İmam Buxari Memorial Kompleksi () və ya İmam əl-Buxari külliyəsi — Buxarinin türbəsinin yerləşdiyi məscid və muzey kompleksi.

Ümumi məlumat Kompleksdə yerləşən İmam Buxari məqbərəsi XVI əsrdə mühəddis Buxarinin qəbri üzərində inşa edilmişdir. Həmin dövrdə qəbrin üzərində sadə bir məqbərə tikilmiş, onun yaxınlığında məscid inşa edilmiş və həyətinə bir neçə çinar ağacı əkilmişdir. Buxarinin dəfn olunduğu qəbiristanlıq əsrlər boyu müsəlmanlar üçün mühüm ziyarət məkanlarından biri olmuşdur. Lakin Sovet hakimiyyəti dövründə yürüdülən siyasət nəticəsində bu məqbərə baxımsız vəziyyətə düşmüşdür.

Özbəkistan müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülməyə başlanmışdır. Bu çərçivədə Özbəkistan Respublikası Nazirlər Kabinetinin 29 aprel 1997-ci il tarixli "İmam Buxarinin hicri-qəməri təqvimə görə anadan olmasının 1225 illiyinin qeyd edilməsi haqqında" qərarına əsasən, mühəddis məzarının yerləşdiyi ərazidə yeni memorial kompleks inşa edilmişdir. Kompleksin tikintisi 1998-ci ildə başa çatdırılmışdır.

Kompleksin əsaslı təmir edilmiş və 2026-cı ilin mart ayında rəsmi mərasimdən sonra fəaliyyətə başlamışdır.

Kompleks 45 hektarlıq ərazini əhatə edir və onun tərkibinə mərkəzi məscid, Buxarinin məqbərəsi, inzibati binalar, eləcə də 154 sütun üzərində ucalan geniş eyvan daxildir. Dörd minarənin hündürlüyü 75 metrə çatır, kompleksdə isə ümumilikdə 14 günbəz yerləşir. Yeni yenidənqurma nəticəsində kompleksin tutumu əvvəlki quruluşla müqayisədə əhəmiyyətli dərəcədə artırılıb. Əvvəllər kompleks gündə ən çox 12 min zəvvar qəbul edə bildiyi halda, indi gündə 65 minədək ziyarətçiyə xidmət göstərmək imkanına malikdir. Məscidin daxilində 10 min nəfər ibadət edə bilir, həyəti isə Ramazan və Qurban bayramı namazları kimi böyük dini mərasimlər zamanı 35–40 min nəfəri qəbul edə bilir.

Kompleksin tərkib hissəsi kimi 9 bölmədən ibarət muzey də yaradılıb. Muzeydə Buxarinin həyatı və elmi fəaliyyəti təqdim olunur, hədislərin toplanması və qeydə alınması prosesi izah edilir. Ekspozisiyada həmçinin Quranda adı çəkilən peyğəmbərlərlə bağlı materiallar, eləcə də Məhəmmədin Məkkə və Mədinədəki həyatı haqqında tarixi məlumatlar yer alır.

Tikintidə istifadə olunan inşaat materialları müxtəlif ölkələrdən gətirilib. Xarici fasadda işlədilən daşlar Türkiyə, Yunanıstan, İtaliya və Çindən gətirilib, məqbərədə isə hindistanlı ustalar tərəfindən işlənmiş təbii daşlardan istifadə olunub. Ümumilikdə kompleksdə mərmər və qranit də daxil olmaqla 18 müxtəlif növ daş işlədilib.

Həmçinin bax Əbu Mənsur əl-Maturidi türbəsi

İstinadlar