Yusif bəy Ağasıbəyli () — azərbaycanlı mühəndis, Cümhuriyyət tələbəsi, repressiya qurbanı.
Yusif bəy Yelizavetpol Kişi Gimnaziyasında təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Əvvəlcə Berlin Politexnikumunda daha sonra isə Drezden Politexnikumunda təhsil alıb.
1931-ci ildə Azərbaycan SSR-yə gəlib. Gəncə Yağ-Piy Kombinatında baş mexanik işləməyə başlayıb. Azərbaycanda Stalin Repressiyaları dövründə həbs olunub və 3 il islah-əmək düşərgəsinə məhkum olunub. Həbs müddəti bitdikdən sonra Gəncəyə qayıdıb. 1942-ci ildə İkinci Dünya müharibəsi başladıqdan sonra həm Almaniyada təhsil aldığı üçün həm də həyat yoldaşı alman olduğu üçün ailəsi ilə birlikdə Qazaxıstan SSR-yə sürgün olunub. Müxtəlif illərdə Özbəkistan SSR-də, Tacikistan SSR-də sürgündə olub. 1956-cı ildə günahsız olması haqqda bəraət alıb. 1960-cı ildə Gəncəyə geri qayıdıb.
Həyatı
İlk illəri Yusif bəy Süleyman bəy oğlu Ağasıbəyli 1896-cı il dekabrın 20-də Gəncə şəhərində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Burada ərəb və fars dillərini öyrənib. 1906–1917-ci illərdə Yelizavetpol Kişi Gimnaziyasında təhsil alıb. Gimnaziyanı bitirdikdən sonra 1917-ci ildə Tiflis Politexnikumuna daxil olub. 1918-ci ilin may ayında bir neçə yoldaşı ilə birlikdə İstanbula gedib. Burada Osmanlı hökuməti onları təhsil almaq üçün Almaniyaya göndərmək haqqında qərar verib. Lakin ordakı siyasi vəziyyət və müharibənin alovlanması bu qərarın icrasına mane olub. Bundan sonra Yusif bəy Bakıya gəlib. 220px|thumb|left|Yusif bəy (soldan beşinci) digər Cümhuriyyət tələbələri ilə birlikdə, Berlin, 1921-ci il. 1918-ci il 28 may tarixində Azərbaycan Cümhuriyyəti qurulub. Yusif bəy 1918-ci ildən 1920-ci ilin yanvar ayınadək Bakıda fərdi müəllimlik edib və Tələbə Birliyinin sədri seçilib. Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub.
Yusif bəy Ağasıbəyli də ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin ilk hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıblar. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.
Bir neçə müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. Yusif bəy Ağasıbəyli də Berlinə gedib və orada Berlin Politexnikumunda təhsil almağa başlayıb. 1925-ci ildə təhsilini Drezden Politexnikumunda davam etdirib. 1926-cı ildə mühəndisliyə namizəd rütbəsi alıb. 1931-ci ilə qədər Drezdendə yaşayıb və özəl işlər görüb. 1931-ci ildə təhsilini başa vurub və diplomunu alaraq Berlinə köçüb.
SSRİ-də 1931-ci ildə Azərbaycan SSR-yə gəlib. Gəncə Yağ-Piy Kombinatında baş mexanik işləməyə başlayıb.250px|thumb|left|Yusif bəy Ağasıbəyli həbsdə ikən, 1937-ci il.Azərbaycanda Stalin Repressiyaları dövründə 1937-il avqustun 1-də həbs olunub. Onu faşist təşviqatı aparmaqda, Almaniyadakı faşist rejimi tərifləməkdə və işlədiyi kombinatda pozuculuq işləri görməkdə ittiham ediblər. İstintaq işi 1938-ci il aprelin 11-də bitib. 1938-ci il dekabrın 13-də baş tutmuş məhkəmə iclasında Yusif bəy və onunla birlikdə bu iş üzrə ittiham olunanlar ilkin istintaqda işgəncə altında verdikləri ifadələrdən imtina ediblər. Buna görə də Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı işi yenidən istintaqa qaytarıb. Bundan sonra onlara qarşı irəli sürülən ittihamlar sübut olunmadığı üçün onların üzərindən götürülüb. Lakin 1939-cu il iyunun 22-də əlavə heç bir istintaq işi aparılmadan Hərbi Tribunalın göstərişi ilə istintaq bitib və baxılması üçün SSRİ XDİK Özəl Müşavirəsinə baxılmağa göndərilib. Nəticədə Yusif bəy Ağasıbəylini əks-inqilabi-millətçi təşkilata üzv olmaqda və Sovet hakimiyyətini devirmək məqsədilə silahlı üsyan hazırlanmasından xəbərdar olmaqda ittiham edərək 1937-ci ildən hesablanmaqla 3 illiyə islah-əmək düşərgəsinə məhkum ediblər. 1940-cı ildə həbsdən azad olunduqdan sonra Gəncəyə geri qayıdıb və İstilik mərkəzində baş mühəndis kimi işləməyə başlayıb. İkinci Dünya müharibəsi başladıqdan sonra Yusif bəy həm Almaniyada təhsil aldığı üçün həm də həyat yoldaşı alman olduğu üçün təqiblərə məruz qalıb. 1942-ci ildə ailəsi ilə birlikdə Qazaxıstan SSR-yə sürgün olunub. 1944-cü ildə Özbəkistan SSR-nin Daşkənd şəhərinə sürgün olunublar. Yusif bəy burada Orta Asiya enerji sistemində işləməyə başlayıb. Elə həmin il Tacikistan SSR-nin Leninabad şəhərinə sürgün olunublar. Burada elektrik sistemində baş mexanik daha sonra isə Leninabad İpək Kombinatında baş mexanik vəzifəsində işləyib. 1953-cü ildə yenidən Özbəkistan SSR-yə sürgün olunub. Bu dəfə isə 1954-cü ilə qədər Namanqan şəhərində İstilik mərkəzinin baş mexaniki işləyib. 1954–1957-ci illərdə Namanqan şəhərində yerləşən rezin məhsulları zavodunun müdiri olub. 1956-cı ildə günahsız olması haqqında bəraət alıb. 1959–1960-cı illərdə yenidən Leninabad İpək Kombinatında işləyib.210x210px|thumb|Yusif bəy ailəsi ilə birlikdə, Drezden, 1931-ci il.
1960-cı ildə Gəncəyə geri qayıdıb. Əvvəlcə alüminium zavodunda daha sonra isə İstilik mərkəzində mühəndis işləyib. 1980-ci il mayın 25-də Gəncədə vəfat edib və elə orada da dəfn olunub.
Ailəsi Yusif bəy Ağasıbəylinin atası Süleyman bəy Ağasıbəyov əslən Gəncədən olub. Cavanşir qəzasında I bölmənin sülh araçısı olan Sədrəddin Mirzə Qacarın tərcüməçisi olub. Süleyman bəy Bilqeyis xanım Məşədi Hacı qızı ilə ailə qurub. Bu evlilikdən Rza bəy, Yusif bəy və Ağası bəy adlı övladları dünyaya gəlib.
Yusif bəyin qardaşı Rza bəy Ağasıbəyli Azərbaycan Cümhuriyyəti dövründə Daxili İşlər Nazirliyinin dəftərxana müdiri olub. Aprel işğalından sonra Gədəbəy Misəritmə Zavodunda işləyib. 1930-cu ildə öldürülüb.
Yusif bəy Almaniyada təhsil aldığı müddətdə Marqarita Şnayder ilə ailə qurub. Bu evlilikdən 1928-ci ildə Arslan, 1930-cu ildə isə Turxan adlı oğulları dünyaya gəlib. Marqarita Ağasıbəyli 1986-cı ildə Gəncədə vəfat edib.
Həmçinin bax Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri Kateqoriya:Gəncə Kişi Gimnaziyasının məzunları Kateqoriya:Gəncədə dəfn olunanlar Kateqoriya:Sürgün olunanlar