thumb|upright=1.1|Günəbaxanlar (F.458), sarı arxa fonlu 4-cü versiyanın təkrarı, 1889-cu ilin avqustu. Van Qoq muzeyi, Amsterdam thumb|upright=1.2|Qarğalarla taxıl sahəsi, 1890-cı il. Van Qoq muzeyi, Amsterdam
Vinsent Villem van Qoq (; ) — holland postimpressionist rəssam. O, ölümündən sonra qərb incəsənət tarixinin ən görkəmli simalarından birinə çevrildi. Həyatda olduğu zaman yalnız 1 əsəri satılmışdır. Rəssamın 10 il ərzində yaratdığı təxminən 2100 sənət əsərinə peyzaj, natürmort, portret və avtoportretlər daxildir. O, 860 yağlı boya rəsminin əksəriyyətini ömrünün son iki ilində çəkib. Aydın rəng çalarları və Vinsentin fırçadan özünəməxsus istifadə tərzi ilə xarakterizə olunan bu rəsm əsərləri müasir incəsənətin təməl daşları hesab olunur. Bütün bunlara baxmayaraq, rəssam həyatı boyunca daim maddi çətinlik içində yaşadı, uzun illər ruhi xəstəlik, depressiya və yoxsulluqdan əziyyət çəkdikdən sonra 37 yaşında vəfat etdi.
Yuxarı-orta təbəqəyə mənsub bir ailədə dünyaya gəlmiş Vinsent ciddi, sakit və düşüncəli bir uşaq idi. Uşaqlığında şəkil çəkməklə məşğul olan Vinsent gənclik illərində tez-tez səyahət etdi və incəsənət dileri kimi fəaliyyət göstərdi. Londona transfer olunduqdan sonra depressiyaya düşdü, daha sonra, dinə üz tutdu və cənubi Belçikada vaxtını protestant missioner olaraq keçirdi. Xəstə və tənha Vinsent 1881-ci ildə rəssamlığa maraq salmazdan əvvəl evinə, valideynlərinin yanına gətirildi. Gənc qardaşı Teo ona maddi baxımdan yardım göstərdi və onlar uzun illər məktublaşaraq daim ünsiyyətdə oldular. Əksəriyyəti natürmort və kəndli işçilərin təsvirlərindən ibarət olan erkən yaradıcılıq işlərində parlaq rəng tonlarının az olması onları rəssamın sonrakı rəsmlərindən fərqləndirirdi. 1886-cı ildə o, Parisə köçdü, Emil Bernar və Pol Qogen də daxil olmaqla, avanqard üslubun impressionizmin həssasiyyətinə qarşı çıxan bir sıra nümayəndəsi ilə tanış oldu. Getdikcə özünü inkişaf etdirən Van Qoq artıq natürmort və peyzaj çəkərkən onlara yeni baxış bucağından yanaşırdı. 1888-ci ildə, Fransanın cənubunda, Arlda yaşayarkən fərqinə vardığı və təkmilləşdirdiyi üslubdan istifadə etməyə başladıqdan sonrakı rəsmləri rəng çalarlarının parlaqlığı ilə seçilirdi. Bu müddət ərzində zeytun ağacları, buğda tarlası və günəbaxanların təsvir olunduğu çoxlu rəsm əsəri yaradaraq yaradıcılığının mövzusunu daha da genişləndirdi.
Psixotik epizod və deluziyalardan əziyyət çəkən Vinsent ruhi sağlamlığına görə narahat olsa da, fiziki sağlamlığına heç vaxt fikir vermir, düzgün qidalanmır və tez-tez spirtli içkləridən istifadə edirdi. Sol qulağının bir hissəsini kəsmiş Vinsenti əlində ülgüclə gördükdən sonra Pol Qogenin onunla olan dostluğu sona çatdı. O, Sen-Remidə yaşadığı period da daxil olmaqla, bir müddət ruhi xəstəxanalarda qaldı. Daha sonra, Paris yaxınlığındakı Over-syür-Uaza köçdü və homeopatik həkim Pol Qaşe onun qayğısına qaldı. Hələ də depressiyadan əziyyət çəkən Vinsent 1890-cı il 27 iyulda Lefoşe markalı tapança ilə özünü sinəsindən güllələdi. Yaralı halda olan rəssam iki gün sonra vəfat etdi.Le revolver avec lequel Van Gogh se serait mortellement blessé en vente à Paris in Le Figaro 2 April 2019
Van Qoq yaşadığı müddət ərzində uğur qazanmadı və bacarıqsız bir dəli hesab olundu. O, intiharından sonra məşhurlaşdı, insanların nəzərində "səhv başa düşülmüş dahi"yə yaxud "dəlilik və yaradılıcığı özündə birləşdirən rəssam"a çevrildi. Vinsentin populyarlığı 20-ci əsrin əvvəllərində, onun rəsm əsərlərində istifadə etdiyi ünsürlər fovistlər və alman ekspressionistləri tərəfindən mənimsənilməyə başladıqdan sonra daha da artdı. Sonrakı onilliklər ərzində o, dünyanın bir çox yerində böyük tənqidi və ticari uğur əldə etdi. Bu gün rəsmləri dünyanın ən bahalı rəsm əsərləri arasında yer alan və incəsənət tarixinin ən vacib rəssamlarından biri olaraq tanınan Van Qoq öz faciəvi həyatı ilə eyni zamanda ideal "iztirab çəkmiş rəssam" obrazıdır. Amsterdamda Vinsentin adını daşıyan Van Qoq muzeyi onun yaratdığı sənət əsərlərinin ən böyük kolleksiyasına ev sahibliyi edir.
Məktubları
Vinsent haqda ən əsas və etibarlı mənbə qardaşı Teo ilə bir-birilərinə göndərdikləri məktublardır. İki qardaşın ömür boyu davam edən dostluğu, Vinsentin düşüncələri və incəsənət haqdakı nəzəriyyələri onların 1872–1890-cı illər ərzində bir-birinə yazdığı yüzlərlə məktubda öz əksini tapır. İncəsənət dileri olan Teo ömrünün sonuna qədər Vinsentdən maddi və mənəvi dəstəyini əsirgəmədi, onu müasir incəsənətin görkəmli simaları ilə tanış etdi.
Teo Vinsentin bütün məktublarını saxlasa da, qardaşı eynisini etməmişdir. Hər ikisinin vəfatından sonra Teonun yoldaşı Yohanna bu məktubları nəşr etdirməyə nail oldu. Məktubların az bir hissəsi 1906 və 1913-cü ildə, böyük əksəriyyəti isə 1914-cü ildə çap olundu. Vinsentin ifadəli yazı tərzi və "gündəlik yazan birinə xas səmimiyyəti" ilə xarakterizə olunan məktublar hissə-hissə yazılmış avtobioqrafiya təsiri bağışlayır. Tərcüməçi Arnold Pomerans bu məktubların nəşrinin "Van Qoqdan başqa demək olar heç bir rəssamın bizə bəxş etmədiyi Vinsentin rəssamlıq uğuru anlayışına yeni bir ölçü qazandırdığını" deyib.
Vinsentdən Teoya gələn məktubların sayı 600-dan çox olsa da, Teonun Vinsentə yazdığı məktublardan geriyə təxminən 40-ı qalıb. Bundan əlavə, Vinsentin məktublarına bacısı Vil van Qoqa yazdığı 22, rəssam Anton van Rapparda yazdığı 58, Emil Bernara yazdığı 22 məktub, bundan əlavə, Pol Sinyak, Pol Qogen və tənqidçi Qabriel Alber Oreyə göndərdiyi tək-tək məktublar da daxildir. Bəzilərində rəssamın çəkdiyi eskizlərin də yer aldığı məktubların çoxunda tarix qeyd olunmasa da, tarixçilər onların xeyli hissəsini xronoloji ardıcıllıqla sıralaya biliblər. Bununla belə, xüsusən Arldan göndərilmiş məktubların tarixi və transkripsiyası ilə bağlı problemlər hələ də qalmaqdadır. Arlda olarkən göndərdiyi təxminən 200 məktub holland, fransız və ingilis dillərində yazılıb. Vinsentin bir müddət Parisdə Teo ilə yaşaması iki qardaşın məktublaşmasına olan ehtiyacı aradan qaldırdığından, onun həyatının bu mərhələsinə aid məlumatlarda müəyyən boşluqlar var.
Vinsent məktublarında yaxşı məvacibi olan fransız rəssam Jül Bretonun adını tez-tez çəkib. O, 1875-ci ildə Teoya yazdığı məktublarda Bretonu gördüyünü qeyd etmiş, onun Salondakı rəsmləri haqda danışmış və Bertonun kitablarından birini qaytarmaq şərti ilə ona göndərə biləcəyini demişdir. 1884-cü ilin martında Rapparda yazdığı məktubunda bir tablosunu Bretonun şeirindən təsirlənərək çəkdiyini qeyd etmiş, 1885-ci ildə onun Torağayın mahnısı adlı məşhur əsərini "yaxşı" hesab etdiyini bildirmişdir. 1880-ci ildə Bretonla tanış olmaq üçün 10 kilometr piyada yol qət edib Kuryer kəndinə getsə də, yəqin ki, Bretonunun uğurundan və (və ya) malikanəsini əhatə edən hündür divardan çəkinərək, varlığını hiss belə etdirmədən geri qayıtmışdır. Belə görünür ki, Breton Vinsentin kim olduğundan və onun yanına gəlməyə cəhd etməsindən xəbərsiz olub. İki rəssamın bir-birinə göndərdiyi heç bir məktub aşkarlanmayıb və Breton 1891-ci ildə yazdığı Rəssamın həyatı adlı avtobioqrafiyasında müasir rəssamlardan bəhs edərkən Vinsentin adını çəkməyib.
Həyatı
Erkən həyatı
Vinsent Villem van Qoq 1853-cü il 30 martda Hollandiyada, əhalisinin əksəriyyətini katoliklərin təşkil etdiyi Şimali Brabant əyalətinin Qrut-Zyundert məntəqəsində anadan oldu. O, reformasiya olunmuş holland kilsəsinin keşişi Teodor van Qoq (1822–1885) və yoldaşı Anna Kornelia Karbetin (1819–1907) sağ qalmış ən böyük övladı idi. Van Qoq babasının və özündən düz bir il qabaq ölü doğulmuş qardaşının adını daşıyırdı. Vinsent Van Qoqlar ailəsində çox istifadə olunan ad idi: onun Vinsent (1789–1874) adlı babası 1811-ci ildə Leyden Universitetində teologiya üzrə təhsilini tamamlamış və altı övladından üçü incəsənət dileri olmuşdur. Valideynləri Van Qoqa bu adı atasının heykəltaraş olan əmisi Vinsentin (1729–1802) şərəfinə də qoymuş ola bilər.
Van Qoqun anası Haaqadakı imkanlı bir ailənin qızı idi və atası keşinin ən kiçik oğlu idi. O, gələcək həyat yoldaşı ilə kiçik bacısı Kornelia Teodorun böyük qardaşı Vinsent (Sent) ilə evlənəndə tanış oldu. Onlar 1851-ci ilin mayında evlənib Zyundertə köçdü. Vinsentin kiçik qardaşı Teo 1857-ci il 1 mayda dünyaya gəldi. Onun daha bir qardaşı (Kor) və üç bacısı (Elizabet, Anna və Vil olaraq tanınan Villemina) vardı. Sonrakı həyatında Vinsentin sadəcə Villemina və Teo ilə əlaqəsi qaldı. Çox sərt və dindar qadın olan Anna Kornelia ailənin əhəmiyyətini ətrafındakı insanlarda klaustrofobiya yaradacaq qədər çox vurğulayırdı. Teodorun maaşı çox olmasa da, kilsə ailəni ev, qulluqçu, iki aşpaz, fayton və atla təmin etmiş, Anna isə öz növbəsində uşaqlarına ailənin yüksək sosial mövqeyini qorumaq vəzifəsi vermişdi.
Van Qoq ciddi və düşüncəli uşaq idi. Təhsili ilə əvvəlcə anası və mürəbbiyəsi məşğul oldu 1860-cı ildə isə kənd məktəbinə getdi. 1864-cü ildə Çevenberqendəki yatılı məktəbə göndərilən Van Qoq burada özünü tərk edilmiş hiss etdi və evə qayıtmaq üçün mübarizə apardı. Bununla belə, 1866-cı ildə o, orta məktəb təhsili almaq üçün Tilburqa göndərildi və orada da özünü həddən artıq qəmgin hiss edirdi. Onun incəsənətə olan marağı gənc yaşda başlamışdı. Hələ uşaq ikən anası onu şəkil çəkməyə həvəsləndirirdi. Onun ilk rəsmləri təsir gücünə malik olsalar da, özlərində Vinsentin sonradan yaratdığı sənət nümunələrinə xas olan dərinliyi ehtiva etmirdilər. Parisin tanınmış rəssamlarından olan və Tilburqdakı tələbələrə dərs keçən Konstant Kornelis Huismans əşyaları, xüsusən də, gündəlik istifadə olunan əşyaları və təbiəti təqlid etmək metodunu rədd edirdi. Van Qoqun sonsuz kədəri üzərində onsuz da az təsir gücü olan dərslərinə diqqət yetirməsinə imkan vermədi. 1868-ci ilin martında o, qəflətən evə qayıtdı. Rəssam sonralar gəncliyinin "sərt, soyuq və bəhrəsiz" keçdiyini yazıb.
1869-cu ilin iyulunda əmisi Sent Vinsent üçün "Qupil" firmasının Haaqadakı ofisində bir iş təşkil etdi. 1873-cü ildə təlimini tamamladıqdan sonra firmanın Sauthempton küçəsində yerləşən London filialına transfer olundu və Stokueldə, 87-ci Hekford Yolu ünvanında yaşadı. Bu vaxtlar Van Qoqun həyatının xoşbəxt dövrləri idi; sadəcə 20 yaşında olan və işində yetərincə uğur qazanan Vinsentin gəliri atasından çox idi. Teonun yoldaşı sonralar qeyd edib ki, həmin il Van Qoqun həyatının ən yaxşı ili idi. Ev sahibəsinin qızı Ursula Lauyeyə aşiq olan Vinsent hisslərini etiraf etdikdən sonra rədd cavabı aldı; Ursula gizlincə əvvəlki kirayəçi ilə nişanlanmışdı. Bundan sonra o, daha da özünə qapandı və dinə maraq göstərməyə başladı. Atası və əmisi 1875-ci ildə onun Parisə transferini təşkil etdilər, lakin onların incəsənəti əmtəələşdirdiyini düşünən Vinsent bir il sonra işdən çıxarıldı. thumb|left|Van Qoqun Kyusmisdəki evi. O, bu evdə rəssam olmağa qərar vermişdi. O, 1876-cı ilin aprelində İngiltərəyə qayıtdı və bir müddət Ramsheytdə kiçik bir yatılı məktəbdə əvəzedici müəllim kimi pulsuz işlədi. Sahibkar Midlseksə, Aylvort şəhərinə gedəndə Vinsent də onunla birlikdə getdi. Bu plan yolunda getməsə də, o, metodik məktəbdə nisbətən yaxşı bir iş tapıb keşiş köməkçisi oldu. Bu müddət ərzində onun valideynləri Ettenə köçmüşdü; 1876-cı ildə Milad bayramı vaxtı altı aylıq evə qayıdan Vinsent Dordrextdə bir kitab dükanında satıcı kimi işə başladı. O, işindən məmnun deyildi, vaxtını cızma-qara edərək və ya Bibliyanın bəzi hissələrini ingilis, fransız və alman dillərinə tərcümə edərək keçirdi. Bütün fikrini dinə yönəldən Vinsent getdikcə daha dindarlaşdı və keşişlərə bənzəməyə başladı. Həmin vaxtlar otaq yoldaşı olan Paul van Qörlitzin sözlərinə görə, o, ət yeməkdən imtina edib çox sadə şeylərlə qidalanırmış.