Astrid Maud İngeborq Ferner (; ) — Norveç kralı V Olafın qızı, Norveç şahzadəsi.

12 fevral 1932-ci ildə Osloda dünyaya gəldi. Atası Norveç kralı VII Haakonun oğlu vəliəhd-şahzadə Olaf, anası isə İsveç kralı II Oskarın nəvəsi şahzadə Martadır. 31 martda vəftiz edildi və atasının valideynləri VII Haakon və Kraliça Maud, anasının valideynləri şahzadə Karl və şahzadə İngeborq, xalası Belçika vəliəhd-şahzadəsi şahzadə Astrid, atasının dayısı gəlini York hersoginyası Yelizaveta Bouz-Layon, atasının bibisi şahzadə Tira, anasının əmisi şahzadə Eugen, atasının dayısı oğlu Kent hersoqu Georq onun vəftiz valideynləri oldu. Valideynlərinin ikinci qız övladı idi və Norveçdəki Salik qanunları səbəbilə taxt hüququ yox idi. Buna baxmayaraq qardaşı şahzadə Haraldın doğulduğu 1937-ci ilədək taxtın ikinci varisi olaraq görülürdü. Hətta dünyaya gəlişindən sonra parlament qanundakı bu dəyişikliklə bağlı fəaliyyətə başlasa da, qardaşı şahzadə Haraldın dünyaya gəlişiylə bu hazırlıqlar yarım qaldı.

İlk uşaqlıq illəri Oslo yaxınlığındakı monarxial iqamətgahda keçsə də, İkinci Dünya müharibəsinin başlaması və Norveçin işğalından sonra ailəsiylə birgə sürgünə getməyə məcbur oldu. Anası və bacı-qardaşlarıyla birgə öncə İsveçə, ardından isə müharibənin sonunadək qaldığı ABŞ-a yollandılar. Müharibənin ardından Norveçə döndülər və burada qızlar məktəbində təhsil aldı. Ardından Oksford Universitetində iqtisadiyyat və siyasi tarix mövuzlarında dərslər aldı.

Böyük bacısı şahzadə Raqnildin 1953-cü ildə evlənərək Braziliyaya köçməsi, ertəsi il isə anası vəliəhd-şahzadə Martanın vəfatından sonra sarayın ən nüfuzlu birinci xanımı statusu aldı. Atasının taxta çıxdığı 1957-ci ildən etibarən siyasi nüfuzu daha da artdı. Atasıyla birgə dövlət tədbirlərində iştirak edir, açılışlara və rəsmi dəvətlərə qatılırdı. Onun bu siyasi həyatı qardaşı şahzadə Haraldın Sonya Haraldsenlə evləndiyi 1968-ci ilədək davam etdi.

12 yanvar 1961-ci ildə iş adamı İohan Martin Fernerlə evləndi. Ancaq bəy namizədi daha öncə evlənib boşanmışdı və bu səbəblə, cütlüyün evliliyi Norveç kilsəsinin etirazına səbəb oldu. Evliliyinin ardından dövlət büdcəsindən aldığı illik 50 min kron ödəniş dayandırıldı. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.

Yekaterina Ferner (22 iyul 1962-), 1989-cu ildə Arild Johansenlə evləndi və 2 övladı var. Benedikta Ferner (27 sentyabr 1963-), 1994-cü ildə Rolf Vudsla evlənsə də, 1998-ci ildə boşandılar. 2000-ci ildə Mons Eynar Stanqla evlənsə də, 2002-ci ildə boşandılar. Heç bir evliliyindən övladı olmadı. Aleksandr Ferner (15 mart 1965-), 1996-cı ildə Marqarita Qudmundsdotrla evləndi və 2 övladı var. Yelizaveta Ferner (30 mart 1969-), 1992-ci ildə Tom Folk Bekmanla evləndi və 1 oğlu var. Karl-Kristian Ferner (22 oktyabr 1972-), 2014-cü ildə Anna-Stina Slattumla evləndi və 2 qızı var.

2002-ci ildə Norveç hökuməti tərəfindən fəxri vətəndaş adını aldı və aylıq maaş almağa başladı.

2026-cı ilin martında səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirildi. Bu səbəblə, Norveçə rəsmi səfər edən xalası nəvəsi Belçika kralı Filipp və Kraliça Matildanı qarşılayan heyətə qatıla bilmədi. Son aylarında yerimə qabiliyyətini itirən şahzadə Astrid 11 sentyabr 2026-cı ildə (qardaşı V Haraldın cənazə mərasimindən 2 gün sonra) Osloda vəfat etdi. 23 sentyabrda baş tutan cənazə mərasiminin ardından dəfn olundu. Cənazə mərasimində iştirak edənlər sırasında İsveç vəliəhd-şahzadəsi Viktoriya və Belçika şahzadəsi Astrid yer aldı.

Qalereya

Mənbə

İstinadlar

Kateqoriya:Norveç şahzadələri Kateqoriya:Norveç şəxsləri