Əsildar bəy Muğanlı və ya Əsildar bəy Ağabababəyov-Muğanlinski () — azərbaycanlı hüquqşünas, Cümhuriyyət tələbəsi, repressiya qurbanı.
İrəvan Kişi Gimnaziyasında və Leypsiq Universitetində təhsil alıb. Almaniyada taldığı dövrdə Azərbaycanlı Tələbələr İttifaqının üzvü, bir müddət isə rəhbəri olub. 1928-ci ildə Azərbaycan SSR-yə qayıdıb. SSRİ Dövlət Bankının Azərbaycan kontorunda müxtəlif vəzifələrdə işləyib. Bakıda fəaliyyət göstərən bir neçə ali məktəbdə alman dili müəllimi kimi fəaliyyət göstərib. Azərbaycanda Stalin reprresiyaları dövründə ilk dəfə 1933-cü ildə daha sonra isə 1935-ci ildə həbs olunub. Məhkəmənin qərarı ilə əvvəlcə Daşkəndə daha sonra isə Karaqanda vilayətinə sürgün edilib. 1957-ci il sentyabrın 3-də bəraət alıb.
İrəvanlı hüquqşünas, kollej müşaviri, Cənub-Qərbi-Qafqaz Cümhuriyyətinin ədliyyə naziri, Azərbaycan Cümhuriyyəti dövründə Gəncə Dairə Məhkəməsinin sədri Abbasəli bəy Ağabababəyovun oğludur.
Həyatı
İlk illəri 250px|thumb|left|Əsildar bəy Muğanlı, Bəhram Abdinov və Məhəmməd Rəhimli. 1920-ci illər Almaniya. Əsildar bəy Abbasəli bəy oğlu Ağabababəyov-Muğanlinski 1900-cü il sentyabrın 14-də İrəvanda anadan olub. 1909-cu il sentyabrın 15-dən 1918-ci il aprelin 7-dən İrəvan Kişi Gimnaziyasında təhsil alıb.
1918-ci il 28 may tarixində Azərbaycan Cümhuriyyəti qurulub. 1919-cu ildə Əsildar bəy ailəsi ilə birlikdə İrəvandan Gəncə şəhərinə köçüb. Bir neçə ay Gəncədə Sülh Məhkəməsində katibin köməkçisi kimi işləyib. Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul etdi. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edildi. Əsildar bəy də ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin ilk hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıblar. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb. Sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. Əsildar bəy Almaniyaya gedib əvvəlcə Berlin Universitetinin hüquq fakültəsinə daxil olub. Bir semestr təhsil aldıqdan sonra isə təhsilini Leypsiq Universitetinin hüquq fakültəsində davam etdirib. Təhsil aldığı dövrdə Azərbaycanlı Tələbələr İttifaqının üzvü, bir müddət isə rəhbəri olub. 1925-ci ildə təhsilini başa vurub. Almaniyada təhsil aldığı dövrdə öz soyadını dəyişərək "Muğanlı" edib.
SSRİ-də 250px|thumb|right|Həbsdə çəkilmiş şəkli, 1935-ci il. Əsildar bəy Muğanlı 1928-ci ildə Azərbaycan SSR-yə qayıdıb. 1930-cu il iyulun 1-dən 1933-cü il martın 8-ə qədər SSRİ Dövlət Bankının Azərbaycan kontorunun kassa planlaşdırması qrupunda müxtəlif dövrlərdə məsləhətçi, baş məsləhətçi və müdir işləyib. Daha sonra isə öz ərizəsi ilə işdən çıxıb. 1932–1933-cü illərdə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda asistent kimi işləyib.
1933-cü il martın 21-də digər cümhuriyyət tələbəsi Səməndər Axundzadə ilə birlikdə həbs olunub. Onları millətçilik və casusluqda ittiham ediblər. Lakin günahları təsdiq olunmadığı üçün 1933-cü il may ayının 26-da onları azadlığa buraxıblar.
1934-cü ildən İctimai-İqtisadi İnstitutda, İstehlak Kooperasiyası İnstitutunda və Azərbaycan Sovet Kooperativ Ticarət İnstitutunda alman dili müəllimi kimi işləyib. Əsildar bəy Muğanlı ikinci dəfə 1935-ci il iyunun 25-də həbs olunub. Bu dəfə isə o, Məhiş bəy Səfərov və Firidun Əliyevlə birlikdə həbs olunub və onların istintaq işləri birlikdə aparılıb. Onları əks-inqilabi faşist təşkilata üzv olmaqda ittiham ediblər. 1936-cı il yanvarın 3-də Əsildar bəy Muğanlını 3 il müddətinə azadlıqdan məhrum ediblər və Daşkənddə yerləşən islah əmək düşərgəsinə göndəriblər. Bir müddət sonra isə Qazaxıstan SSR-nin Karaqanda vilayətinə sürgün edilib.
1957-ci il sentyabrın 3-də bəraət alıb. 1961-ci ildə Bakıda vəfat edib.
Ailəsi 160px|thumb|Abbasəli bəy Ağabababəyov övladları ilə birlikdə|left Əsildar bəyin atası Abbasəli bəy Ağababa bəy oğlu Ağabababəyov 1869-cu il yanvarın 2-də İrəvanda anadan olub. 1879–1881-ci illərdə İrəvan kişi progimnaziyasında, 1881–1889-cu illərdə İrəvan Kişi Gimnaziyasında, 1890–1894-cü illərdə Moskva İmperator Universitetinin Hüquq fakültəsində təhsil alıb. İrəvan dairə məhkəməsində, Yeni Bəyazid, Üçmüədzin, Şərur-Dərələyəz qəzalarında, Tiflis Dairə məhkəməsində, Zaqatala və Duşetdə müxtəlif vəzifələrdə çalışıb. 1901-ci ildə titulyar müşavir, 1904-cü ildə kollej assesoru,1909-cu ildə saray müşaviri, 1913-cü ildə isə kollej müşaviri rütbələri alıb. Fəaliyyəti dövründə III dərəcəli "Müqəddəs Anna" ordeni və II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub.
1918–1919-cu illərdə Cənub-Qərbi-Qafqaz Cümhuriyyətinin ədliyyə naziri olub. 1919-cu ildə ailəsi ilə birlikdə İrəvandan Gəncə şəhərinə köçüb. Elə həmin il Azərbaycan Cümhuriyyəti hökumətinin sərəncamı ilə Gəncə Dairə Məhkəməsinin sədri təyin olunub. Abbasəli bəy Leyla xanım Sultanova ilə ailə qurub. Bu evlilikdən Adil, Əsildar, Nurəddinpaşa, Fuadpaşa, Nəzirə və Zərifə adlı övladları dünyaya gəlib.
Əsildar bəyin qardaşı Adil bəy Ağabababəyov-Muğanlinski 1898-ci il dekabrın 13-də anadan olub. 1917-ci ildə İrəvan Kişi Gimnaziyasını bitirib. 1919-cu ilin oktyabr ayından 1920-ci ilin yanvar ayına qədər Gəncə Dairə Məhkəməsində işləyib. Təhsil almaq üçün xaricə göndərilən cümhuriyyət tələbələrindən biri olub. Berlində Tibb Universitetində oxuyub. Daha sonra təhsilini dayandırıb və 1923-cü ildə Parisə gedib və orada təhsil almağa davam edib. 1935-ci ildə müstəntiq tərəfindən dindirilən Əsildar bəy qardaşından 3 ay qabaq xəbər aldığını və onun Parisdə yaşadığını qeyd edib. Sonrakı həyatı haqda məlumat yoxdur.
Əsildar bəyin bacısı Zərifə xanım Muğanlinskaya 1903-cü il dekabrın 4-də İrəvanda anadan olub. Azərbaycanda fiziologiya üzrə ilk mütəxəssislərdən biri olub. 1937-ci ildə həbs olunub və Türküstana sürgün edilib. 34 yaşında sürgündə ikən dünyasını dəyişib.
Həmçinin bax Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Muğanlinskilər Kateqoriya:İrəvanda doğulanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri Kateqoriya:İrəvan kişi gimnaziyasının məzunları