Tefal ("Teflon" və "aluminium" sözlərindən) — məişət cihazları və mətbəx qab-qacağının istehsalı üzrə ixtisaslaşmış Fransa ticarət markası. 1968-ci ildə "Tefal" şirkəti, həmçinin "Rowenta" və "Moulinex" brendlərinə sahib olan "Groupe SEB" tərəfindən satın alınmışdır.

Tarixi Fransız mühəndisi Mark Qrequar "DuPont" şirkətinin tətbiq sahələrini tapmaq məqsədilə yeni polimer material olan teflonu sınaqdan keçirdiyi dövrdə, ondan balıqçılıq ləvazimatlarında (onların daha az dolaşması və açılmasını asanlaşdırmaq məqsədilə) istifadə etmək niyyəti ilə kiçik miqdarda əldə edir. Həmin vaxt həyat yoldaşı ondan bu sürüşkən materialı mətbəx tavasına çəkməsini xahiş edir. Nəticə uğurlu alınır. Qrequar 1954-cü ildə "Tefal" ("Teflon" və "aluminium" sözlərinin ilk hecalarından təşkil olunmuşdur) markası altında yapışmayan mətbəx qablarını patentləşdirir və 1956-cı ildə onun istehsalı üzrə zavod təsis edir.

"Tefal" şirkətinin baş qərargahı Sarseldə (Fransa) yerləşir.

1956-cı ilin sonuna doğru yeni istehsal sahəsi gündə 100 tava istehsal edirdi. Bu ixtira "TEFAL tavası — həqiqətən yapışmayan ilk tavadır" şüarı altında satılırdı. 1961-ci ilə qədər "Tefal" tavalarına olan tələbat ayda 1 milyon ədədə çatmışdı.

1968-ci ildə "Tefal" 49 milyon franklıq satış həcmi ilə Fransada mətbəx qablarının aparıcı istehsalçısına çevrildi. Məişət cihazlarının istehsalı üzrə Fransa şirkətlər qrupu olan "Groupe SEB" "Tefal"ın satın alınması barədə müqavilə bağlayır.

İstinadlar

Kateqoriya:1956-cı ildə yaranan şirkətlər Kateqoriya:Fransa brendləri Kateqoriya:Fransa istehsalçıları