Dennis Nikolas Mariya Berqkamp (; ) — niderlandlı keçmiş futbolçu, futbol məşqçisi. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş niderlandlı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı niderlandlıdır". Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur".
Berqkamp peşəkar karyerasına 1986-cı ildə yetirməsi olduğu "Ayaks"da başlayıb. 1993-cü ildə İtaliyanın "İnter Milan" klubuna keçib. Burada o, çoxda uğurlu olmayan 2 mövsüm keçirib. 1995-ci ildə İngiltərənin "Arsenal" komandasına transfer olunub. "Topçuların" heyətində üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə Federasiya Kubokunun qalibi olub. Berqkamp eyni zamanda 2006-cı ildə "Arsenal" klubu ilə Çempionlar liqasının finalına vəsiqə qazanıb, bu oyun onun karyerasında sonuncu oyun kimi də yadda qalıb.
Berqkamp "Arsenal" klubunun bütün tarixi ərzindəki ən yaxşı oyunçularının siyahısında yalnız Tyerri Anridən geri qalaraq ikinci pillədə qərarlaşıb. 2014-cü ildə Emirates stadionunun ətrafında Berqkampın şərəfinə heykəl ucaldılıb.
Berqkamp əsas milli komandada 1990-cı ildə debüt edib və onun heyətində 10 il çıxış edib. Millinin heyətində 1992, 1996 və 2000-ci illərdə UEFA Avropa Çempionatında, 1994 və 1998-ci illərdə isə FİFA Dünya Kuboku yarışlarında iştirak edib. 1998-ci ildə Berqkamp milli komanda tarixində ən çox qol vurmuş futbolçu tituluna sahib olub, daha sonra bu titul digər futbolçulara keçib. Hal-hazırda isə Berqkamp millidə vurulmuş qolların sayına görə dördüncü yerdədir, ondan öncə isə bu siyahıda Robin van Persi, Patrik Klüvert və Klaas-Yan Huntelaar yer alıblar.
Berqkamp iki dəfə, 1993 və 1997-ci illərdə Dünyada İlin Oyunçusu nominasiyasında üçüncü yeri tutub, həmçinin Pele tərəfindən yaradılmış FİFA 100 siyahısında yer alıb. Berqkamp İngiltərə çempionatı tarixinin ən yaxşı futbolçularından biri hesab olunur. 2007-ci ildə Berqkamp İngiltərə futbolunun şöhrət zalına daxil olub, bununla da o, bu şərəfə nail olan ilk və hələlik tək niderlandlı futbolçu kimi tarixə düşüb. Berqkampda aerofobiya olduğuna görə Arsenal tərəfdardarları tərəfindən ona "Uça bilməyən hollandiyalı" ləqəbi verilib.
Erkən illəri Berqkamp 10 may 1963-cü ildə Amsterdamda doğulub. O ailədə dörd uşaqdan ən balacası olub. Amsterdamın şəhər ətrafında, orta işçi sinfinin ailəsində böyüyüb. Atası elektrik olub, eləcə də futbolçu kimi həvəskər liqalarda çıxış edib.
Berqkamp şotland futbolçu Denis Lounun şərəfinə adlandırılıb. Adındakı əlavə "N" hərfinin yaranmasına səbəb, tələffüs edilərkən Denis adının qadın adı olan Denise ilə oxşar olması olub. Berqkamp katolik kimi böyüyüb və uşaq olarkən ailəsi ilə tez-tez kilsəyə gedib. 12 yaşı olarkən onu "Ayaks" klubunun seleksionerləri görüb və o klubun akademiyasında məşq etməyə başlayıb, buna qədər o, "Vilskraht" komandasında çıxış edib və hətta bu klubun heyətində özünün gələcək komandasına qarşıda oynayıb.
Klub karyerası
Ayaks: 1986–1993 thumb|left|175px|Berqkamp Ayaksın heyətində çıxış edərkən. Berqkamp "Ayaks" futbol məktəbində yetişib və 17 yaşından etibarən klubun heyətində çıxış etməyə başlayıb. Klubun baş məşqçisi Yohan Kroyff onu ilk dəfə heyətə 17 dekabr 1986-cı ildə "Roda" komandasına qarşı oynanılan matçda daxil edib. Oyun 2:0 hesabı ilə "Ayaks"ın xeyrinə başa çatıb. Berqkamp klubun heyətində ilk qolunu 22 fevral 1987-ci ildə "Harlem"ə qarşı keçirilən oyunda vurub. Həmin oyunda "Ayaks" rəqibinə 6:0 hesabı ilə qalib gəlib. Berqkamp 1986–87 mövsümündə 23 çempionat oyununda meydançaya çıxıb və 2 qol vurub. Eyni zamanda o mövsüm ərzində Kuboklar kubokunda İsveçin "Malmö"komandasına qarşı keçirilmiş oyunda beynəlxalq arenada debüt etmiş olub. "Ayaks" bu turnirin finalına vəsiqə qazanmağı bacarıb, final oyununda isə "Ayaks" Leypsiq şəhərinin "Lokomotiv" klubunu 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub, Berqkamp final oyununa əvəzetmədən sonra daxil olub.
Növbəti mövsümlərdə Berqkamp klubun əsas heyət oyunçusu kimi möhkəmlənməyi bacarıb. 1989-cu ildən 1992-ci ilə qədər "Ayaks" 4 titula sahib olub, 1990–91 mövsümündə Berqkamp 36 çempionat oyununda meydançaya çıxmış və 29 qol vurmuşdur. 1992-ci ildə "Ayaks" finalda İtaliyanın "Torino" klubunu məğlub etməklə UEFA Kubokunun qalibi olub. Daha sonra ölkə kubokunun finalında "Herenven" klubuna qalib gəlməklə ölkə kubokuna sahib olub.
Berqkamp 1991-ci ildən 1993-cü ilə qədər Niderland çempionatının ən məhsular futbolçusu olub, həmçinin 1990-cı ildə Niderlandda ilin futbol istedadı, 1991 və 1992-ci illərdə isə ilin ən yaxşı futbolçusu adına sahib olub. "Ayaks"dakı bütün karyerası ərzində Berqkamp 239 oyunda meydançaya çıxmış və 122 qol vurmağı bacarmışdır.
İnter Milan 1993–1995 Berqkamp "Ayaks"da keçirdiyi uğurlu mövsümlərdən sonra bir sıra Avropa nəhənglərinin diqqətini özünə çəkməyi bacarmışdı. "Ayaks"ın baş məşqçisi Yohan Kroyff ona, onunla maraqlanan klublardan biri olan Madridin "Real" komandasına keçməməyi məsləhət görüb. Berqkamp özü İtaliyada oynamaq istəyirdi. O, İtaliya A Seriyasını dünyanın ən güclü çempionatı hesab edirdi və "Yuventus" yaxud "İnter Milan" klublarından birinə keçmək istəyirdi. 16 fevral 1993-cü ildə "İnter Milan" Berqkampı "Ayaks"dan 7,1 milyon funta almağa razılaşdı. Transfer rəsmiləşdikdən sonra Berqkamp bildirmişdir ki, mənim üçün mühüm olan stadion, klubdakı adamlar və komandanın sərgilədiyi oyun üslubudur. thumb|right|200px|Berqkamp — 1993–94 UEFA Kubokunun qalibi. Berqkamp "İnter"də debüt oyununa 29 avqust 1993-cü ildə San Siroda "Reccina" ilə keçirilən oyunda çıxıb, bu oyunda "İnter" rəqibinə 2:1 hesabı ilə qalib gəlib. O, klubda ilk qolunu 1993-cü ilin sentyabrında "Kremoneze" komandasının qapısına vurub. Ancaq ona italyan müdafiəçilərə qarşı oynamaq çətin idi və bunun nəticəsi idiki o, ilk mövsümündə İtaliya A Seriyası-nda cəmi 8 qol vurmağı bacarmışdı. Bu həmçinin onunla əlaqədar idi ki, ona hücumda kömək edə biləcək yüksək səviyyəyə malik hücumcu tərəfdaşı yox idi. O hücumda Ruben Sosa və Salvatore Skilaççi ilə birgə çıxış edirdi.
1994-cü ilin fevralında klubun baş məşqçisi olan Osvaldo Banolini istefaya göndərildi. Onu 1982-ci il dünya çempionatında İtaliya millisinin heyətində dünya çempionu olmuş Campero Marini əvəz etdi. "İnter" 1993–94 mövsümündə çempionatı 13-cü sırada bitirdi, ancaq buna baxmayaraq həmin mövsümdə Avstriyanın "Zalsburq" klubunu həm evdə, həm də səfərdə 1:0 hesabı ilə məğlub edərək UEFA Kubokunun qalibi oldu. Berqkamp 8 qol vurmaqla turnirin ən məhsuldar futbolçusu oldu, həmçinin Rumıniyanın "Rapid Buxarest" klubuna qarşı oynanılmış oyunda het-trik etməklə də yadda qaldı.
"İnter" 1994–95 mövsümünə yeni baş məşqçi ilə başlayıb. Klub rəhbərliyi komandanın sükanını Bianki Ottavioya həvalə edib. Berqkamp mövsümü sönük keçirib, buna səbəb kimi onun 1994-cü il dünya çempionatında iştirak etməsi göstərilib. O, mövsüm ərzində 26 çempionat oyununa çıxmış və rəqib qapılarından cəmi 3 top keçirməyi bacarmışdı. Meydandan kənar dönəmdə isə onun İtaliya mətbuatı və klubun azarkeşləri ilə işləri qaydasında getmirdi. Bəzi italyan qəzetləri onun oyununun pis olduğunu qeyd edirdilər. "İnter" çempionatda mövsümü altıncı sırada bitirdi. Klub UEFA Kubokunu özündə qoruya bilmədi, "İnter" elə birinci mərhələdəcə oyunsonrası penaltilər seriyasında İngiltərənin "Aston Villa" klubuna uduzaraq turniri tərk etdi.
1995-ci ilin fevralında "İnter"i, klubun heyətini yeniləməyə qərar verən italiyalı biznesmen Massimo Moratti aldı. Hücumçu mövqeyinə Maurisio Qançın transfer olunmasından sonra isə Berqkamp əsas heyətdəki yerini itirdi və bundan sonra o klubu tərk etmək istədiyini bəyan etdi.
Arsenal 1995–2006 Morattinin klubun heyətini yeniləmək fikrini qətiləşdirməsindən sonra Berqkamp klubu tərk etdi və 1995-ci ilin iyununda 7,5 milyon funta Londonun "Arsenal" klubuna transfer olundu. O klubun baş məşqçisi Brüs Riok tərəfindən transfer olunan ilk oyunçu oldu.
Berqkamp İngiltərədəki debüt oyununa 1995–96 mövsümünün açılış günündə "Midlsbro" klubuna qarşı oynanılan görüşdə çıxıb. Berqkampın İngiltərə futboluna uyğunlaşması uzun vaxt alıb, o klubun heyətində ilk qolunu yalnız 6 oyundan sonra vura bilib. Bu qol 1995-ci il sentyabrın 23-də "Arsenal"ın ev oyunlarını keçirdiyi Hayberi stadionunda "Sauthempton" komandasına qarşı keçirilən oyunda baş verib. İngiltərədəki ilk mövsümündə Berqkamp 33 çempionat oyununda iştirak edib və 11 qol vurmağı bacarıb. "Arsenal" mövsümü beşinci yerdə bitirib və növbəti mövsüm UEFA Kubokunda iştirak etmək hüququ əldə edib.
1996-cı ilin sentyabrında Arsen Venger klubun yeni baş məşqçisi təyin olundu. Vengerin kluba baş məşqçi təyin olunması Berqkampın karyerasında dönüş nöqtəsi oldu. Venqer Berqkampı mərkəz hücumçusu mövqeyində istifadə edirdi. 24 noyabrda "Tottenhem Hotspur"a qarşı oynanılan görüşün 90-cı dəqiqəsində Berqkamp qol vuraraq komandasına qələbə qazandırıb. Mövsüm ərzində çox forma geyinmək şansı tapmasa da, Berqkamp 12 qol və 13 qol ötürməsi etməklə yadda qalıb.
11 yanvar 1997-ci ildə "Sanderlend"lə keçirilən oyunun 26-cı dəqiqəsində rəqib komandanın yarımmüdafiəçisi Pol Breysuell ilə hava mübarizəsi zamanı qayda pozuntusu etdiyinə görə Berqkamp karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. "Arsenal" bu görüşdə 0:1 hesabı ilə məğlub olub. Ancaq klubun mövsümdəki son 16 oyunun səkkizindən qalib ayrılması onlara çempionatı üçüncü yerdə bitirməyə imkan verib. Klub yalnız qol hesabındakı fərqə görə Çempionlar Liqasında iştirak etmək hüququndan məhrum olub.
thumb|left|200px|Berqkamp 2001-ci ildə Arsenalın heyətində çıxış edərkən. Baxmayaraq ki, bir çox mütəxəssislər növbəti mövsümdə favorit komanda kimi "Mançester Yunayted" klubunu görürdülər, ancaq "Arsenal" həm ölkə çempionluğunu, həm də ölkə kubokunu qazanmağı bacarıb. Komandanın bu uğurlarında Berqkampın böyük rolu olub, beləki o, 22 qol vurmaqla komandasının ən məhsuldar futbolçusu olub.
23 avqust 1997-ci ildə Berqkamp "Lester Siti" ilə oynanılan görüşdə "Arsenal"ın heyətində ilk het-trikini edib. O, bu oyunda vurduğu üçüncü qolunu "Arsenal"ın formasında vurduğu ən gözəl qolu olduğunu bildirib. Oyundan sonra Lesterin baş məşqçisi Martin О’Nil bu het-triki onun həyatında gördüyü ən yaxşı het-trik olduğunu söyləyib.Palmer (2008), p. 73.
1998-ci il martın 17-də "Vesthem Yunayted"ə qarşı oynanılan ölkə kubokunun dörddəbir final mərhələsinin cavab qarşılaşması zamanı Berqkamp rəqib komandanın oyunçusu Stiv Loması dirsəklə vurduğuna görə meydançadan qovulub və üç oyunluq cəza alıb.
29 aprel 1998-ci ildə "Derbi Kauntri" ilə oynanılan oyun zamanı Berqkamp zədə alıb və mövsümün sonunadək sıradan çıxıb. Zədə səbəbindən o həmçinin ölkə kubokunun final oyununu da buraxmalı olub. İlin yekunlarına görə Berqkamp PFA və FJA-nın versiyalarına görə çempionatın ən yaxşı futbolçusu seçilib.
Niderland millisi ilə uğurlu keçən 1998-ci il dünya çempionatından sonra Berqkamp "Arsenal" ilə də uğurlu sayıla biləcək mövsüm keçirib. Baxmayaraq ki, klub ölkə çempionluğu titulunu özündə saxlaya bilməyib və sonuncu turda gələcək çempion "Mançester Yunayted"ə məğlub olub. Berqkamp çempionat oyunlarında 12 qol vurub və komandasının Nikolas Anelkadan sonra ikinci ən məhsuldar futbolçusu olub.