizm yalnız güclü monarxiyanın sosial-iqtisadi dəyişikliklərin əsas hərəkətverici qüvvəsi ola biləcəyi və İranı "Böyük sivilizasiya"ya doğru apara biləcəyi ideyasını təşviq etmişdir. Aşkar şəkildə din əleyhinə olmamsın baxmayaraq, pəhləvizmin bu xətti dövləti qanunun və sosial bələdçiliyin yeganə mənbəyi kimi təqdim etməklə üləmaların siyasi gücünü zəiflətməyə və onları marginallaşdırmağa çalışmışdır.

Simvolizm və mədəniyyət siyasəti Pəhləvizmin əsas elementlərindən biri milli qüruru gücləndirmək üçün tarixi simvolizmdən istifadə edilməsi olmuşdur. Bura islamdan əvvəlki İran memarlığının təbliği və 1976-cı ildə qəbul edilmiş ziddiyyətli Şahənşahi təqviminin (Təqvimi-Şahənşahi) tətbiqi daxil idi. Bu təqvim İranda ilin hesablanmasını Hicrətə görə yox, Böyük Kirin tacqoyma mərasiminə əsasən müəyyən edirdi.

Jand Şakibiyə görə, bu mədəniyyət siyasəti İran tarixinin İslam dövründən yan keçmək və müasir Pəhləvi dövləti ilə qədim İran imperiyaları arasında birbaşa əlaqə yaratmaq məqsədi daşımışdır. Sözügedən "sekulyar milliyyətçilik", monarxiya-modernist ideallara sadiq olan yeni iranlılar nəslini yetişdirmək üçün təhsil sistemi və dövlət nəzarətindəki media vasitəsilə yayılmışdır.

Rastaxiz Partiyası və uğursuzluq 1975-ci ildə ideoloji inkişaf Məhəmməd Rza Pəhləvinin pəhləvizmin yeganə aparıcı qüvvəsi kimi nəzərdə tutduğu Rastaxiz Partiyasının yaradılması ilə özünün pik nöqtəsinə çatmışdır. Partiya ideoloji və siyasi birliyə nail olmaq məqsədi güdürdü və bütün iranlıların onun strukturlarında iştirakını tələb edirdi. Bu dövrdə ideologiya, şahın İranın gələcəkdə aparıcı sənaye dövlətinə çevrilməsini nəzərdə tutan "Böyük sivilizasiyaya doğru" kimi kitablarının nəşri vasitəsilə daha da sistemləşdirilmişdir.

Bununla belə, Şakibi qeyd etmişdir ki, pəhləvizm geniş xalq kütlələrinin dəstəyini qoruyub saxlaya bilməmişdir. Bu ideologiya yuxarıdan aşağıya doğru tətbiq edilən bir struktur olaraq qalmış və 1970-ci illərin sonundakı dəyişən sosial və iqtisadi reallıqlara cavab verməmişdir. Monarxın şəxsiyyətinə həddindən artıq diqqət yetirilməsi və alternativ siyasi səslərin sıxışdırılması nəticə etibarilə İran İslam islam inqilabı zamanı dövlətin süqutuna zəmin hazırlamışdır.

Məhəmməd Rza Pəhləvinin dövründə Rza şahın oğlu Məhəmməd Rza Pəhləvinin dövründə pəhləvizm daha aşkar bir ideologiyaya çevrilmişdir. Onun hakimiyyətinin son onilliklərində bu xətt şahın gecikmiş tacqoyma mərasimi, Fars imperiyasının 2500 illiyi kimi rəsmi mərasimlərdə və Rastaxiz Partiyasının vahid partiya kimi təsis edilməsində özünü büruzə vermişdir.

Bu dövrdə şah Pəhləvi üsullu qərbləşməyə qarşı artan ictimai və intellektual tənqidlərə cavab olaraq dövlətin rəsmi ritorikasında dəyişikliklər etmişdir. Bu düzəlişlər İranın mədəni orijinallığını qabartmış və dövlətin rəsmi ideologiyasına Qərb əleyhinə yönəlmiş ritorikanın elementlərinin daxil edilməsinə səbəb olmuşdur. Pəhləvizm Pəhləvi monarxiyasına kökündən qarşı çıxan yeni siyasi nizamın qurulması ilə nəticələnən İran İslam inqilabından sonra tamamilə aradan qalxmışdır.

Xüsusiyyətləri Modernist meyllərinə görə pəhləvizm Türkiyədəki kamalizm, Suriya və İraqdakı bəəsçilik və son dövrlərdə Azərbaycan Respublikasında meydana çıxan heydərizm ilə müqayisə edilmişdir.

M. Hakan Yavuzun fikrinə görə, kamalizm, pəhləvizm və bəəsçilik ilə bağlı olan sekulyar-avtoritar ideologiyalar islamçı dirçəliş və islahatların daha plüralist formalarını kənarda qoymuşdur.

Jand Şakibi qeyd etmişdir ki, pəhləvizm 1906-cı il Konstitusiyasının əhəmiyyətini bəyan etmişdir, lakin Qərbin liberal demokratiyalarına xas olan azad seçkilərin keçirilməsini müdafiə etməmişdir.

Qərb ilə münasibətlər Pəhləvizm ilkin mərhələdə dövlət quruculuğu, hüquqi islahatlar və modernləşmə sahəsində Qərb modellərini mənimsəmişdir, lakin xüsusilə Məhəmməd Rza Pəhləvinin hakimiyyətinin son dövrlərində, Pəhləvi üsullu qərbləşməyə qarşı artan sosial və intellektual tənqidlərə reaksiya olaraq, dövlət ritorikasında mədəni orijinallıq və Qərbin mədəni hökmranlığına qarşı müqavimət getdikcə daha çox vurğulanmış, dövlət tərəfindən idarə olunan Qərb əleyhinə ritorika elementləri prosesə daxil edilmişdir.

Mənbə İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

Kateqoriya:Eponim siyasi ideologiyalar Kateqoriya:İran milliyətçiliyi Kateqoriya:Pəhləvilər