Niderlandlı Luiza Vilhelmina Frederika Aleksandrina Anna (; ) — Niderland kralı I Vilhelmin nəvəsi, İsveç-Norveç kraliçası.
5 avqust 1828-ci ildə Haaqada dünyaya gəldi. Atası Niderland kralı I Vilhelmin oğlu şahzadə Frederik, anası isə Prussiya kralı III Fridrix Vilhelmin qızı şahzadə Luiza Vilhelminadır. Uşaqlıq illərində mükəmməl saray təlim-tərbiyəsi aldı. Alman, fransız, ingilis və rus dilləriylə yanaşı, piano təhsili aldı.
1849-cu ildə İsveç-Norveç kralı I Oskarın oğlu vəliəhd-şahzadə Karlla evlənməsinə qərar verildi. Cütlüyün nişanı 1850-ci lin fevralında elan edildi. Nişanın ardından İsveç dilini və tarixini öyrənən Luiza Vilhelmina anası və bacısı Mariya ilə birlikdə Stokholma yollandı. Cütlüyün toy mərasimi 19 iyun 1850-ci ildə Stokholmda baş tutdu. Mərasimin ardından qaynatası I Oskar gəlini və oğluyla birgə İsveçin fərqli bölgələrinə səyahətə çıxdı.
Ancaq cütlük xoşbəxt deyildi. Belə ki, xasiyyətləri fərqli idi. Üstəlik vəliəhd-şahzadə Luiza Vilhelminanın nədimələrinən Jozefina Sparreylə eşq yaşamaqda idi. Bu isə sarayda skandala səbəb olmuşdu. Bununla yanaşı cütlüyün bu nigahdan 2 övladı doğuldu.
Luiza Jozefina Yevgeniya (1851-1926) Karl Oskar (1852-1854)
Son övladının doğuşundakı tibbi axsaqlıq səbəbilə, Luiza Vilhelminanın bir daha övlad sahibi olmayacağı bildirildi. Üstəlik yeganə oğlu olan Karl Oskar hələ 2 yaşında ikən pnevmoniya səbəbilə vəfat etdi. İsveç-Norveç birliyində Salik qanunları qüvvədə olduğu üçün vəliəhdin yeganə övladı olan qızı Luiza Jozefina taxt hüququna malik deyildi. Bu isə gələcəkdə taxta çıxacaq vəliəhd-şahzadə Karlın varissiz qalması demək idi. Luiza Vilhelmina ərinə boşanmağı təklif etsə də, əri bunu qəbul etmədi.
Qaynatasının vəfatının ardından 1859-cu ildə əri XV Karl adıyla taxta çıxdı və Luiza Vilhelmina İsveç-Norveç kraliçası ünvanı aldı. Bu birliyin həm İsveçdə, həm də Norveçdə tacqoyma mərasimi keçirilən ilk kraliçası oldu. Belə ki, Norveç hökuməti daha öncəki 2 kraliçanı (Dezire Klari və Leyxtenberqli Jozefina) katolik olması səbəbilə tacqoyma mərasimindən imtina etmişdi. Beləcə, 3 may 1860-cı ildə Stokholmda İsveç kraliçası, 5 avqust 1860-cı ildə isə Tronheymda Norveç kraliçası kimi tacqoyma mərasimi keçirildi.
Kraliça ünvanından istifadə edərək heç vaxt siyasətə müdaxilə etmədi. Bunun əvəzinə bütün siyasi gücünü xeyriyyə işlərinə sərf etdi. 1870-ci ildə xəstə yatağındakı anasını ziyarət etmək məqsədilə Haaqaya yollandı. Geri döndükdən sonra səhhəti pisləşən əri XV Karlın baxımıyla məşğul oldu. Bütün bu səyahətlər əsnasında pnevmoniyaya tutuldu. Tez zamanda səhhəti pisləşdi və 30 mart 1871-ci ildə Stokholmda vəfat etdi.
Mənbə
Ədəbiyyat
Svenskt biografiskt handlexikon (1906), Lovisa. Nationalencyklopedin, Lovisa Christer Engstrand and Ingmar Andersson. Historiska Personer: Lovisa av Nederländerna. Retrieved 3 October 2004.
Lars Elgklou (1978). Bernadotte. Historien – eller historier – om en familj.. Stockholm: Askild & Kärnekull Förlag AB. http://www.historici.nl/Onderzoek/Projecten/DVN/lemmata/data/LouisevanOranjeNassau
İstinadlar Kateqoriya:Bernadotlar Kateqoriya:XIX əsr şəxsləri