Serik Jumanqaliyeviç Sapiyev (; ) — Qazaxıstan siyasi xadimi, Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyinin İdman və Bədən Tərbiyəsi İşləri üzrə Komitəsinin sədri. Boksçu kimi 2005-ci və 2007-ci illər dünya çempionu, 2012-ci il olimpiya çempionudur. Qazaxıstan Respublikasının Əməkdar idman ustası, 2012-ci il Vel Barker Kubokunun sahibi və Qazaxıstan Respublikasının Əməkdar idman xadimidir. O, həmçinin 2024-cü ilin Qazaxıstan çempionu olmuşdur.
Həyatı Qazaxıstan Respublikasının Karaqanda vilayətinin Abay şəhərində anadan olmuşdur. Boksla 11 yaşından məşğul olmağa başlamışdır. Bir neçə ildən sonra Karaqanda şəhərindəki Aliyə Moldaqulova adına idman kollecinə (hazırda idmanda istedadlı uşaqlar üçün internat məktəbi) daxil olmuşdur. Üç il kollecdə təhsil aldıqdan sonra orta məktəbi bitirərək Abay şəhərinə qayıtmış və məşqlərini orada davam etdirmişdir.
E. A. Buketov adına Karaqanda Dövlət Universitetini, Karaqanda Dövlət Texniki Universitetini, həmçinin Qazaxıstan İdman və Turizm Akademiyasının magistraturasını bitirmişdir. Sapiyevin ailə üzvlərinin hamısı boksla məşğul olmuşdur. Bu idman növünə atası ilə yanaşı, qardaşları və bacısı da maraq göstərmişdir.
İdman karyerası Sapiyevin boks karyerası boyu məşqçisi SSRİ-nin beynəlxalq dərəcəli idman ustası, Qazaxıstan Respublikasının əməkdar məşqçisi və fəxri idman xadimi Aleksandr Strelnikov olmuşdur. Yalnız Karaqandadakı idman internatında oxuduğu üç il ərzində digər mütəxəssislərin rəhbərliyi altında məşq etmiş, daha sonra yenidən ilk müəlliminin yanına qayıtmışdır. 2005-ci ildə 60 kq çəki dərəcəsində Qazaxıstan çempionu olmuş və ölkənin milli yığmasına daxil edilmişdir.
İkiqat dünya çempionu (2005, 2007) və ikiqat Asiya çempionudur (2007, 2009). 2011-ci il dünya çempionatının gümüş, 2009-cu il dünya çempionatının isə bürünc mükafatçısı olmuşdur. 2010-cu ildə Asiya Oyunlarının qalibi adını qazanmış, 2004-cü ildə isə hərbçilər arasında dünya çempionu olmuşdur. Bir sıra nüfuzlu turnirlərin medallarına və mükafatlarına layiq görülmüşdür Pekində keçirilən 2008-ci il Yay Olimpiya Oyunlarında iştirak etmiş, burada 64 kq çəki dərəcəsində dörddəbir finalda 2004-cü ilin olimpiya çempionu Manus Buncomnonqa qarşı keçirdiyi mübahisəli döyüşdə məğlub olmuşdur. 2008-ci il Olimpiadasından sonra 69 kq çəki dərəcəsinə keçmişdir.
2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında yaponiyalı Yasuhiro Suzuki (25-11), venesuelalı Qabriel Maestre (20-9) və rusiyalı Andrey Zamkovoyu (18-12) məğlub etmişdir. Finalda yarışın ev sahibi britaniyalı Freddi Evans üzərində inamlı qələbə qazanaraq 69 kq çəki dərəcəsində olimpiya çempionu olmuşdur.
London Olimpiadasının nəticələrinə görə Serik Sapiyev 1936-cı ildən bu günədək Olimpiya Oyunlarının ən texnikalı boksçusuna verilən Vel Barker Kubokuna layiq görülmüşdür. Sapiyev olimpiya çempionları Vasili Jirov (1996) və Bəxtiyar Artayevdən (2004) sonra bu nüfuzlu mükafata sahib olan üçüncü Qazaxıstan təmsilçisi olmuşdur.
Əmək fəaliyyəti 2012-ci ildə "Respekt-idmançı" kateqoriyasında "İlin xalq sevimli" respublika ictimai mükafatının sahibi olmuşdur. 23 avqust 2013-cü il tarixindən etibarən YUNESKO-nun xoşməramlı səfiridir.
2013-cü ildə "Bolaşak" prezident beynəlxalq təqaüdünə layiq görülmüş və Brunel Universitetində idman menecmenti üzrə təhsil almışdır. Təhsilini 2014-cü ilin dekabr ayında başa vurmuşdur.
Təhsilini bitirdikdən dərhal sonra "Astana Arlans" yarımpeşəkar boks klubunun baş direktoru təyin edilmişdir. Klub rəhbəri kimi Ümumdünya Boks Seriyasında (WSB) iki dəfə uğur qazanmışdır. Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı seçilməsi ilə əlaqədar klubdakı vəzifəsindən ayrılmışdır.
28 fevral 2017-ci il tarixindən Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı olmuşdur.
Bir il sonra könüllü olaraq istefa vermiş və Məclis deputatı səlahiyyətlərindən imtina etmişdir. Bundan sonra Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyinin İdman və Bədən Tərbiyəsi İşləri üzrə Komitəsinin sədri vəzifəsini icra etmişdir.
2019-cu ilin iyun ayında Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Bədən Tərbiyəsi və İdman Şurasının sədri seçilmişdir.
2024-cü ilin noyabr ayında Karaqanda vilayətinin Bədən Tərbiyəsi və İdman İdarəsinə rəhbərlik etməyə başlamışdır.
2025-ci ildə Milli Surdolimpiya Komitəsinin prezidenti vəzifəsinə gətirilmişdir.
Ailəsi Atası — Jumanqali Dautoviç Sapiyev (1944–2020-ci illər), milliyyətcə qazaxdır, 35 il şaxtaçı işləmiş və ömrünün son illərində təqaüddə olmuşdur.
Anası — İrina Fominiçna Sapiyeva, milliyyətcə mariyalıdır, mühasib işləmiş və hazırda təqaüddədir.У олимпийского чемпиона марийские корни .
Sergey (1982-ci il təvəllüdlü) və Baxtay (1977-ci il təvəllüdlü) adında iki böyük qardaşı və Lyudmila adında kiçik bacısı vardır.
Əmisi Baxtay Sapeyev boks üzrə beynəlxalq dərəcəli idman ustasıdır. Digər əmisi Amantay Sapiyev sərbəst güləş üzrə SSRİ idman ustasıdır.
2014-cü ildə Sapiyevlər ailəsi "Mereyli otbası-2014" vilayət müsabiqəsində birinci yeri tutmuşdur.
Həyat yoldaşı Moldir Sapiyevadır (1986-cı il təvəllüdlü). Cütlüyün dörd qızı vardır: Akku (2011-ci il təvəllüdlü), Alua (29 dekabr 2012-ci il təvəllüdlü), Aysulu (2014-cü il təvəllüdlü) və 2020-ci il təvəllüdlü daha bir qızı.
Təltifləri Serik Sapiyev bir sıra dövlət mükafatları və fəxri adlarla təltif edilmişdir:
"Otan" ordeni (2012-ci il); "Parasat" ordeni (2008-ci il); Qazaxıstan Mesenatlar Klubunun "İdman" nominasiyası üzrə "Tarlan" mükafatı laureatı (2008-ci il); "Astananın 10 illiyi" yubiley medalı (2011-ci il); "Darın" dövlət mükafatı laureatı (28 dekabr 2012-ci il); "Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin 20 illiyi" yubiley medalı (2012-ci il); Karaqanda vilayətinin fəxri sakini (2012-ci il); "Mənim Qazaxıstanım" V Ümummilli Patriotlar Forumunun "Dünya tərəfindən tanınan Qazaxıstan" nominasiyası üzrə mükafatçısı (2012-ci il); İdman üzrə YUNESKO çempionu (2013-cü il); "Astananın 20 illiyi" medalı (2018-ci il).
Kinematoqrafiya 1 dekabr 2021-ci il tarixində rejissor Akan Satayevin Serik Sapiyevin həyat hekayəsinə həsr olunmuş "Boksçu" adlı qazaxıstan filmi nümayiş olunmuşdur. Ekran əsərində Serik Sapiyev rolunu kino aləmində debüt edən Smadiyar Sabırov canlandırmışdır.
İstinadlar
Xarici keçidlər «Олимп Звезды спорта» Серик Сапиев
Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:2012 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Boks üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Boks üzrə dünya çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib Qazaxıstan idmançıları Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:2006 Asiya Oyunları medalçıları Kateqoriya:2010 Asiya Oyunları medalçıları