Pakizə İ.Tərzi (; ) — türk ginekoloqu.

Türkiyənin ilk ginekoloqu, ilk özəl doğum klinikasının təsisçisi və Bosfor boğazını üzərək keçən ilk qadın.

Həyatı Osmanlı imperiyası dövründə Ziraat Bankının Suriya üzrə baş direktoru olan İzzət Saltıq bəyin qızı Pakizə Tərzi, atasının vəzifəsini icra etdiyi Hələbdə dünyaya gəlib. 1912-ci ildə anadan olsa da, Tibb fakültəsinə daxil ola bilməsi üçün şəxsiyyət vəsiqəsində təvəllüdü 1909-cu il olaraq qeyd edilib və yaşı böyüdülüb.

Uşaqlıq illəri Şamda; dörd bacısı, anası, nənələri, əmiləri və dayıları ilə birlikdə yaşadığı böyük bir köşkdə keçib. Ailəsi 1918-ci ildə ingilislərin Şamı işğal etməsindən sonra Adanaya, Adananın fransızlar tərəfindən işğalından sonra isə Konyaya köçüb. Pakizə xanım orta məktəb diplomunu Konyadakı "Sörlər Məktəbi"ndən alıb.

Dəlibaş üsyanı zamanı bacısının vəfat etməsi və Konya Mərkəzi komandiri olan əmisi Mustafa Tevfiq bəyin əsir düşməsi səbəbilə Bursaya köçüblər. Lisey təhsilini Bursa Amerika Qız Kollecində tamamladıqdan sonra tibb sahəsinə yönəlib. Ailəsi Pakizənin təhsil alması üçün İstanbula köçüb. O, məhkəmə qərarı ilə yaşını böyüdərək Darülfünunda fizika və kimya elmləri üzrə təhsil almağa başlayıb. Cərrahiyyə və histologiya sahələrində təcrübə görüb. Prezident Mustafa Kamal Paşanın qız tibb tələbələrinin kəndləri görməsini istəməsi üzərinə hazırlanan layihə çərçivəsində üç həftə Anadoluda işləyib və qadınların problemlərini müəyyənləşdirməyə çalışıb. Bu təcrübə, onun ginekologiya sahəsini seçməsində böyük rol oynayıb.

1932-ci ilin yayında o, Bosfor boğazında keçirilən üzgüçülük yarışlarında iştirak edib. Bosfor boğazını üzərək keçən ilk qadın ünvanını qazanıb.

1932-ci ildə Darülfünun Tibb fakültəsindən məzun olan tərzi, Universitetin ilk qadın assistenti olaraq, Vilhelm Lipmanın rəhbərliyi ilə "Haseki Qadın xəstəlikləri Klinikası"nda fəaliyyətə başlayıb.

Qadın xəstəlikləri və doğum sahəsində təhsil aldığı müddətdə professor Lipman ilə bir çox əməliyyatda iştirak edərək, çətin müalicələrin öhdəsindən gəlib. İxtisasını bir il yarım ərzində tamamlayan Pakizə xanım, İstanbul Universiteti 1-ci Qadın Xəstəlikləri Klinikasının ilk qadın mütəxəssisi adını qazanaraq universitetdən ayrılıb. Sonrakı illərdə Cağaloğlunda şəxsi müayinəxanasını da açıb.

O, təhsil aldığı vaxtda tanış olub nişanlandığı Fəttah Tərzi ilə ailə qurub. Fəttah Tərzi, Mahmud Tərzinin oğlu, Əfqanıstan kralı Əmanullah xanın isə qayını idi. Üç ilə yaxın Romada yaşayan Tərzi, orada universitet diplomunu təsdiqlədərək, Tibb fakültəsində həkimlik edib. İlk övladının dünyaya gəlməsi üçün İstanbula qayıdan Pakizə Tərzi burada qalıb, işləyib.

Bir müddət Tibb fakültəsinin Histologiya kafedrasında dosent əvəzi kimi dərs deyib; 1939-cu ildə 1 saylı Mamalıq və Ginekologiya klinikasına mütəxəssis assistent olaraq təyin edilib. Universitetdəki fəaliyyətini davam etdirərkən özəl müayinəxanasını da açıb.

Tərzi, universitetdən ayrıldıqdan sonra öz müayinəxanasında fəaliyyətini davam etdirir və İstanbulun özəl xəstəxanalarında doğuşlar həyata keçirib. Ginekologiyaya olan ehtiyacı bilən Tərzi, 21 iyul 1949-cu ildə Şişlidə Türkiyənin ilk mamalıq və ginekologiya klinikasını açıb. Klinikada "heparin" adlanan dərmanın allergiya yaratdığının və qanqrenaya səbəb olduğunun müəyyən edilməsi ilə həm Türkiyə, həm də dünya mətbuatının diqqət mərkəzinə çevrilib. 1966-cı ildə Şişlidəki binanı boşaltmaq məcburiyyətində qalan Tərzi, klinikasını Nişantaşındakı yeni binaya köçürüb. 1998-ci ilə qədər klinikada aktiv fəaliyyət göstərərək, minlərlə insanın doğuşunu həyata keçirib.

Tərzi, Bursa Amerikan Kollecinin məzunları olan dostları ilə birlikdə "Heyvanları Qoruma Cəmiyyəti"ni, Müfidə Fərid Tək ilə birlikdə isə İstanbul "Soroptimist Cəmiyyəti"ni (1948) təsis edib. 25 il boyunca İstanbul Soroptimist Cəmiyyətinin sədri vəzifəsini icra edən Pakizə Tərzi həmçinin, "Türk Universitetli Qadınlar Cəmiyyəti"nin (1949) də təsisçilərindəndir.

Pakizə Tərzi xatirələrini 1993-cü ildə işıq üzü görən "Xatirələr" adlı kitabında yazıb. Ürəyindəki ritm pozuntusu səbəbindən ömrünün son illərinin böyük hissəsini evində keçirib. Pakizə Tərzi, 17 oktyabr 2004-cü ildə İstanbulda, Nişantaşındakı evində vəfat edib.

Onun klinikası bir müddət oğlu Mahmud Tarzi tərəfindən idarə edilsə də, klinikanın 2012-ci ildə rəhbərliyi dəyişmiş və "Özel Nişantaşı Hospital Pakize Tarzi" adı altında ümumi xəstəxana kimi fəaliyyət göstərməyə başlayıb.

Onun şəxsi arxivi İstanbulda yerləşən "Qadın Əsərləri Kitabxanası və Məlumat Mərkəzi Fondu"nda saxlanılır.

Ailəsi Pakize Tərzinin Fatma, Zeynəb və Mahmud adında üç övladı olub. Həyat yoldaşı vasitəsilə Əfqan xanədanına qohum olan Pakize Tərzi, qızı Zeynep Tərzinin, Sultan II Əbdülhəmidin nəvəsi Ərtoğrul Osman Osmanoğlu ilə ailə qurması nəticəsində Osmanlı xanədanı ilə də qohum olmuşdu.

İstinadlar

Kateqoriya:Qadın ilkləri