Əbu Əli Hənbəl ibn İshaq ibn Hənbel əş-Şeybani (; ) — mühədis, fəqih və Əhməd ibn Hənbəlin əmisi oğlu.
Həyatı O, hicri 193-cü (809) ildə anadan olmuşdur. O, Əbu Nuaym Fəzl ibn Dükeyn, Abdullah ibn Zübeyr əl-Humeydi, Süleyman ibn Hərb və Əhməd ibn Hənbəl və başqa mühəddislərdən hədis öyrənmiş, həmçinin fiqh və tarix elmlərində də nüfuz sahibi olmuşdur.
Ondan Əbu Bəkr əl-Xəllal, Əbül-Qasım əl-Bəğavi, İbn Səid əl-Haşimi, Məhəmməd ibn Məxləd, Əbu Cəfər ibnül-Bəxtəri və Əbu Əmr ibnüs-Səmmak kimi mühəddislər hədis rəvayət etmişlər.
Əhməd ibn Hənbəlin əmisi oğlu olduğuna görə onun evində və elmi məclislərində daha çox iştirak etmiş, fiqhi görüşlərini qeydə almışdır. Əhməd ibn Hənbəlin həyatı ilə bağlı məlumatların mühüm bir hissəsi məhz onun vasitəsilə nəql edilmişdir. Hənbəl ibn İshaq, Əhməd ibn Hənbəldən eşidərək qələmə aldığı bəzi dini məsələlər (məsail) üçün yeganə mənbə hesab olunur.
Xüsusilə mihnə dövründə Əhməd ibn Hənbəlin tələbələrlə görüşməsi və onlara hədis rəvayət etməsi qadağan edildiyi zaman, onun iki oğlu Saleh və Abdullah ilə birlikdə Hənbəl ibn İshaq yeganə tələbələri olmuşdur. Təxminən beş il davam edən bu müddətdə onlar "əl-Müsnəd" əsərini tam şəkildə müəllifindən oxumuşlar. Hənbəl ibn İshaqın bildirdiyinə görə, "əl-Müsnəd" əsərini Əhməd ibn Hənbəldən bütövlükdə yalnız bu üç nəfər oxumuşdur.
Əhməd ibn Hənbəl kimi olduqca təvazökar həyat sürən Hənbəl ibn İshaq əsasən Bağdadda yaşamış, lakin vaxtaşırı Bağdad yaxınlığındakı Ukbəra və Vasit şəhərlərinə gedərək müəllimindən topladığı məsaili rəvayət etmişdir. Etibarlı hədis alimi kimi tanınan Hənbəl ibn İshaq hicri 273-cü ilin Cəmadiyəl-əvvəl ayında (886-cı ilin oktyabrında) Vasit şəhərində vəfat etmişdir.
Mənbələrdə onun Ubeydullah və ya Abdullah adlı bir oğlunun da özündən hədis rəvayət etdiyi qeyd edilir.
Əsərləri Hənbəl ibn İshaqın dövrümüzü qədər gəlib çatmış əsərləri bunlardır:
Kitabül-Fitən (və ya "əl-Fitən"). Mihnətu İbn Hənbəl. Cüz. Tarix.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Hənbəlilər