Diffamasiya Əleyhinə Liqa və ya İftira və Qaralama ilə Mübarizə Liqası (, qısaldılması: ADL) — 1913-cü ildə B'nai B'rith təşkilatı tərəfindən ABŞ-da yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatı. Təşkilatın nizamnaməsində bəyan edilən əsas məqsədi "yəhudi xalqının qaralanmasının qarşısını almaq, eləcə də bütün vətəndaşların ədalətli və bərabər rəftara layiq görülməsini təmin etmək" olaraq müəyyən edilmişdir.
2007-ci il məlumatlarına görə, illik büdcəsi təxminən 50 milyon ABŞ dolları olan liqanın ABŞ daxilində 29 regional ofisi, dünyada isə 3 nümayəndəliyi mövcud olmuşdur. Uzun illər boyu baş direktorluğunu Abraham Foksmanın, ABŞ üzrə idarə heyəti rəhbərliyini isə Qlen Levinin () icra etdiyi təşkilatın baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir.
ADL antisemitizm, dini təəssübkeşlik və radikalizmlə həm ABŞ daxilində, həm də beynəlxalq səviyyədə mübarizə aparır. Əsas fəaliyyət qayəsi yəhudi icmasına qarşı yönəlmiş böhtanlarla mübarizə olsa da, təşkilatın irqi və dini ayrı-seçkiliyin bütün formalarına qarşı fəaliyyət göstərdiyi vurğulanır. Təşkilatın rəsmi bəyanatlarında əsas hədəflərinin yəhudi hüquqlarını və İsrail Dövlətini müdafiə etmək, dövlətlərin öz vətəndaşlarına dinindən asılı olmayaraq bərabər hüquqlar tanımasını təmin etmək, ekstremist qrupları və zorakılıq tərəfdarlarını izləmək, həmçinin Holokost və digər müasir soyqırımları tədqiq edərək pisləmək olduğu bildirilmişdir.
Təşkilat yəhudilərin hüquqlarını müdafiə edən ABŞ-dakı ən böyük lobi təşkilatlarından biri kimi qəbul edilir. Neo-nasist və ya antisemit şüarların istifadəsinə, bu ideologiyaların açıq şəkildə təbliğ edilməsinə qarşı hüquqi mübarizə aparırlar. Antisemit və neo-nasist təbliğat yayan media orqanlarının, bu fəaliyyətlərlə məşğul olan şəxs və təşkilatların fəaliyyətlərini öz illik hesabatlarında ifşa edərək rəsmi təşkilatlarla koordinasiyalı şəkildə qarşısını almağa çalışırlar.
İnanclararası dialoq düşərgəsi
ADL-in Yeni İngiltərə () regional ofisi tərəfindən xristian, yəhudi və müsəlman gənclərin bir həftə ərzində bir araya gələrək bir-birlərinin mədəniyyətlərini öyrənmələri və ünsiyyət yaratmaları məqsədilə "İnanclararası Düşərgə" () adlı layihə təşkil olunur. Bu təşəbbüs, İbrahimi dinlərə mənsub olan gənclər arasında qarşılıqlı razılaşmanı təşviq etmək və xoşməramlı əlaqələri inkişaf etdirmək məqsədi daşıyır.
"Qayğıkeşlik Cəsarəti" mükafatı Bu mükafat () Yəhudi soyqırımı dövründə yəhudilərin xilas edilməsində fədakarlıq göstərmiş, həmçinin onlara qarşı yönəlmiş qərəz və qaralamalarla mübarizə aparmış şəxslərə verilir. İkinci Dünya müharibəsi illərində yəhudi qaçqınları xilas edən türk diplomatlarının xatirəsinə ehtiram olaraq, 11 iyun 2005-ci ildə bu mükafat Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana təqdim edilmişdir.
Həmçinin bax
Amerika Yəhudi Komitəsi B'nai B'rith
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ–İsrail münasibətləri Kateqoriya:Erməni soyqırımının inkarı Kateqoriya:Yəhudi siyasi təşkilatlar Kateqoriya:Diffamasiya Əleyhinə Liqa Kateqoriya:ABŞ-də siyasət