Samir Əli oğlu Mirzəyev () — azərbaycanlı pianoçu, pedaqoq, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru.
"SoNoR" müasir musiqi ansamblının əsas təşəbbüskarlarından və qurucularından biri, Antalya Akdeniz Universiteti Konservatoriyasının piano bölümünün qurucularından biri, 8 ölkədə münsiflər heyətinin üzvüdür.
Türkiyə, Litva, İtaliya, Rusiya, ABŞ və Avstriyada keçirilən beynəlxalq müsabiqələrdə dəfələrlə münsiflər heyətinin üzvü və sədri kimi fəaliyyət göstərmişdir.
2007-ci ildə beynəlxalq bioqrafik "Who is Who" ensiklopediyasına daxil edilmiş və Bakı Musiqi Akademiyasının "Xüsusi fortepiano" kafedrasına dosent vəzifəsinə seçilmişdir.
Həyatı və təhsili Samir Əli oğlu Mirzəyev 16 noyabr 1969-cu ildə Bakıda anadan olmuşdur. 1977-ci ildə 13 nömrəli Uşaq Musiqi Məktəbinə daxil olmuş, Gülnarə Məlik-Abbasovanın (Əhmədzadə) sinfində təhsil almışdır. 1981-ci ildə bir il müddətinə Alla Tarielaşvilinin sinfinə keçirilmiş və Vilnüsdə keçirilən Balis Dvarionas adına Ümumittifaq müsabiqəsinə hazırlanmışdır. Həmin müsabiqədə laureat adına layiq görülmüşdür. 1982-ci ildə Naxçıvanda keçirilən "Bahar-82" Respublika müsabiqə-festivalında I mükafat laureatı olmuş, 1983-cü ildə Bakıda keçirilən Qara Qarayev adına müsabiqədə III mükafata layiq görülmüşdür.
1984-cü ildə yeddiillik musiqi məktəbini bitirdikdən sonra Xalq Maarif Komissarlığı yanında onbirillik musiqi məktəbinin 9-cu sinfinə, Ulduz Aslanovanın sinfinə daxil olmuş və 8-ci və 9-cu sinif proqramını bir il ərzində ekstern qaydada başa vuraraq məktəbi bitirmişdir. 1985-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə Nelli Eqiazarovanın sinfinə qəbul edilmişdir.
1988-ci ildə Bülbül adına məktəbi fərqlənmə ilə bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına professor Oktay Abasquliyevin sinfinə daxil olmuşdur. Konservatoriyada təhsil aldığı müddətdə Azərbaycan Dövlət Filarmoniyasının zalında, konservatoriyanın Böyük və Kamera zallarında konsertlərdə çıxış etmişdir.
1993-cü ildə konservatoriyanı fərqlənmə ilə bitirmişdir. 1992-ci ildən konservatoriya Bakı Musiqi Akademiyası adlandırılırdı. Həmin ildən BMA-da konsertmeyster vəzifəsində çalışmış və BMA-nın assistentura-stajirovkasına professor Oqtay Abasquliyevin sinfinə daxil olmuşdur. 1996-cı ildə assistentura-stajirovkanı fərqlənmə ilə başa vurmuşdur.
Ailəsi Kimyəvi-texnoloji proseslərin mühəndisi Ofeliya Ağakişiyeva anasıdır. İqtisadçı Əli Mirzəyev atasıdır.
Fəaliyyəti
"SoNoR" ansamblı 1995-ci ildə postsovet dövrünün ilk müasir musiqi kollektivi olan "SoNoR" ansamblının yaradılmasının əsas təşəbbüskarlarından biri olmuşdur. Ansamblın əsas iştirakçıları Samir Mirzəyev (fortepiano), Nizami Zeynalov (klarnet), Rövşən Məmmədov (gitara) və bədii rəhbəri Elmir Mirzəyev olmuşdur. "SoNoR" (1998-ci ildən müasir musiqi təşəbbüs mərkəzi kimi) 2005-ci ilə kimi fəaliyyət göstərmişdir.
1994–1997-ci illərdə "Yeni Musiqi" cəmiyyətinin rəhbərliyi altında "SoNoR" ansamblı rusiyalı, isveçrəli və azərbaycanlı musiqiçilərin iştirakı ilə bir neçə mini-festival təşkil etmişdir. Ansamblın tərkibinə sonradan Fəridə Məmmədova, Rasim Abdullayev, Eldar İskəndərov, Sultan Məmmədova, İlahə Əliyeva, Boris Paşkin və digər musiqiçilər qoşulmuşdur. Ansambl Azərbaycan Bəstəkarlar İttifaqının plenumlarında fəal iştirak etmişdir.
1997-ci ildən "SoNoR" ansamblı Vaqif İbrahimoğlunun rəhbərlik etdiyi "YuĞ" teatrı ilə birgə performanslar həyata keçirmişdir. "İtirilmiş zaman", "Also, sie sind gekommen" və "Qaydışa prelüd" adlı üç performans Rəşid Behbudov adına Mahnı Teatrında (indiki adı ilə Azərbaycan Dövlət Mahnı Teatrı) və M. F. Axundov adına Azərbaycan Dram Teatrının (indiki adı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) kamera zalında nümayiş etdirilmişdir. Performanslarda "SoNoR" iştirakçıları həm musiqiçi, həm də sözsüz aktyor kimi çıxış etmişlər.
1998-ci ildə "SoNoR" ansamblı Tbilisidə Tumanisvilinin xatirəsinə həsr olunmuş "Gift" festivalında Azərbaycanı təmsil etmişdir. Həmin il "Neft Daşları"nda K. Qarayevin xatirəsinə həsr olunmuş konsertdə çıxış etmişdir.
1999-cu ildə "SoNoR" Praqada keçirilən "Marafon-99" müasir musiqi festivalında Elmir Mirzəyevin müəllif konsertində çıxış etmişdir. 2000-ci ildə ansamblın xarici qastrol səfəri çərçivəsində Bakı, Moskva, Tallin, Tartu və Kişinyovda konsertlər keçirilmişdir. Həmin ilin noyabrında "SoNoR" Almaniyanın Essen, Hollandiyanın Hertogenbos () və Belçikanın Gent şəhərlərində keçirilən "November music 2000" beynəlxalq müasir musiqi festivalında iştirak etmişdir.
2001-ci ildə "SoNoR" Berlin şəhərində keçirilən "Young Euro Classic" beynəlxalq müasir musiqi festivalına dəvət edilmişdir. Ansambl Konzerthausda Volodimir Runçakın rəhbərliyi ilə çıxış etmiş, festival zamanı Mirzəyev Berlin radiosuna müsahibə vermişdir. Daha sonra ansambl Drezdendə iki konsert vermişdir.
2002-ci ildə Bakıda "SoNoR Çarpaz yollarla…" festivalı, 2003-cü ildə isə "SoNoR Links" ənənəvi və avanqard musiqi festivalı keçirilmişdir. 2003-cü ildə Mirzəyev Yuri Sayutkinlə birlikdə Fərəc Qarayevin "Sonata per due esecutori" əsərini ifa etmişdir.
Türkiyədə fəaliyyəti 1998-ci ildə Mirzəyev Türkiyənin Antalyadakı Dövlət Simfonik Orkestrində pianoçu vəzifəsi üçün dövlət imtahanında iştirak etmişdir. 1998–1999-cu illərdə həmin orkestrə solist kimi qəbul edilmiş, bu müddətdə solo və kamera ifaçısı kimi bir neçə konsert vermişdir.
1999-cu ildə bəstəkar Engin Düzöyolla birlikdə "Modern Sound Ensemble" adlı klassik-müasir musiqi ansamblını yaratmışdır. Kollektiv "Güle-güle" filminin musiqisini yazmış və həmin musiqi 1999-cu ildə Antalyada keçirilən "Altın Portakal" beynəlxalq kinofestivalında mükafat almışdır.
Mirzəyev "AnSEM", "Lir" özəl musiqi mərkəzlərində və Antaliya İncəsənət Liseyində çalışmışdır. 2000-ci ildə Antaliya Dövlət Konservatoriyasında fortepiano kafedrasının yaradılmasında iştirak etmiş və ilk illərində bu istiqamətə rəhbərlik etmişdir.
2001-ci ildən onun şagirdləri müxtəlif milli və beynəlxalq piano müsabiqələrində mükafatlar qazanmışlar. 2005-ci ildə şagirdi Bayram Karamenderes Simferopolda keçirilən Alemdar Karamonov adına Beynəlxalq müsabiqədə iştirak etmiş, 2006-cı ildə isə Bolqarıstanın Varna şəhərində keçirilən 3-cü Beynəlxalq pianoçular müsabiqəsində Qran-pri sahibi olmuşdur.
2008-ci ildə Mirzəyev Antaliya Dövlət Konservatoriyasının şagirdlərindən ibarət musiqi qrupu və balet truppasının Kiyevə qastrol səfərini, 2009-cu ildə isə Şimali Kiprə səfərini təşkil etmişdir.
İfaçılıq fəaliyyəti Mirzəyevin fəal konsert-ifaçılıq fəaliyyəti 1991-ci ildən başlamışdır. Gəncədə Teymur Şəmsiyevlə, Qazaxıstanda Rauf Qasımov və Teymur Şəmsiyevlə, 1992-ci ildə Özbəkistanda isə Rüfət Əmirəliyev və Yuri Sayutkinlə birlikdə konsertlər vermişdir.
1993-cü ildə onun ifasında Nəriman Məmmədovun fortepiano və orkestr üçün 4-cü Konserti ilk dəfə səsləndirilmişdir. Əsər Azərbaycan Dövlət Radio və Televiziyasının simfonik orkestri ilə birlikdə ifa edilmiş, dirijor Azərbaycan Respublikasının xalq artisti Yaşar İmanov olmuşdur. 1994-cü ildə Moskvanın "Mayak" radiosunda çıxış etmiş və Moskva radio fonduna İohann Sebastyan Baxın sol minor "Tokkata və fuqa"sını yazdırmışdır.
1995-ci ildə Aşqabadda keçirilən Nuri Xəlməmədov adına Beynəlxalq müsabiqədə diplomant adına layiq görülmüşdür.
Mirzəyev Avropa və Asiyanın müxtəlif ölkələrində, o cümlədən İsveç, Almaniya, Rusiya, Estoniya, Avstriya, Bolqarıstan, Özbəkistan, Moldova, Hollandiya, Gürcüstan, Türkiyə, Belçika, Türkmənistan, Litva, Çexiya, Qazaxıstan, Şimali Kipr və Ukraynada konsertlərlə çıxış etmişdir. Bir sıra əsərlərin ilk ifaçısı olmuşdur.
2002-ci ildə Türkiyənin Van şəhərində Yüzüncü Yıl Universitetinin konfrans zalında solo konsert vermişdir. Proqramda İ. S. Bax, F. List, Q. Qarayev və A. Əlizadənin əsərləri səsləndirilmişdir. 2004-cü ildə Afyon şəhərində Atatürk adına Mədəniyyət Mərkəzində, 2005-ci ildə isə Burdur şəhərində solo konsertlərlə çıxış etmişdir.
2006-cı ildə Sofiyada keçirilən "PİANİSSİMO" müasir fortepiano musiqisi festivalında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət solo proqramla çıxış etmişdir. Konsert Bolqarıstan milli radiosunun fonduna yazılmış, Mirzəyev Bolqarıstan radiosuna bir neçə müsahibə vermişdir.
2007-ci ildə İstanbulda keçirilən "Pera 2007" beynəlxalq pianoçular müsabiqə-festivalının münsiflər heyətində iştirak etmişdir. 2008 və 2009-cu illərdə festivalın konsertlərində solist kimi çıxış etmişdir.
2008-ci ildə Sofiya Qubaydulinanın "İntroitus" əsərini M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Zamanla üz-üzə" festivalında dövlət kamera orkestri ilə ifa etmişdir.
İfaları Mirzəyevin ilk ifa etdiyi əsərlər arasında Tomas Haynişin "Notes from the Night-zone" (Tallinn, 2000), Elmir Mirzəyevin "Also, Sie sind gekommen" (Praqa, 1999), Fərəc Qarayevin "Sonata per due esecutori" (Bakı, 2003), Fransua Sarhanın "GRWTH" (Gent, 2000), Ceyms Klarkın "Concetto spaziale" (Berlin, 2001), Sofya Qubaydulinanın fortepiano və orkestr üçün "İntroitus" əsəri (Bakı, 2007), İqor Qromadskinin "Ways" (Berlin, 2001) və Əli Əlizadənin "Cantabile… — Məkan içində dialoq" əsəri (Essen, 2000) göstərilir.
Pedaqoji fəaliyyəti Mirzəyev Bakı Musiqi Akademiyasının "Xüsusi fortepiano" kafedrasında müəllim kimi fəaliyyət göstərmiş, 2007-ci ildə həmin kafedranın dosenti vəzifəsinə seçilmişdir.
Antaliya Dövlət Konservatoriyasında fəaliyyəti dövründə onun şagirdləri müxtəlif müsabiqələrdə mükafatlar və diplomlar əldə etmişlər. Şagirdləri Antaliya Dövlət Simfonik Orkestri, Antaliya Dövlət Opera və Balet Teatrının orkestri, Çukurova Dövlət Simfonik Orkestri, Bursa Regional Simfonik Orkestri, Bilkent Akademik Simfonik Orkestri və Prezident Simfonik Orkestrinin müşayiəti ilə çıxış etmişlər.
2008-ci ildə Mirzəyev və şagirdi Ece Hazar Bolqarıstanın Albena və Dobriç şəhərlərində keçirilən "Hopes, Talents, Masters" beynəlxalq musiqiçilər müsabiqəsində "Fortepiano dueti" nominasiyasında II mükafata layiq görülmüşlər.
Elmi fəaliyyəti Mirzəyev elmi-tədqiqat və publisistik fəaliyyətlə də məşğul olmuşdur. 1994-cü ildə "Pianoçuluq sənətində meditasiya" mövzusunda referat yazmış, həmin il BMA-nın "Azərbaycan milli musiqisinin tədqiqi problemləri" illik almanaxında "Pianoculuq metodikasında meditasiya" ("Fortepiano ifaçılığında meditasiya metodları") adlı məqaləsi dərc edilmişdir.
2000-ci ildə "Musiqi dünyası" jurnalının 1-ci və 2-ci saylarında "Fortepiano texnikasında müasir ifaçılıq effektləri işarələri" ("Fortepiano texnikasında müasir ifaçılıq effektlərinin işarələnməsi") adlı məqaləsi dərc olunmuşdur. 2008-ci ildə "Qara Qarayev və onun "Don Kixot" simfonik qravürləri", 2009-cu ildə isə "Sofiya Qubaydulinanın yaradıcılığı və onun fortepiano və orkestr üçün "İntroitus"u" adlı metodik materialları çap edilmişdir.
2009-cu ildə Sofiyada Panço Vladigerov adına Musiqi Akademiyasında keçirilən 12-ci beynəlxalq müasir fortepiano musiqisi festivalı "PİANİSSİMO–2009"da "Müasir Azərbaycan bəstəkarlarının yaradıcılığına etnik musiqinin təsiri haqqında" ("Contemporary Music of Azerbaijan between Tradition and Modernity") mövzusunda elmi məruzə ilə çıxış etmişdir.
Azərbaycan, rus, litva, bolqar və ingilis dillərində məqalələri çap edilmişdir.
Mükafatları 1981-ci ildə Vilnüsdə keçirilən B. Dvarionas adına Ümumittifaq müsabiqəsində laureat adına layiq görülmüşdür. 1982-ci ildə Naxçıvanda keçirilən "Bahar-82" Respublika müsabiqə-festivalında I mükafat laureatı olmuşdur. 1983-cü ildə Bakıda keçirilən Q. Qarayev adına müsabiqədə III mükafata layiq görülmüşdür. 1995-ci ildə Aşqabadda keçirilən Nuri Xəlməmədov adına Beynəlxalq müsabiqədə diplomant adına layiq görülmüşdür. 2007-ci ildə beynəlxalq bioqrafik "Who is Who" ensiklopediyasına daxil edilmişdir. 2008-ci ildə Bolqarıstanın Albena və Dobriç şəhərlərində keçirilən "Hopes, Talents, Masters" beynəlxalq musiqiçilər müsabiqəsində Ece Hazarla birlikdə "Fortepiano dueti" nominasiyasında II mükafata layiq görülmüşdür.
Mənbə
Xarici keçidlər
Kateqoriya:Azərbaycan musiqi xadimləri Kateqoriya:Azərbaycan pedaqoqları