İbrahim xan Qovanlı-Qacar () — Qacarlar sülaləsinin tanınmış dövlət xadimi. O, əsasən 1803–1824-cü illərdə Kirman vilayətinin valisi kimi tanınır. Eyni zamanda şair olmuş və "Toğrul" təxəllüsü ilə farsca şeirlər yazmışdır.
Həyatı İbrahim xan Qacarlar sülaləsinin Qovanlu (Qoyunlu) qoluna mənsub idi. Onun atası Mehdiqulu xan, Qacar hökmdarı Ağa Məhəmməd şahın qardaşı və Fətəli şahın əmisi idi. Anası Asiyə xanım isə Məhəmməd xan Qavanlunun qızı idi. Atası 1783-cü ildə Astarabad mühasirəsi zamanı həlak olmuşdur. İbrahim xan o zaman uşaq yaşlarında idi. Bundan sonra Ağa Məhəmməd xan onun anası ilə evlənmiş və İbrahim xanı Fətəli şah və Hüseynqulu xanla birlikdə böyütmüşdür. 1791-ci ildə o, Fətəli şahın böyük qızı Hümayun Sultanla evlənmişdir. Fətəli şah hakimiyyətə gəldikdən sonra ona "Zahirəd-Dövlə" və "İbrahim xanı Əmu" ünvanlarını vermiş, onu Xorasanın valisi təyin etmişdir.
Kirman valiliyi 1803-cü ildə Kirman valisi təyin olunan İbrahim xan bölgənin sosial-iqtisadi infrastrukturunun bərpasında mühüm rol oynamışdır. Əvvəlki illərdə Ağa Məhəmməd şahın hərbi yürüşləri nəticəsində dağılmış Kirman şəhəri İbrahim xanın fəaliyyəti dövründə sabitlik və dirçəliş mərhələsinə qədəm qoymuşdu. O, bölgənin vergidən müvəqqəti azad olunması üçün şahdan icazə almış və ətraf bölgələrdən əhali köçürərək Kirmanda məskunlaşdırmışdır.
Vəfatı 1824-cü ildə İbrahim xan böyük oğlu Abbasqulu Mirzəni Kirman, digər oğlu Rüstəm xanı isə Bəm şəhərində naib təyin etmiş və saray tədbirində iştirak etmək məqsədilə paytaxt Tehrana getmişdir. O, burada xəstələnmiş nəticədə vəfat etmişdir. Müasirlərin yazdığına görə, İbrahim xan "cavan, xoşxasiyyət və mehriban bir şəxs" idi.
Ailəsi İbrahim xanın törəməsi Əmiribrahimi soyadını daşıyır. İbrahim xan öncə bir neçə arvadla, sonra Fətəli şahın qızı Hümayun Sultan xanımla ailə qurmuşdu. Məhəmmədkərim xan, Məhəmmədrəhim xan, Zeynalabdin xan, Nəsrulla xan, Rüstəm xan, Xosrov xan, Musa xan, Ismayıl xan, Şahrux xan, Əsədulla xan, Əliməhəmməd xan, Əliqulu xan, Isa xan, Məhəmmədtağı xan, Qulamhüseyn xan, Qulaməli xan, Məhəmmədhəsən xan, Əbdürrəhim xan, Ələkbər xan, Bəhram xan, şahzadədən isə Əmir Abbasqulu xan, Əmir Əbülfət xan adlı oğulları vardı.
Ədəbiyyat
Əlavə ədəbiyyat
Həmçinin bax Qacarlar
İstinadlar
Kateqoriya:İran Qacarları