Bayraq parkı, həmçinin əvvəlki adı ilə Musabəyov parkı və ya Qəzənfər Müsabəyov parkı — Azərbaycanın paytaxtı Bakının Yasamal rayonunda yerləşən park. Park əvvəllər Qəzənfər Musabəyovun adını daşımışdır.

Tarixi Park Yasamal rayonunda, Mirəli Seyidov, Əbdürrəhim Bəy Haqverdiyev və Nazim Hikmət küçələri yaxınlığında yerləşir. Ətrafında "Park Yasamal" yaşayış kompleksi və Yasamal gölü ətrafı bulvar ərazisi var. Parkın sahəsi 2 hektara yaxındır.

Park 1978-ci ildə bolşevik dövrünün görkəmli xadimi Qəzənfər Musabəyovun heykəlinin ucaldılması ilə "Musabəyov" parkı adını almışdır. 2007-ci ilin dekabrda Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Musabəyovun heykəli dağılmışdır və parkda o vaxtdan təmirə başlanmışdır. Park təmirə qədər uzun müddət idi baxımsız qalmışdı. Təmir işləri 2008-ci ilin sonlarında yekunlaşmışdır. Parkda quru hovuz inşa edilmiş, burada hovuzun və şəlalənin işləməsinə köməklik edəcək böyük videomonitor quraşdırılmışdır. Hovuz Şərq üslubunda inşa edilmişdir və onun ərsəyə gəlməsində Türkiyədən olan mütəxəssislərinin böyük rolu olmuşdur. Yaşıllıq zolağının yaradılması üçünsə İrandan güllər və kollar gətirilmişdir. Parkın qranit döşəməsi Hindistan və Çin istehsalıdır. Parkın əsas xüsusiyyətlərindən biri də çilçırağın çoxluq təşkil etməsidir. Parkdakı oturacaqlar və zibil qutuları yerli istehsaldır. Təmir işlərinin xərcləri rayonun daxili imkanları hesabına başa gəlmişdir.

Musabəyovun heykəli parktan götürüldükdən sonra rəsmi olaraq ad dəyişmişdir, lakin əhali arasında ənənəvi olaraq "Musabəyov parkı" kimi tanınırdı. Nəticədə parkın adı "Bayraq" parkı olaraq dəyişdirilmişdir.

2025-ci ildə Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa parka Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsində xüsusi rolu olan Nuru Paşanın adının verilməsi təşəbbüsü ilə çıxış etmişdir. O, Qəzənfər Musabəyovun Azərbaycan Xalq Cümhuriyyətinə xəyanət etdiyini və bolşeviklərə xidmət etdiyini qeyd etmiş, belə adın ictimaiyyət arasında narazılıq doğurduğunu bildirmişdir. Qəzənfər Musabəyovun qohumu, bacısının nəvəsi olan Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov babasının adının dəyişdirilməsinə münasibət bildirmiş, onun Nəriman Nərimanovun silahdaşı, həkim, səhiyyə naziri və hökumət rəhbəri olduğunu, 35 yaşında Azərbaycan hökumətinə rəhbərlik etdiyini və 50 yaşında güllələndiyini qeyd etmişdir. Rasim Musabəyov hesab etmişdir ki, əgər günahları olubsa, cəzasını çəkib və bu məsələni yenidən gündəmə gətirməyə ehtiyac yoxdur.

Parkın ətraf mühiti və ətrafındakı yollar dövri olaraq bəzi kommunal və texniki qəzalarla gündəmə gəlmişdir. Parkın yaxınlığından keçən yollarda və kommunikasiya xətlərində intensiv yağışlar və ya boru partlamaları səbəbindən torpaq çökmələri qeydə alınmışdır. 2023-cü ildə ərazidə nəqliyyat sıxlığını aradan qaldırmaq məqsədilə hərəkət təşkilində dəyişikliklər edilmişdir. Nazim Hikmət küçəsindən "İnşaatçılar" metro stansiyası istiqamətinə birbaşa hərəkət məhdudlaşdırılmışdır.

Parkda Azərbaycan bayrağı yerləşir. Dövlət Bayrağı Günündə parkda tədbirlər keçirilir.

İstinadlar

Kateqoriya:Bakı parkları Kateqoriya:Yasamal rayonu Kateqoriya:İctimai şəhər parkları Kateqoriya:1970-ci illərdə Azərbaycanda yarananlar