Jak Ru (; ) — Fransa keşişi və inqilabçısı, Fransa inqilabı dövründə ifrat solçu "quduzlar" fraksiyasının lideri.
Fəaliyyəti 1791-ci ildən etibarən Kordelyerlər Klubunun üzvü olmuşdur. Xalq demokratiyasının və sinifsiz cəmiyyətin tərəfdarı kimi tanınan Jak Ru xalq kütlələrinin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini müdafiə etmişdir.
1792-ci ildə o, möhtəkirlərin təqib edilməsi, birjanın bağlanması, mərkəzləşdirilmiş təsərrüfatın tətbiq olunması, həmçinin əhalinin iqtisadi bərabərliyini təmin etmək və yoxsulluğu aradan qaldırmaq məqsədilə torpaqların ekspropriasiyasını (məcburi özgəninkiləşdirilməsini) hədəfləyən radikal "quduzlar" fraksiyasının əsasını qoymuşdur.
Müəllif 20 may 1792-ci il tarixli "Fransanın və azadlığın xilası vasitələri haqqında" adlı xütbəsində möhtəkirlər və sələmçilər üçün ölüm cəzası tələb etmişdir. O, xalqın fəlakətləri hesabına varlanmaqdan və xalqın göz yaşlarına, müflisləşməsinə səbəb olan sələmçilik sövdələşmələri aparmaqdan daha böyük cinayətin olmadığını bildirmiş, tiranlıq boyunduruğundan azad olmuş bir millətin sərvət aristokratiyasının amansız intriqalarına qarşı qətiyyətlə mübarizə aparmalı olduğunu vurğulamışdır.
1792-ci ilin dekabr ayında Jak Ru Paris Kommunasında Qravilye seksiyasının nümayəndəsi seçilmişdir. Ona ümumdünya şöhrəti qazandıran isə "Sonuncu Lüdovikin məhkəməsində və möhtəkirlərin, sələmçilərin, xainlərin təqib olunması haqqında nitq" əsəri olmuşdur. O, bu çıxışında təkcə kral və kralıcanın edam edilməsini tələb etməklə kifayətlənməmiş, həmçinin jirondistlərə qarşı açıq mübarizəyə başlamaq çağırışı etmişdir. Jak Ru bu nitqində ərzaq məhsullarına maksimum qiymətlərin tətbiq olunması barədə danışmağa başlamışdır. 1793-cü ilın fevral ayında Parisdə xalq tərəfindən qiymətlərin müəyyənləşdirilməsi uğrunda kortəbii iğtişaşlar başlanmışdır. Bu hadisələr jironduçuların süqutunu sürətləndirmiş və Paris plebey kütlələrinin necə vahiməli bir qüvvə olduğunu nümayiş etdirmişdir. İnqilabın müasir tarixşünaslarının fikrinə görə, Jak Ru bu iğtişaşların təşkilatçısı olmuşdur. Bu dövrdən etibarən "quduzlar" ilə yakobinçilər arasında yaxınlaşma başlamış və bu ittifaq özünün ən bariz təzahürünə "31 may inqilabı" (31 may — 2 iyun 1793-cü il) zamanı çatmışdır, lakin qısa müddət sonra yakobinçilər və "quduzlar" arasında ixtilaflar yaranmışdır.
25 iyun 1793-cü il tarixində Jak Ru Konventdə "İki seksiya və Kordelyerlər Klubunun müraciəti" ilə çıxış edərək burjuaziya tərəfindən bərqərar edilmiş azadlığı tənqid etmiş və möhtəkirliyə qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsini tələb etmişdir. O, öz nitqində bəyan etmişdir ki, bir sinif digərini cəzasız olaraq aclıqla məhv edə bildiyi təqdirdə azadlıq boş bir xəyaldan başqa bir şey deyil. Zəngin adam inhisarlar sayəsində öz bənzərlərinin həyatı və ölümü üzərində hüquq qazandığı zaman bərabərlik də boş bir xəyal statusu daşıyır. Əks-inqilabın gündən-günə fəaliyyət göstərərək məhsullara vətəndaşların dörddə üçünün yalnız göz yaşı tökərək əldə edə biləcəyi qiymətlər qoyduğu bir şəraitdə respublika da boş bir xəyaldır. Daha sonra Jak Ru dörd il ərzində inqilabın bəhrələrindən yalnız varlıların istifadə etdiyini qeyd etmişdir. Onun bu çıxışında səsləndirdiyi fikirlər Fransa inqilabının tarixçiləri Albert Matyez və Moris Domanje tərəfindən "quduzların manifesti" adlandırılsa da, Jorj Rude və Albert Sobul bu sənədi sanksülotların və ya plebey kütlələrinin manifesti adlandırmağı daha doğru hesab etmişdilər.
İstinadlar
Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:Fransız Roma Katolik keşişləri Kateqoriya:Həbsdə ölən şəxslər Kateqoriya:Kəskin alət ilə intihar edənlər