Məhəmmədəli Keşavərz () () — İran aktyoru. O, birinci dərəcəli "Mədəniyyət və İncəsənət" ordeni ilə təltif edilmişdir.http://isna.ir/fa/news/91111207077 Keşavərz Davud Rəşidi, İzzətulla İntizami, Cəmşid Məşayexi və Əli Nəsiriyayn ilə birlikdə İran filmlərində oynadığı mühüm rolları və təsirlərinə görə İran teatrı, kinosu və televiziyası tarixinin beş unudulmaz kişi aktyoru ("İran kinosunun beş qəhrəmanı") kimi xatırlanmışdır.
Keşavərzin kino fəaliyyəti 1964-cü ildə Fərrux Qəffarinin "Bozqır gecəsi" filmindəki rolu ilə başlamış və 1965-ci ildə İbrahim Gülüstanın "Kərpic və Güzgü" filmində davam etmişdir. O, daha sonra "Cənab Halu" (1970-ci il), "Leysan" (1972-ci il) və "Sadıq kürdi" (1972-ci il) filmlərində ikinci dərəcəli rolları canlandırmışdır. "Hezardastan" teleserialı onun Əli Hatəmi ilə ilk əməkdaşlığı olmuş və bu iş birliyi Fəcr Beynəlxalq Kino Festivalında "Ən yaxşı kişi aktyor" nominasiyasında "Simurq" mükafatına namizəd göstərildiyi "Ana" (1989-cu il) filmi də daxil olmaqla digər bir neçə ekran əsəri ilə davam etmişdir. Keşavərz Abbas Kiarüstəminin ekranlaşdırdığı "Zeytun ağacları altında" (1994-cü il) filmindəki baş rolu ilə böyük diqqət qazanmışdır.
O, 2000-ci illərin əvvəllərindən etibarən yaradıcılıq fəaliyyətini azaltmış və 2020-ci ilin iyun ayında böyrək çatışmazlığı səbəbindən 90 yaşında vəfat etmişdir.
İlk illəri Məhəmmədəli Keşavərz 15 aprel 1930-cu ildə İsfahanın Siçan məhəlləsində anadan olmuşdur. Ailənin ikinci övladı olan Keşavərzin ilkin soyadı Aslani olmuşdur. Onun nəsli Şah Abbasın dövründə İrana köçmüş və islam dinini qəbul etmiş İran gürcülərinə dayanır. Bu nəsil İsfahan və Firidunşəhr gürcü əhalisinin mühüm bir hissəsini təşkil edir. Atası kənd təsərrüfatı ilə məşğul olduğuna görə soyadını Keşavərz olaraq dəyişdirmişdir. Həmin dövrdə Keşavərzin ata evində müntəzəm olaraq Mövlana qiraətləri təşkil edilmişdir.
Hərbi xidmət zamanı Keşavərz Sərasiyabda yerləşən təlim mərhələsindən sonra Kirmana göndərilmişdir. O, xidmət müddətində dostları ilə birlikdə bir neçə həvəskar teatr tamaşası hazırlamış, xidmətini başa vurduqdan sonra isə Tehrana gəlmişmvə Aktyorluq Sənətkarlığı Məktəbində üç illik təhsil almışdır. Bu dövrdə onun müəllimləri arasında Əli Əsgər Gərmsiri, Həbib Yəğmayi və İsmayıl Mehintaş kimi şəxsiyyətlər var idi. Tibb fakültəsinə qəbul olunmasına baxmayaraq, bu sahənin öz xarakterinə uyğun gəlmədiyini bildirmiş və təhsilini yarımçıq qoymuş, daha sonra Tehran Dramatik Sənətlər Fakültəsinə daxil olmuşdur. Onun "Cəmiyyət və sənətin qarşılıqlı təsiri" mövzusundakı diplom işinin elmi rəhbəri Əmirhüseyn Aryanpur olmuşdur. Keşavərz həmçinin, topoqrafiya ixtisası üzrə də təhsil almış və radio-televiziya məkanında bu sahəyə dair bəzi proqramların aparıcılığını etmişdir.
Keşavərz 1970-ci ildə, 40 yaşında ikən Mona Tahiri ilə evlənmişdir, lakin bu evlilik 1973-cü ildə boşanma ilə nəticələnmişdir və o, bir daha ailə qurmamışdır. Bu evlilikdən onların Nelli adlı bir qızı dünyaya gəlmişdir. Qızı hazırda Belçikada yaşayır və universitetdə rəngkarlıqdan dərs deyir. Keşavərz bu evlilik haqqında danışan zaman bir dəfə aşiq olduğunu, lakin bu hissi birdəfəlik geridə qoyduğunu və bu təcrübənin ona yetərli olduğunu ifadə etmişdir.
Peşəkar fəaliyyəti Məhəmmədəli Keşavərzin ilk sənət fəaliyyəti 1960-cı ildə Əli Nəsiriyaynın rejissorluğu ilə hazırlanan "İntihar" teletamaşasındakı rolu ilə başlamışdır. Daha sonra o, "Kremonalı skripka ustası", "Antiqona", "Andorra", "Şah Edip" və "Strindberq oyunu" kimi müxtəlif teatr tamaşalarında çıxış etmişdir.
Keşavərz Fərrux Qəffari, İbrahim Gülüstan, Valerio Zurlini, Bəhram Beyzayi, Nasir Təqvayi, Nadir İbrahimi, Əli Hatəmi, Dariuş Mehrcuyi və Abbas Kiarüstəmi kimi tanınmış rejissorlarla əməkdaşlıq etmiş, həmçinin Antoni Kuin və Maks fon Südov kimi qeyri-iranlı aktyorlarla eyni layihələrdə rol almışdır.
Vəfatı Keşavərz 23 may 2020-ci il tarixində böyrək problemi səbəbindən Tehranın İvanək məhəlləsində yerləşən "Atiyə" xəstəxanasına yerləşdirilmiş və 14 iyun 2020-ci il tarixində böyrək çatışmazlığından 90 yaşında vəfat etmişdir. Onun cənazəsi 16 iyun 2020-ci il tarixində Behişti-Zəhra qəbiristanlığının Sənətkarlar bölməsində dəfn edilmişdir.
Filmoqrafiya
Teleseriallar Məhəmməd Əli Keşavərz 1968-ci ildə televiziyada fəaliyyətə başlamış və "Qəmər xanımın evi" serialının bəzi yetkin hissələrinin bədii rejissorluğunu öhdəsinə götürmüşdür. Onun yaddaqalan ekran işləri arasında "Napoleon dayı", "Tüstüsüz atəş", "Hezardastan" (Şəban Ostoxani rolunda), "Sərbədarlar" (Xacə Qoşeyri rolunda), "Sultan və Çoban əfsanəsi" (Baş münəccim rolunda), "Ata ocağı" və "Canavarlar" kimi teleserialların adlarını çəkmək olar.
Bədii filmlər Məhəmməd Əli Keşavərz kino sahəsində ilk aktyorluq təcrübəsini 1964-cü ildə Fərrux Qəffarinin ekranlaşdırdığı "Bozqır gecəsi" filmi ilə qazanmış və 2008-ci ilə qədər 47 bədii filmdə rol almışdır. Onun diqqətəlayiq ekran əsərləri sırasına "Leysan", "Kərpic və Güzgü", "Bərzəxilər", "Kəmalülmülk", "Siçana dönən adam", "Mirzə Novruzun ayaqqabıları", "Ana", "Adada axtarış", "Nəsrəddin şah kino aktyorudur", "Könül verənlər", "İcra başçısı cənab", "Zeytun ağacları altında", "Vaqiə günü" və "Cəza komitəsi" kimi filmlər daxildir.
Mükafatları Keşavərz Əli Hatəminin rejissorluğu ilə çəkilmiş "Ana" filmindəki çıxışına görə "Ən yaxşı baş rol kişi aktyoru" nominasiyasında "Simurq" mükafatına namizəd görülmüşdür.
İstinadlar
Kateqoriya:İran gürcüləri Kateqoriya:İran kinorejissorları Kateqoriya:İran aktyorları