Yapan () – Monteneqronun Andriyevitsa bələdiyyəsində yerləşən kənd. Yaponiya ilə olan ad oxşarlığı səbəbilə məşhurlaşmışdır.

Yerləşməsi Kənd Komovi dağının cənub-şərq yamacında, Andriyevitsadan 13 kilometr uzaqlıqda yerləşir.

Adlanması Kəndin adının mənşəyi mübahisəlidir və bununla bağlı bir neçə rəvayət mövcuddur. Bir versiyaya görə 1904-cü ildə Rus-yapon müharibəsi zamanı kənd əhalisinin bir qismi Rusiyanı dəstəkləmiş, bir qismi tərəfsiz qalmışdır. Bu səbəbdən kənd Yapan adını almışdır. Digər versiya Birinci Dünya müharibəsində Avstriya-Macarıstan imperiyasına qarşı döyüşmüş, kəndin sakini olmuş Samilo Fatiçlə bağlıdır. Fatiç Monteneqro kralı I Nikola tərəfindən medalla təltif olunarkən ondan kəndə su çəkilməsini xahiş etmişdir. I Nikola kəndin yerini soruşanda "çox uzaqda, Yaponiya qədər uzaqda" cavabını vermişdir. Bir başqa versiyada kəndin təbiətinin Yaponiya ilə oxşarlığı və günəşin erkən doğması qeyd olunur.

Kəndin bir sakininin versiyasına görə kəndin adı "sərhəd gözətçisi" mənasına gələn "iapanus" terminindən yaranmışdır. Bu versiyanın tarixi XIII əsrə qədər uzanır.

Yaponiya ilə əlaqələr Adı səbəbilə (ingilis dilinə transliterasiyada "Japan") bir çox yapon jurnalist və turist kəndi ziyarət etməyə gəlir. 2006-cı ildə Yaponiyanın Serbiya və Monteneqroya təyin olunmuş səfiri Tadaşi Naqay kəndi ziyarət etmişdir. Kəndin girişindəki lövhədə heroqliflərlə "日本" (Yaponiya) sözü yazılıb. 2011-ci ilin martında Yaponiyada baş verən Tohoku zəlzələsindən sonra kənd əhalisi dəstək məqsədilə Yaponiyaya 10.000 avro göndərmişdir.

2016-cı ildə kənddə Yaponiyanın Monteneqrodakı fəxri konsulluğu tərəfindən hədiyyə edilmiş 52 sakura ağacı əkilmişdir.

İstinadlar

Kateqoriya:Monteneqronun yaşayış məntəqələri Kateqoriya:Monteneqro–Yaponiya münasibətləri Kateqoriya:Adlandırma mübahisələri