"L'Asino" () — 27 noyabr 1892-ci ildə, Covanni Colittinin birinci nazirliyi və İtaliya Sosialist Partiyasının təsis olunduğu ildə Romada fəaliyyətə başlayan siyasi-satirik jurnal.

Tarixi Jurnalın yaradılması ideyası Cozue Karduççi məktəbinin ardıcılı, pozitivist və sosialist olan universitet tələbəsi Qvido Podrekka ilə keçmiş riyaziyyat tələbəsi, rəssam və karikaturaçı Qabriel Qalantara tərəfindən irəli sürülmüşdür. Onlar "Qolyardu" (Podrekka) və "Rata Lanqa" (Qalantara) təxəllüslərini qəbul edərək həftəlik nəşrin buraxılışlarını bu gizli adlarla imzalamışdılar.

Gənc təsisçilər öz siyasi-satirik həftəlik nəşrlərinə ad seçərkən Françesko Domeniko Qverrassinin xalqın eşşək kimi faydalı, səbirli və döyülən olduğunu ifadə edən kəlamına əsaslanmışdılar.Galantara, Gabriele , Dizionario Biografico degli Italiani - Volume 51 (1998)L'Asino e Mussolini , Emanuela Morganti, Circo, November 2011 Jurnalın 1892-ci ildən 1901-ci ilə qədər davam edən birinci mərhələsində istismar olunanların hüquqlarının müdafiəsi və radikal sosialist mövqelərin təbliği həyata keçirilmişdir.Esempi di vignette satiriche de L'Asino Bu fəaliyyət nəticəsində Qalantara həbs olunmuş, jurnalda dərc edilən karikaturalarda isə Covanni Colitti, həmin dövrün siyasi qalmaqalları, korrupsiya və polis özbaşınalığı kəskin tənqid edilmişdir. Nəşr qısa müddətdə geniş oxucu kütləsi və yüksək tiraj qazanmışdır.

Antiklerikalizm 1901-ci ildən etibarən jurnalın xəttində dəyişiklik baş vermişdir. Katoliklərin ölkənin siyasi həyatına daxil olmaq üçün təşkilatlanması fonunda "L'Asino" redaktorları ruhanilərə və Vatikana qarşı əks-hücum xəttini tutmuşdular. Karikaturalarda kilsənin korrupsiyası, ruhanilərin təcavüzkar və xurafatçı davranışları təsvir olunmuş, bu mövzu əhali arasında böyük maraq doğuraraq tirajın daha da artmasına səbəb olmuşdur.

Buna baxmayaraq, həyata keçirilən antiklerikal kampaniyalara görə jurnal tez-tez "əxlaq qaydalarını təhqir etmə" ittihamı ilə müsadirə edilmişdir.

"L'Asino" jurnalına əks-çəki yaratmaq məqsədilə 1907-ci ildə "L'Avvenire d'Italia" nəşrinin direktoru Çezare Alqranati tərəfindən katolikyönümlü və anti-sosialist xarakterli "Il Mulo" () satirik jurnalı təsis edilmişdir.

Müdaxilə tərəfdarı mövqeyi

1911-ci ildə baş verən İtaliya–Osmanlı müharibəsi jurnalın təsisçiləri arasında ciddi fikir ayrılığına gətirib çıxarışdır. 1909-cu ildə İtaliya Sosialist Partiyasının siyahısı üzrə deputat seçilən Podrekka müstəmləkə yürüşünü müdafiə etdiyi halda, Qalantara anti-müstəmləkəçi mövqe nümayiş etdirmişdir. Nəşrdə hər iki mövqeyə yer verilmişdir, lakin müharibə əleyhinə çəkilmiş böyük rəngli karikaturalar 1912-ci ildə "Avanti!" qəzetinin təsisçisi Leonida Bissolati və İvanoe Bonomi ilə birgə partiyadan xaric edilən Podrekkanın məqalələrindən daha təsirli olmuşdur. Podrekka sonradan İtaliya Sosialist İslahatçı Partiyasına daxil olmuşdur.

Təsisçilər arasındakı ziddiyyətlər Birinci Dünya müharibəsi ərəfəsində hər iki tərəfin Bissolati tərəfindən irəli sürülən müharibəyə müdaxilə xəttini dəstəkləməsi ilə qismən aradan qaldırılmışdır.

Qalantaranın mövqe dəyişikliyi onun demokratik Fransaya olan rəğbəti, eləcə də irtica və klirikalizmin dayağı sayılan Məhvər dövlətlərinə, xüsusilə Avstriyaya bəslədiyi düşmənçilik münasibəti ilə izah olunurdu. İtaliya Sosialist Partiyası ilə əlaqələrini kəsməsinə baxmayaraq, Qalantara sosializm prinsiplərinə sadiq qaldığını bildirməyə davam etmişdir.

O, "Vilhelm" və "İosif" surətlərinə çəkdiyi məşhur karikaturalarla müdaxilə tərəfdarlarının mövqeyinə və hərbi təbliğata dəstək vermiş, Almaniya işğalçılığına karşı kəskin mövqe tutmuşdur. Onun karikaturaları Antanta dövlətlərinin digər mətbuat orqanlarında yenidən dərc olunmuş, 1916-cı ilin iyul ayında Londonun "Lester Qalereyası"nda nümayiş etdirilmişdir. Digər əsərləri Parisin "L'Europe antiprussienne" dövri nəşrində və "Signor sì" qəzetində işıq üzü görmüşdür.

Müdaxiləyə verildiyi dəstək və 1917-ci il Rusiyada baş verən inqilabi hadisələrə tutulan mövqe (Lenin və bolşeviklərin alman agenti kimi qələmə verilməsi) səbəbindən "L'Asino" sosialist kütlələrin rəğbətini və oxucu dəstəyini itirmişdir.

Faşist təqibləri 1921-ci il 25–31 yanvar tarixli sayında "L'Asino" jurnalı yalnız Qalantaranın rəhbərliyi altında yenidən nəşr olunmağa başlamışdır (bu vaxtadək, 1918–1920-ci illərdə Podrekka faşist mövqeyinə keçmişdi). Qalantara "Qayıdış" adlı baş məqaləsində əvvəlki fəaliyyətinin yekunlarını təhlil edərək özünü tənqid etmişdir. Bu mərhələdə "L'Asino" Sosialist Partiyasının maksimalist cərəyanına qoşulmuş və rejimə müxalif olan mətbuatın tərəfində dayanmışdır.

Mussolini diktaturasına kəskin qarşı çıxan anti-faşist nəşrə çevrilən jurnal, redaksiyaya faşist dəstələrinin hücumları, təhdidlər və təqiblər nəticəsində 1925-ci ilin yazında nəşrini dayandırmağa məcbur olmuşdur.

Qalantara XIX əsrin sonlarına nisbətən daha ağır repressiya şəraitində yenidən həbs edilmişdir. Həbsdən buraxıldıqdan sonra o, "Becco giallo" və "Marc'Aurelio" kimi digər siyasi-satirik jurnallarda imzasız məqalə və karikaturalarla əməkdaşlığı davam etdirmişdir.

İstinadlar

Kateqoriya:İtaliya jurnalları