Qayaarası düşərgəsi — Qobustan Milli Tarix-Bədii Qoruğunun, Kiçikdaş dağı ərazisində yerləşən Daş dövrünə aid arxeoloji abidə. Düşərgə Kiçikdaş dağının zirvəsindəki daş örtüyünün cənub-şərqə baxan hissəsinin altında, Qayaarası qayaüstü təsvirlər kolleksiyasının 7, 8 və 9 nömrəli şəkilli daşları arasında yerləşən, eni təxminən 1,5–2 metr olan dəhlizvari örtülü sahədə aşkar edilib. Abidədə 1981, 1984, 1985 və 1986-cı illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində 25 m²-dən artıq sahə tədqiq olunub.
Düşərgə 2001-ci ildə Azərbaycanda dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına, 2007-ci ildə isə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.
Tədqiqi Qazıntılar zamanı Daş dövrünə aid mədəni təbəqə 2–2,2 metr dərinlikdən başlayaraq 3–3,7 metr dərinliyədək izlənilib. Düşərgənin üst hissəsində qalınlığı 1,5–1,7 metrə çatan yumşaq və tozlu torpaq qatı müəyyən edilib. Bunun altında isə mədəni təbəqəyədək davam edən, tərkibində çoxlu əhəngdaşı qırıqları və qayadan ovulmuş qum olan qara gillicə torpaq layı yerləşirdi. Bu layda qum, gəmirici sümükləri, həmçinin ayrı-ayrı çaydaşı və çaxmaqdaşı qəlpələri aşkar edilib. Üst qatda, 1,3 metr dərinlikdə qeydə alınmış ocaq izinin isə daha sonrakı dövrlərə aid ola biləcəyi ehtimal edilir.
Mədəni təbəqənin əsas hissəsi tünd-qəhvəyi rəngli bərk gillicədən ibarət olub. Ayrı-ayrı sahələrdə bu təbəqə qayadan ovulmuş əhəngdaşı qarışıqlı qum və boz-qonur rəngli lay qalıqları ilə davam edir. Müxtəlif dərinliklərdə dörd küllü ocaq yeri qeydə alınıb.
Daş alətlər Düşərgənin mədəni təbəqəsindən daş alətlər və onların hazırlanması zamanı yaranmış istehsal tullantıları daxil olmaqla 7 minə yaxın daş məmulatı, eləcə də çoxlu fauna qalıqları aşkar edilib. Tapıntılar arasında çaxmaqdaşından qoparılmış kiçik qəlpələr və ortaölçülü bıçaqvari lövhələrdən hazırlanmış alətlər də vardır. Daş materiallarının təxminən 10 faizini, yəni 600-dən çox nümunəni müəyyən formaya salınmış alətlər, dişəklənmiş və istifadə edilmiş qəlpə və bıçaqvari lövhələr təşkil edir.
Alətlərin təxminən 20 faizi arxaik tipli nümunələrdən və həndəsi formalı mikrolitlərdən ibarətdir. Həndəsi formalı alətlər arasında 12 üçbucaq və trapeslər müəyyən edilib. Şatelperron tipli 29 alət də aşkar olunub. Paleolit xüsusiyyətləri daşıyan bu nümunələrin bir tərəfi seqmentşəkilli olub, qövsvari hissəsi dik dişəklə kütləşdirilmiş, düz ağız hissəsi isə iti saxlanılıb. Düşərgənin daş inventarında bu tip köndələn bıçaqlar sayca üstünlük təşkil edir. Həndəsi formalı alətlər arasında uzunsov və hündür nümunələr, oturacağında gəz açılmış və “buynuzlu” adlandırılan arxaik trapeslər, iri uzunsov seqmentlər və üçbucaqlar da vardır.
Daş alətlər kolleksiyasına, həmçinin ucu hər iki tərəfdən kütləşdirilmiş uzun itiuclar, bir ağzı kütləşdirilmiş lövhələr, uclu, yanlı və gəzli qaşovlar, çəp uclu lövhələr, kəsərlər, kəsərciklər, qravett tipli itiuclar, bizlər, burğular, ox ucları, iskənə tipli və zərb alətləri daxildir. Ox ucları əsasən kiçikölçülü, itiuclu və uzunsov-yastı lövhəvari qəlpələrdən hazırlanıb. Onların oturacağının bir tərəfi itilənmiş, iti ucları isə dişəksiz və ya zəif dişəklənmiş şəkildə işlənib.
Qayaarası düşərgəsində çaxmaqdaşından hazırlanmış konusvari, prizmaşəkilli və karandaşvari nüvələrə, eləcə də onlardan qoparılmış simmetrik mikrolövhələrdən hazırlanmış mikroölçülü alətlərə demək olar ki, rast gəlinməyib. Aşkar edilən nüvələr əsasən birüzlü və konusa yaxın formadadır. Qobustanın digər düşərgələri ilə müqayisədə burada çaydaşından daha az istifadə edilib. Çaydaşından əsasən qayaüstü təsvirlərin döyülməsində istifadə olunan alətlər, dişəkləyicilər, zərb alətləri, bıçaq və qaşovlar, çopperlər və yer qazmaq üçün nəzərdə tutulmuş iriölçülü alətlər hazırlanıb.
Sümük məmulatları Düşərgədən bir ədəd sümük ox ucu aşkar edilib. Sürtülərək işlənmiş bu nümunənin hər iki ucu şişdir. Qazıntılar zamanı, həmçinin bir sümük pardaqlayıcı, iki biz, yığma alətin əsasına aid qırıq və iri heyvanın qabırğa sümüyündən hazırlanmış naxışlı əşya tapılıb. Sonuncu əşyanın cilalanmış səthinin bir üzünə həndəsi bıçaqları xatırladan cızıqlar çəkilmiş, kənarları isə mişarvari şəkildə dişəklənib.
Qayaüstü təsvirlər və fauna Düşərgənin divarlarını təşkil edən 7, 8 və 9 nömrəli qayaların mədəni təbəqə altında qalmış hissələrində, eləcə də qazıntı zamanı mədəni təbəqədən aşkar olunmuş beş əhəngdaşı parçası üzərində qədim təsvirlər müəyyən edilib. Bunların arasında Paleolit xüsusiyyətləri daşıyan qadın fiqurları, ibtidai öküz, qaban və ceyran təsvirləri vardır. İki nümunədə isə yalnız öküz başı təsvir edilib.
Düşərgədə aşkar edilmiş fauna qalıqlarının 98 faizdən çoxunu iriölçülü ceyrana aid sümüklər təşkil edir. Gur, öküz, suiti, keçi və balıq sümüklərinə isə olduqca az rast gəlinib. Tədqiqatçılar fauna qalıqlarının bu tərkibini ərazinin ceyran sürülərinin otlaması üçün əlverişli olması ilə əlaqələndirib, gurların isə həmin dövrdə ərazidə yeni yayılmağa başladığını ehtimal ediblər.
Tarixləndirilməsi və əhəmiyyəti Düşərgədən əldə olunmuş materialların xüsusiyyətləri, arxaik, xüsusilə Şatelperron tipli alətlərin çoxluğu, osteoloji materialların tərkibi və qayaüstü təsvirlərin mövzusu abidənin Qobustanın ən qədim düşərgələrindən biri kimi qiymətləndirilməsinə əsas verir. Qadın fiqurları, ibtidai öküz, ceyran və qaban təsvirləri, eləcə də digər arxeoloji materiallar əsasında düşərgə Üst Paleolitin son mərhələsinə aid edilib.
Qayaarası düşərgəsində ox uclarının, yığma dişli alətin əsasına aid qırığın və həndəsi formalı daş alətlərin aşkar edilməsi Üst Paleolitin son mərhələsində sonrakı Mezolit dövrünə səciyyəvi xüsusiyyətlərin meydana gəlməsinin öyrənilməsi baxımından əhəmiyyətli hesab edilir. Düşərgənin qayalarında və qazıntılar zamanı mədəni təbəqədən çıxarılmış daşların üzərindəki təsvirlərin əhəmiyyətli hissəsinin qədim qadın fiqurlarından ibarət olması da abidənin qədimliyini göstərən əlamətlərdən biri kimi qiymətləndirilib.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Qobustan dövlət tarixi-bədii qoruğunun ərazisindəki düşərgələr