"Bir" ekosistemi (stilizə forması: Bir ecosystem; azərbaycanca "bir" sözündən) — istehlakçılar və bizneslər üçün bankçılıq, ödənişlər, elektron ticarət və mobil ödənişlər də daxil olmaqla geniş rəqəmsal xidmətlər təqdim edən Azərbaycanın inteqrasiya olunmuş rəqəmsal ekosistemidir.
Tarixi Ekosistem rəsmi olaraq 2025-ci il fevralın 7-də Bakı şəhərində fəaliyyətə başlayıb. Layihə Azərbaycanın bir sıra aparıcı istehlakçı brendlərini, o cümlədən "Birbank", "m10" elektron pul kisəsi, "Milliön" ödəniş terminalları, "Birmarket" elektron ticarət platforması və "Future Lab" innovasiya mərkəzini vahid platformada birləşdirir. "Bir" həmçinin "BakıKart" və "Trendyol Azərbaycan" tərəfdaşlıqları vasitəsilə istifadəçilərə əlavə xidmətlər də təklif edir.
"Bir" ekosisteminin rəsmi təqdimatı 2025-ci il fevralın 7-də Bakıda keçirilmişdir. Həmin vaxt layihənin strukturu və strateji hədəfləri Bir ekosisteminin həmin dövrdəki baş icraçı direktoru (hazırda "PASHA Financial Holding"in baş icraçı direktoru) Fərid Məmmədov tərəfindən ictimaiyyətə təqdim olunmuşdur.
2025-ci ilin avqustunda ekosistemin nümayəndə heyəti Las-Veqasda keçirilən və Şimali Amerikanın süni intellekt sahəsində ən böyük tədbirlərindən sayılan "Ai4" konfransında iştirak edərək, özünün məlumat analitikası (data) və süni intellekt strategiyasını təqdim etmişdir.
2026-cı ilin aprelində "Bir" Banqkokda keçirilən "Money20/20 Asia" konfransında Özbəkistanın "Uzum" platformasının nümayəndələri ilə birlikdə panel müzakirəsinə qatılıb. Müzakirələr zamanı ekosistem əsaslı innovasiyalar və maliyyə inklüzivliyi mövzularına toxunulub.
2026-cı ilin may ayında "Bir" ekosistemi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə memorandum imzalayıb. Razılaşmaya əsasən, tarixi ərazidə sakinlər və turistlər üçün rəqəmsal alətlərin tətbiqi ilə ziyarətçi xidmətlərinin rəqəmsallaşdırılması nəzərdə tutulur. Buraya smart naviqasiya, çoxdilli rəqəmsal bələdçilər, QR kod əsaslı məlumat sistemləri, süni intellekt dəstəkli çatbot və müxtəlif xidmətlərə çıxışı təmin edən mobil platforma daxildir.
Struktur "Bir" ekosistemi bankçılıq, ödənişlər və elektron ticarət olmaqla üç əsas istiqamət üzrə bir neçə brendi birləşdirir:
Birbank – pərakəndə bankçılıq xidməti ("Kapital Bank"ın fərdi müştərilərə yönəlmiş brendi). 2025-ci ilə olan məlumata görə, filiallar və 3 milyondan çox istifadəçisi olan mobil tətbiq vasitəsilə müştərilərə xidmət göstərir. "Birbank"ın mobil tətbiqi Azərbaycanda "Google Play" reytinqində birinci yerdədir. m10 – elektron pul kisəsi və onlayn ödəniş xidməti. Milliön – fiziki ödəniş terminalları şəbəkəsi. Birmarket – onlayn ticarət platforması (keçmiş "Umico.az").
Ekosistemə həmçinin layihəyə məxsus olmayan iki tərəfdaş xidmət də inteqrasiya edilib:
BakıKart – Bakı metrosu və şəhərdaxili avtobuslar üçün ictimai nəqliyyat ödəniş kartı. Bu kart vasitəsilə "Birbank" və "m10" tətbiqləri üzərindən QR kodla ödəniş etmək mümkündür. Trendyol Azərbaycan – Türkiyənin "Trendyol" elektron ticarət platformasının yerli qolu ilə yaradılmış birgə müəssisədir. Bu tərəfdaşlıq "Birbank" kartları ilə taksitli ödənişlər etməyə imkan verir.
Həmçinin bax
Azərbaycanda bank sistemi Azərbaycan iqtisadiyyatı
İstinadlar