İran Azadlıq Hərəkatı (, ) — İranda demokratiyameylli siyasi təşkilat. 17 may 1961-ci ildə özlərini "müsəlman, iranlı, konstitusiyaçı və müsəddiqçi" kimi xarakterizə edən üzvlər tərəfindən təsis edilmişdir. Qurucu üzvləri Mehdi Bazargan, Mahmud Taliqani, Yadulla Sahabi, Həsən Nəzih, Mansur Atayi, Rəhim Atayi, Abbas Radniya, Abbas Samii, Abbas Şeybani, Əhməd Alibabayi, İzzətulla Sahabi və Əhməd Seyid Cavadi olmuşdur. Xaricdə hərəkata Əli Şəriəti, (Fransa), İbrahim Yəzdi, Mustafa Çamran, Sadiq Qütbzadə (Birləşmiş Ştatlar), Sadiq Təbətabayi (Almaniya) öndərlik etmişdir.

Hazırda İranda fəaliyyətini davam etdirən ən qədim partiya hesab olunur. Tədqiqatlarda "yarımmüxalifət", "sadiq müxalifət" və ya "dini-milliyyətçi partiya" kimi səciyyələndirilmişdir.

Təşkilat İran Milli Cəbhəsindən ayrılaraq yaradılmış və onun təsis olunması Məhəmməd Müsəddiq tərəfindən dəstəklənmişdir. Daha sonra partiya milli suverenliyi, siyasi fəaliyyət və ifadə azadlığını, islam dəyərlərinə uyğun sosial ədaləti, İran konstitusiyasına, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə hörməti müdafiə edən bir platforma ilə sözügedən cəbhəyə üzv olmaq üçün müraciət etmişdir. Təşkilat din və dövlətin bir-birindən ayrı olmasının tərəfdarı kimi çıxış edir, lakin siyasi fəaliyyətin dini dəyərlərə əsaslanmalı olduğunu qəbul edir. İslamın mötədil təfsirinə əsaslanan İran Azadlıq Hərəkatı siyasi və iqtisadi liberalizmi müdafiə etmiş, həm şah, həm də ruhanilərin diktaturasını rədd etmişdir.

İrandakı mövcud hökumət tərəfindən fəaliyyəti qanundən kənar elan edilməsinə baxmayaraq, təşkilat öz varlığını qoruyub saxlamaqdadır. Partiya "Vilayəti-fəqih" (konstitusiyaya nəzarət və dini rəhbərlik) prinsipini rədd etmişdir, lakin İran İslam Respublikasının Konstitusiyasına riayət etməyi qəbul edir. Nəzarət Şurasının namizədləri yoxlamadan keçirmədiyi 2003-cü il bələdiyyə seçkiləri istisna olmaqla, təşkilata 1980-ci ildən bəri keçirilən heç bir seçkidə iştirak icazəsi verilməmişdir. Eyni zamanda, partiyanın İran Partiyalar Evinə üzvlüynə də imtina edilmişdir.

Təşkilatın üzvləri İran Milliyyətçi-Dini Fəallar Şurası ilə sıx əlaqələrə malikdirlər.

1953-cü il dövlət çevrilişi Qrup öz başlanğıcını 1951-ci ilin aprel ayından 1953-cü ilin avqust ayınadək (1952-ci ilin iyulundakı çox qısa fasilə istisna olmaqla) İranın Baş naziri olmuş doktor Məhəmməd Müsəddiq hökumətinə qarşı törədilmiş 1953-cü il dövlət çevrilişindən sonrakı dövrdən, 1950-ci illərin əvvəllərindən götürmüşdür. Sözügedən çevriliş Müsəddiqi və onun həmkarlarını hakimiyyətdən uzaqlaşdırmış, şahın İran siyasətində yenidən dominant qüvvəyə çevrilməsini təmin etmişdir. Yeni qurulmuş hökumət qısa müddətdə Müsəddiqin ən yaxın tərəfdarlarını həbs etmiş, ifadə azadlığını qanundən kənar elan etmiş və azad siyasi fəaliyyətə qarşı sərt tədbirlər görmüşdür. Müsəddiqin özü isə hərbi məhkəmə qarşına çıxarılaraq üç il müddətinə azadlıqdan məhrum edilmişdir.

Müsəddiq dövrünün bir qrup aşağı rütbəli rəhbər şəxsi tərəfindən tez bir zamanda Milli Müqavimət Hərəkatı adlanan gizli təşkilat yaradılmışdır. İran Azadlıq Hərəkatının tarixi baxımından bu təşkilat böyük əhəmiyyət kəsb edir, çünki Müsəddiq tərəfdarlarını birləşdirən İran Milli Cəbhəsinin bu yeni forması, əsasən, sekulyar baxışlara malik üzvlərdən, o cümlədən Müsəddiqin özündən fərqli olaraq, dindar dünyəvi şəxslərdən təşkil olunmuşdur. Milli Müqavimət Hərəkatı 1954-cü il Məclis seçkilərinin azad və ədalətli keçirilməsi (buna nail olunmamışdır) və konstitusiyalı monarxiyanın bərpa edilməsi (bu da baş verməmişdir) uğrunda mübarizə aparmışdır. Məqsədlərinə çata bilməyən və şah rejiminin güclü repressiv aparatı ilə qarşılaşan qrup 1950-ci illərin ortalarında fəaliyyətini dayandırmışdır.

Azadlıq Hərəkatının yaradılması 1960-cı ildə İkinci Milli Cəbhə formalaşdırılmış və bura, əsasən, 1950-ci illərin əvvəllərində, Müsəddiqin hakimiyyəti dövründə fəaliyyət göstərmiş şəxslər daxil olmuşdur, lakin 1961-ci ildə Mehdi Bazargan, Mahmud Taliqani və Yadulla Sahabi kimi tanınmış liberallar Milli Cəbhəyə nisbətən daha dindar və radikal bir alternativ yaratmaq məqsədilə ondan ayrılmışlar. Bu yeni qrup qısa müddətdə öz rəqibini üstələyən geniş tərəfdar kütləsi qazanmış və onun liderləri şahı demokratik idarəçiliyi bərpa etməyə məcbur etmək üçün etirazlar, oturaq aksiyalar və tətillər kimi mülki itaətsizlik üsullarını müdafiə etmişlər. Baş nazir Əli Əmininin rəhbərliyi altında keçən qısa islahat dövründən sonra hökumət müxalifətə qarşı yenidən sərt tədbirlərə başlamışdır.

29 iyun 1963-cü il tarixində İranın beş şəhərində, şah hökuməti və onun islam əleyhinə olduğu iddia edilən siyasəti barədə kəskin bəyanatlar verən radikal din xadimi Ayətullah Ruhulla Xomeyninin həbs edilməsinə etiraz olaraq kütləvi üsyan baş qaldırmışdır. Yaranmış vəziyyətdə hökumət iğtişaşları yatırmaq üçün ordu piyadalarını və tankları cəlb etmiş, bu da ən azı yüzlərlə (bəzi mənbələrə görə minlərlə) insanın ölümü ilə nəticələnmişdir. İran Azadlıq Hərəkatı bu üsyanı dəstəklədiyi üçün təqiblərə məruz qalmış və 1960-cı illərin ortalarına doğru fəaliyyəti tamamilə dayandırılmışdır. Buna baxmayaraq, 1964-cü ildə partiya digər siyasi qüvvələrlə birlikdə, Müsəddiqin də xeyir-duası ilə Üçüncü Milli Cəbhənin qurulmasında iştirak etmişdir. Bu cəbhə, ehtiyatlı mövqe nümayiş etdirən İkinci Milli Cəbhə ilə müqayisədə, şah hökumətinə qarşı daha fəal və radikal bir xətt izləmişdir. 1965-ci ilə qədər ölkədə bütün leqal müxalifət formaları ləğv edilmiş, hökumətə qarşı mübarizə aparmaq üçün yeganə vasitə kimi yalnız silahlı müqavimət yolu qalmışdır.

İslam inqilabına aparan hadisələr 1960-cı və 1970-ci illər ərzində İran Azadlıq Hərəkatı fəaliyyətini, əsasən, ölkə xaricində, xüsusilə Amerika Birləşmiş Ştatları və Avropada davam etdirmişdir. On minlərlə siyasi məhbusun edam edilməsi, həbs olunması və işgəncələrə məruz qalmasına görə məsuliyyət daşıdığı iddia edilən SAVAK-ın (Şahın gizli polis təşkilatı) hər yerdə mövcud olan nüfuzu və boğucu polis rejimi mühiti ölkə daxilində hər hansı irimiqyaslı fəaliyyətin qarşısını almışdır. 1970-ci illərin ortalarına qədər şah rejiminə fəal şəkildə müxalif olan şəxslər, əsasən, solçu və ya liberal təbəqədən ibarət olmuş, onlardan da solçular böyük üstünlük təşkil etmişlər, lakin sözügedən onillikdən etibarən, qismən də olsa İran Azadlıq Hərəkatının səyləri nəticəsində hərəkatda dini ünsürlər (o cümlədən mollalar) üstünlük qazanmağa başlamışdır. Bu üstünlüyün təmin edilməsində islam hərəkatının İranda malik olduğu 9000-dən çox məscid, 180 000 molla və milyonlarla dindar tərəfdardan ibarət şəbəkə mühüm rol oynamışdır. SAVAK, polis və hökumətin hərbi aparatı tərəfindən amansızlıqla əzilmiş solçu qüvvələrdən fərqli olaraq, dini şəbəkə sərbəst fəaliyyət göstərə bilmişdir.

29 yanvar 1978-ci il tarixində hökumətyönümlü "Ettelaat" qəzetində Ayətullah Ruhulla Xomeynini irticaçı və Britaniya agenti olmaqda ittiham edən bir məqalə dərc edilmişdir. Bu hadisə müqəddəs Qum şəhərində üsyana səbəb olmuş, qısa müddətdə isə Təbriz, Tehran və digər böyük şəhərlərə yayılmışdır. 1978-ci ilin sonuna qədər, vaxtilə dünyanın beşinci ən böyük hərbi qüvvəsinə malik olduğu iddia edilən şah hökuməti kütləvi üsyanların və fəhlə tətillərinin təzyiqi altında tamamilə süquta uğramışdır. Şahın Şapur Bəxtiyarı baş nazir təyin etməsinə cavab olaraq, Xomeyni Mehdi Bazarqanı hələ hakimiyyətdə olmayan müvəqqəti hökumətin rəhbəri təyin etmişdir. 11 fevral 1979-cu il tarixində şah hökuməti devrilmiş və onun yerində sonradan İran İslam Respublikası adlandırılan rejim qurulmuşdur.

İran İslam Respublikası

İran İslam Respublikası əhalinin guya 98%-indən çoxunun bu sistemin lehinə səs verdiyi referendumun nəticələrinə əsasən, 1 aprel 1979-cu il tarixində elan edilmişdir. Müvəqqəti Hökumət əvvəlki rejimin süqutundan dərhal sonra, 12 fevral 1979-cu il tarixində fəaliyyətə başlamışdır, lakin tezliklə məlum olmuşdur ki, bu hökumət real hakimiyyət rıçaqlarından məhrumdur. Əsl hakimiyyət radikal dini fundamentalistlərin nəzarətində olan İslam İnqilabı Şurasının və yerli İslam Komitələrinin əlində cəmləşmişdir. Müvəqqəti Hökumət, əsasən, İran Azadlıq Hərəkatının üzvlərindən (Bazarqan, Taliqani, Sahabi, Yəzdi, Nazih daxil olmaqla) təşkil olunmuşdu, lakin bura Milli Cəbhənin bir neçə lideri də (Səncabi, Ərdalan, Foruhar) daxil edilmişdir. Bu dövr İran Azadlıq Hərəkatının İran siyasətinə təsirinin zirvə nöqtəsi olmuş, lakin uzun sürməmişdir. 1979-cu ilin avqust ayına qədər yeni hökumət müxalifətə qarşı sərt tədbirlər görməyə başlamış, demək olar ki, bütün siyasi partiyaları qanundən kənar elan etmiş və öz tənqidçilərinə qarşı təqib kampaniyasına start vermişdir. Bazargan kabineti 5 noyabr 1979-cu il tarixində kütləvi şəkildə istefa vermiş və bununla da İranın Müvəqqəti Hökumətinin fəaliyyəti başa çatmışdır.

Ayətullah Xomeyninin rəhbərlik etdiyi İslam hökuməti ölkədəki bütün müxalifəti darmadağın etmiş, nəticədə real və potensial müxalifətçilər ya xaricə qaçmış, ya qətlə yetirilmiş, ya da həbs edilmişlər. Buna baxmayaraq, İran Azadlıq Hərəkatı Məclisdə fəaliyyətinə çətinliklə də olsa dözülən bir qüvvə kimi mövcudluğunu qorumuşdur. Partiya 1984-cü ildə İraqla müharibənin (müharibə 22 sentyabr 1980-ci il tarixində Səddam Hüseynin rəhbərliyi altındakı İraq qoşunlarının İrana hücum etməsi ilə başlamışdır) vaxtından əvvəl dayandırılmasına çağırmışdır.

20 yanvar 1995-ci il tarixində Bazarqan təbii səbəblərdən vəfat etmiş və İbrahim Yəzdi təşkilatın rəhbəri vəzifəsini təhvil almış, bu vəzifəni 2017-ci ildəki ölümünə qədər icra etmişdir. Qrup hökumətin 2000-ci ildə ona qarşı sərt tədbirlər görməsinə, təşkilata bağlı onlarla fəalın həbs edilərək mühakimə olunmasına və partiyanın fəaliyyətsiz vəziyyətə gətirilməsinə qədər varlığına dözülən bir siyasi qüvvə kimi fəaliyyət göstərmişdir. Həsən Ruhaninin 2013-cü ildə İran Prezidenti seçilməsindən sonra İran Azadlıq Hərəkatının siyasi fəaliyyətində yeni bir dövr başlamışdır. 27 avqust 2017-ci il tarixində İbrahim Yəzdi xərçəng xəstəliyindən vəfat etmiş və Məhəmməd Təvassuli İran Azadlıq Hərəkatının üçüncü baş katibi olmuşdur.

Rəhbərlik

+ Baş katib№AdıVəzifə müddəti İstinad TarixdənTarixə qədər 1Mehdi Bazargan196119952İbrahim Yəzdi199520173Məhəmməd Təvassuli2017

+ Siyasi ofisin rəhbəri№AdıVəzifə müddətiİstinadTarixdənTarixə qədər1Məhəmməd Təvassuli19782Abbas Əmir-İntizam197819793İbrahim Yəzdi197919954Məhəmməd Təvassuli1995

Həbslər

+ Hərəkat üzvlərinin həbsləri№AdSoyadSaxlanılanların sayıHəbs iliÜmumi saxlanılanların sayıÜmumi həbs iliPəhləviİRPəhləviİR 1AbbasŞeybani9010.20910.2 2AbbasRadniya202.0022.0 3AbbasəliMuslihi0100.0410.04 4AbduləliBazargan0203.023.0 5ƏbülfəzHakimi304.3034.3 6ƏbülfəzBazargan0100.910.9 7ƏhədRzayi0603.063.0 8ƏhmədƏlibabayi106.0016.0 9ƏhmədHacı Seyid Cavadi0100.0310.03 10ƏliQufrani0100.110.1 11ƏliƏlizadə0301.131.1 12ƏliŞəriəti203.3023.3 13ƏliəsgərQaravi0701.871.8 14ƏmirXürrəm0306.036.0 15ƏmirhüseynKazimi0100.810.8 16BağırƏləvi0200.220.2 17İbrahimYəzdi0301.231.2 18İmadBihəvar0405.045.0 19İzzətullaSahabi3210.81.3512.2 20FəridTahiri0203.223.2 21FiriştəBazargan010010.03 22QafarFərzadi0400.540.5 23HəşimSabbağiyan240.53.864.3 24CəfərGənci0204.224.2 25XosrovMansuryan0405.145.1 26MahmudTaliqani4011.30411.3 27MehdiBazargan306.7036.7 28MehdiMütəmadi0305.335.3 29MəhəmmədBəstinigar104.0014.0 30MəhəmmədTəvəssuli151.04.365.3 31MəhəmmədəliRəcayi100.1010.1 32MəhəmmədhadiHadizadə0100.310.3 33MəhəmmədhüseynBani Əsədi120.61.732.3 34MəhəmmədmehdiCəfəri104.0014.0 35MohsenMohagegi0205.525.5 36Murtuzaİşfaq010.00.410.4 37MustafaMiskin020.00.520.5 38MustafaMüfidi1000.410.4 39RəhimAtayi100.5010.5 40YadullaSahabi104.0014.0Ümumi 377069.259.6107128.8

İstinadlar

Kateqoriya:İranda qadağan edilmiş siyasi partiyalar