Dostluq parkı — Bakı şəhərinin Səbail rayonu ərazisinə daxil olan Bibiheybət qəsəbəsində yerləşən genişmiqyaslı meşə-park və ictimai istirahət zonası. Park şəhərin ekoloji mühitinin qorunmasında və əhalinin asudə vaxtının təşkilində mühüm rol oynayan yaşıl masivlərdən biridir.

Tarixi "Dostluq" parkı 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Səbail rayonunun "Şıx sahəsi" ərazisində yaradılmışdır. "Dostluq" parkı Bakının cənub-qərb hissəsində yerləşən ən böyük süni meşə zolaqlarından biridir. Müxtəlif dövrlərdə parkın ərazisində ekoloji tarazlığın bərpası və sakinlərin istirahəti üçün yenidənqurma işləri həyata keçirilmişdir. 2013-cü ildə parkın ərazisindəki dağın döşündə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən yeni veloparkın yaradılması məqsədi ilə ərazidə böyük yenidənqurma işləri aparılmış, 20 mindən çox yeni Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilmişdir. Parkda ümumi sahəsi 40 min kvadratmetr olan köhnə və yeni salınmış yollara asfalt döşənmiş, dağ velosiped idmanının inkişafı üçün 5 kilometr uzunluğunda xüsusi yollar çəkilmişdir. Bundan əlavə, rayon icra hakimiyyəti tərəfindən Salyan yolu boyunca "Şıx" ərazisində "Dostluq" parkından Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq qatı və 5 min kvadratmetr sahəyə yaşıl ot qatı salınmış, 2 min ədəd yeni ağac, 200 ədəd dekorativ kollar əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılmışdır. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən park ərazisində genişmiqyaslı abadlıq aksiyaları təşkil olunmuş, minlərlə yeni ağac əkilmiş, suvarma sistemləri quraşdırılmış və ərazi tullantılardan təmizlənmişdir. Park eyni zamanda yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizə mövzusunda keçirilən maarifləndirici tədbirlərin və xəbərdarlıq aksiyalarının da məkanı olmuşdur. Həmçinin, "Dostluq" parkı ərazisindəki dağın döşündə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velopark yaradılmışdır.

Dostluq parkı müstəqillik dövründən sonra qanunsuz tikinti və torpaq sahələrinin mənimsənilməsi iddiaları ilə bağlı geniş ictimai və məhkəmə qalmaqalları ilə gündəmə gəlmişdir. "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev 2015-ci ildə keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılmışdır. Parkın daxilində və mühafizə zolağında inşa edilmiş qanunsuz tikililərə, villalara qarşı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən söküntü işləri həyata keçirilmiş və bu barədə rəsmi açıqlamalar verilmişdir. Bu proses nəticəsində 45-dən çox villa sökülmüşdür. Villaları sökdürən Hacıbala Abutalıbov həmin ərazidə sonradan bir neçə dəfə iməcilik keçirmiş, şam ağacları əkdirmişdir. Hacıbala Abutalıbovun rəhbərliyi ilə başlayan söküntü işlərindən sonra həmin torpaq sahələrinin qanunsuz olaraq satılması ilə bağlı cinayət işi açılmışdır. Parkın meşə-bağ sahəsinə daxil olan torpaqların saxta sənədlərlə fərdi şəxslərə və vəzifəli şəxslərə satılması faktları aşkarlanmışdır.

İlk olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları əmlak alqı-satqısı ilə məşğul olmuş 1972-ci il təvəllüdlü Tərlan Hüseynovu istintaqa cəlb etmişdilər. 2015-ci ilin iyun ayından Tərlan Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılmışdı. Xətai Rayon Məhkəməsinin qərarı ilə Tərlan Hüseynov barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarılmışdı. Daha sonra o, ev dustaqlığına buraxılmışdı. Tərlan Hüseynovdan sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulmuşdur.

2016-cı ilin sentyabrında torpaqların satılmasında təqsirləndirilən bir qrup şəxs (o cümlədən yerli bələdiyyə və icra strukturlarının keçmiş nümayəndələri) hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu şəxslərə müxtəlif müddətli həbs cəzaları verilmişdir. Hökmə əsasən, Etibar Məmmədov 7 il, 6 ay, Famil Quliyev 7 il, Tərlan Hüseynov 7 il 6 ay azadlıqdan məhrum edilmişdir. 2017-ci ilin fevralında Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəzi təqsirləndirilən şəxslərin cəzaları müəyyən dərəcədə azaldılmışdır. Etibar Məmmədovun cəzası 7 il 6 aydan 7 ilə, Famil Quliyevin cəzası 7 ildən 6 ilə, Tərlan Hüseynovun cəzası isə 7 il 6 aydan 5 il 6 aya endirilmişdir.

Görülən abadlıq tədbirlərinə baxmayaraq, dövri olaraq parkın baxımsızlığı və ekoloji deqradasiyası ilə bağlı mətbuatda tənqidi materiallar yayımlanmışdır. Parkın bəzi hissələrinin "xarabalığa" çevrilməsi, lazımi qulluq və suvarma işlərinin vaxtında aparılmaması səbəbindən qiymətli şam və digər bəzək ağaclarının quruması faktları fotomateriallarla ictimaiyyətin diqqətinə çatdırılmışdır. Bununla yanaşı, parkın ərazisində aparılan infrastruktur işləri mütəmadi olaraq dövlət qəzetlərində və rəsmi xəbər portallarında işıqlandırılır.

İstinadlar

Kateqoriya:Bakı parkları Kateqoriya:Səbail rayonu Kateqoriya:İctimai şəhər parkları Kateqoriya:1970-ci illərdə Azərbaycanda yarananlar