Əbu İsa Əbdürrəhman ibn Əbu Leyla Yasar ibn Bilal əl-Ənsari (; ) — tabiin nəslinə mənsub hədis, fiqh və qiraət alimi.

Həyatı İbn Əbu Leyla hicri 17 (638) və ya 18-ci (639) ildə Mədinə şəhərində anadan olmuş və daha sonra atası ilə birlikdə Kufəyə köçmüşdür.

O, Ənsardan 120 səhabə ilə görüşmüş və onların çoxundan hədis öyrənmişdir. Müəllimləri arasında Əli, Abdullah ibn Məsud, Ənəs ibn Malik, Əbu Səid əl-Xudri, Səd ibn Əbu Vəqqas, Bilal əl-Həbəşi, İbn Abbas, İbn Ömər, Əbu Əyyub əl-Ənsari, Əbüd-Dərda və başqa səhabələr vardır.

İbn Əbu Leyla özü də hədis rəvayət etmişdir. Ondan hədis rəvayət etmiş şəxslər arasında oğlu İsa, nəbəsi Abdullah ibn İsa, Mücahid ibn. Cəbr, Əməş, Şəbi, Məhəmməd ibn Sirin və başqaları vardır.

Qiraət elmini ərz yolu ilə Əlidən öyrənən İbn Əbu Leyla, qiraəti oğlu İsaya, o da qardaşı Məhəmmədə öyrətmişdir. Məhəmməd isə öyrəndiyi qiraəti ərz yolu ilə Həmzə ibn Həbibə öyrətmiş və ona icazət (diplom) vermişdir.

Siffin, Nəhrəvan və Cəməl döyüşlərində Əlinin tərəfdə iştirak etmiş İbn Əbu Leylanın Osman tərəfdarları ilə də yaxşı münasibətlərinin olduğu mənbələrdə qeyd edilmişdir.

Hicri 82-ci (701) ildə Əbdürrəhman İbn əl-Əşas Həccaca müharibə elan etdikdə İbn Əbu Leyla, İbn əl-Əşası dəstəkləmiş və Deyr əl-Cəmacim döyüşündə əsgərləri döyüşə ruhlandırmaq üçün nitq söyləmişdir. Onun məhz bu döyüşdə və ya Əməvilərə qarşı olan başqa bir döyüşdə qətlə yetirildiyi qeyd edilmişdir. Onun həmçinin hicri 80–81-ci (699–700) illərdə Bəsrədə və ya Düceyldə yaxud Fərat çayında atından yıxılaraq öldüyü də qeyd edilmişdir.

İstinadlar

Kateqoriya:Tabiinlər Kateqoriya:VIII əsr ərəbləri