Səttar Suliddin oğlu Möhbalıyev () — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sabiq sədri, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V, VI, VII çağırış deputatı.

Həyatı Səttar Möhbalıyev 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980–1993-cü illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır. 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir. Eyni zamanda, 2006-cı ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsininin sədridir.

İqtisad elmləri doktoru, professordur. Evlidir, üç övladı var.

İctimai-siyasi fəaliyyəti 1992-ci ildə S. Möhbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədilə təşkilat komissiyası yaradılmış və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilmişdir. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S. Möhbalıyev AHİK-in sədri seçilmişdir. 1998, 2003, 2008, 2013, 2018-ci illərdə AHİK-in I, II, III, IV və V qurultaylarında yenidən bu vəzifəyə seçilmişdir. 2006-cı ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının Məclisində İttifaqın sədri seçilmişdir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) 2014-cü il mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində keçirilmiş 3-cü qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S. Möhbalıyev qurumun vitse-prezitenti seçilmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının tərkibinə daxil edilib.

Mükafatları "Şöhrət" ordeni; Ümumhəmkarlar İttifaqları Konfederasiyasının gümüş medalı; Rusiya Federasiyasının Rabitə İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qızıl ordeni; Neftqaztikinti həmkarlar ittifaqları Beynəlxalq Federasiyasının diplomu və mükafatı.

İstinadlar

Xarici keçidlər Səttar Mehbalıyev — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi saytında

Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrləri