"Sultan 10" əməliyyatı () — İran–İraq müharibəsinin başlanğıcında, 29 oktyabr 1980-ci il tarixində İran Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyat. Əməliyyat zamanı İran Hərbi Hava Qüvvələrinin 32-ci və 33-cü eskadronlarına məxsus altı ədəd "F-4E Phantom II" qırıcısı İraqın Mosul şəhəri yaxınlığında yerləşən Əl-Hürriyyə aviabazasına hücum təşkil etmişdir.

Zəmin 1980-ci ilin oktyabr ayının sonlarında İranın Tehranda yerləşən 1-ci Taktiki Hava Bazasının komandanlığı, Fransadan olan mühəndislərinin İraqa göndərildiyi və İraq Hərbi Hava Qüvvələrinin Fransadan satın aldığı bir sıra "Mirage F1" qırıcılarının Əl-Hürriyyə aviabazasında yerləşdirildiyi barədə kəşfiyyat məlumatı əldə etmişdir. Fransa Hərbi Hava Qüvvələrinin şəxsi heyəti iraqlı pilotlara və texniklərə bu yeni təyyarələrdən istifadə qaydalarını öyrətmək üçün fəaliyyətə başlamışdır.Iranian F-14 Tomcat Units in Combat by Tom Cooper & Farzad Bishop, 2004, Oxford: Osprey Publishing, p. 28

Əməliyyat Hazırlıq Sərhədi keçməsi planlaşdırılan və "Sultan 1"dən "Sultan 10"a qədər kod adları verilən 10 təyyarənin iştirakı nəzərdə tutulduğu üçün əməliyyata "Sultan 10" adı verilmişdir. Hədəf İraq ərazisinin 180 mil dərinliyində, Mosul yaxınlığında yerləşirdi. Əməliyyata ikisi ehtiyat olmaqla "Sultan 1" - "Sultan 6" çağırış siqnallı səkkiz ədəd "F-4 Phantom" qırıcısı, biri ehtiyat olmaqla "Sultan 7" və "Sultan 8" çağırış siqnallı üç ədəd "F-14 Tomcat" qırıcısı və biri ehtiyat olmaqla "Sultan 9" və "Sultan 10" çağırış siqnallı üç ədəd "Boeing 707" təyyarə-tankeri cəlb edilmişdir. Hər iki "Tomcat" qırıcısına tankerləri qorumaq vəzifəsi tapşırılmışdır, çünki bu təyyarələrin itirilməsi yanacaq çatışmazlığı səbəbindən altı "Phantom" qırıcısının da məhvinə yol aça bilərdi. Əgər qrup İran sərhədini keçib birbaşa Mosula doğru uçsaydı, "SA-2", "SA-3" və "SA-6" zenit-raket kompleksləri ilə təchiz olunmuş hava hücumundan müdafiə sistemləri ilə qarşılaşacaqdı. İranlı komandirlər tam radio sükutu əmri vermiş və əməliyyata dan yeri sökülməmişdən əvvəl başlamışdılar. İraq sərhədini keçməzdən dərhal əvvəl qırıcılar tankerlərdən havada yanacaq doldurmuşdurlar. Daha sonra Türkiyə hava məkanından keçmiş və İraq ərazisinə daxil olmuşdular. Tankerlər və "Tomcat" qırıcıları alçaq hündürlükdə qalaraq "Phantom" qrupunun geri qayıtmasını gözləmişdilər.

Tankerlərin mühafizəsi zamanı İraq qüvvələri tərəfindən aşkarlanma ehtimalını azaltmaq məqsədilə "Tomcat" qırıcılarından birinin radarı söndürülmüş vəziyyətdə saxlanılmışdır. Bu əsnada hücum qrupu Mosula zərbələr endirmiş və İrana tərəf geri dönmüşdür. Maksimal həcmdə hava-yer tipli silahlar daşıdıqları üçün "Phantom" qırıcılarının heç birində hava-hava tipli raketlər olmamış, bu da onları hava hücumları qarşısında müdafiəsiz qoymuşdur.Iranian F-14 Tomcat Units in Combat by Tom Cooper & Farzad Bishop, 2004, Oxford: Osprey Publishing, p. 29

Hava döyüşü "AN/AWG-9" radarının imkanları sayəsində "Tomcat" qırıcılarının heyəti 40 mil məsafədə dörd İraq qırıcısının "Phantom"lara doğru hərəkət etdiyini təsbit etmişdir. "Phantom"ların özlərini qorumaq üçün heç bir raketi olmadığından, kapitan Sidqinin idarə etdiyi "Sultan 7" və kapitan Tayebinin idarə etdiyi "Sultan 8" qırıcılarına onları mühafizə etmək əmri verilmişdir. "Tomcat"lar hədəfi qarşılamaq üçün hərəkətə keçərək əvvəlcə 15 000 fut hündürlüyə qalxmışdırlar. Düşmən tərəfindən fərq edilmədiklərini görən qırıcılar hündürlüyü əvvəlcə 20 000 fut, daha sonra isə 22 000 fut səviyyəsinə qaldırmışdılar.

"Sultan 7" qırıcısı iki "AIM-54 Phoenix", iki "AIM-9 Sidewinder" və üç "AIM-7 Sparrow" raketi ilə, "Sultan 8" qırıcısı isə iki "AIM-9" və altı "AIM-7" raketi ilə silahlanmışdır.Iranian F-14 Tomcat Units in Combat by Tom Cooper & Farzad Bishop, 2004, Oxford: Osprey Publishing, p. 30

45 mil məsafədə həmin dörd qırıcının İraqa məxsus "MiG-23" təyyarələri olduğu müəyyən edilmişdir. "Sultan 7" hər iki "Tomcat"a radioelektron yatırtmaya qarşı müdafiə (ECCM) sistemlərini işə salmağı əmr etmişdir. "Sultan 7"nin sistemi sıradan çıxdığı üçün hər iki təyyarənin müdafiəsini "Sultan 8"in sistemləri təmin etmişdir. "MiG-23" qırıcılarına 20 mil məsafə qaldıqda, kapitan Sidqi öz silah sistemləri zabitinə (RIO) iki "AIM-54 Phoenix" raketini atəşə hazır vurmağı tapşırmışdır.Iranian F-14 Tomcat Units in Combat by Tom Cooper & Farzad Bishop, 2004, Oxford: Osprey Publishing, p. 31

Birinci raket atılmış, səkkiz saniyə sonra isə ikinci raket göndərilmişdir. Birinci raket hədəfi birbaşa zərbə ilə məhv etsə də, ikinci raketin birbaşa dəymədiyi müşahidə olunmuşdur. "F-14"ün silah sistemləri zabiti sonradan verdiyi ifadədə həmin raketin İraq təyyarəsini ağır zədələdiyini bildirmişdir. Bu məlumat "Sultan 8" qırıcısı, həmçinin döyüş başlığının planlaşdırılandan ya əvvəl, ya da sonra partladığını göstərən hesabat tərəfindən də təsdiqlənmişdir. İran təyyarələrini fərq edən İraq qırıcıları hündürlüyü azaltmış, bu isə onları istəmədən İran təyyarələri üçün daha asan hədəfə çevirmişdir.Iranian F-14 Tomcat Units in Combat by Tom Cooper & Farzad Bishop, 2004, Oxford: Osprey Publishing, p. 32

"MiG-23" qırıcılarına cəmi 7 mil məsafə qaldıqda, "Sultan 7" və "Sultan 8" yerdə qalan MiQ-lərə eyni vaxtda atəş açmaq niyyətində olmuşdular, lakin "Sultan 8"in mərkəzi idarəetmə sistemi (CSD) işləmədiyi üçün o, təyyarənin raketlərindən istifadə edə bilməmişdir. Bu texniki problem səbəbindən o, yalnız "M61 Vulcan" topundan istifadə etmək məcburiyyətində qalmışdır. "Sultan 7"nin pilotu kapitan Sidqi "Sultan 8"ə "Sultan 9" və "Sultan 10" tankerlərinin yanında qalmağı və onun qayıtmasını gözləməyi tapşırmışdır. Sidqi forsaj rejimini işə saldıqdan sonra iki "MiG-23" bir-birindən ayrılmış, öndə gedən təyyarə sağa, onu izləyən isə sola doğru manevr etmişdir.Iranian F-14 Tomcat Units in Combat by Tom Cooper & Farzad Bishop, 2004, Oxford: Osprey Publishing, p. 33

Sidqi öndə gedən təyyarəni təqib edərək "Sparrow" raketi atmış və raket hədəfin quyruq hissəsinə dəymişdir. Saniyələr sonra təyyarənin qanadı qopmuş və o, yerə çırpılmışdır. Silah sistemləri zabiti bu zaman digər "MiG-23"ün onların arxasından yaxınlaşdığını fərq etmişdir. Sidqi forsajı söndürərək təyyarənin sürətini saatda 520 mildən 150 milə endirən xüsusi bir manevr icra etmiş və bu, "Tomcat"a dəqiq atəş açmaq imkanı yaratmışdır. Atılan ikinci "AIM-7" raketi "MiG-23"ün quyruq hissəsinə dəyərək onu yerə doğru yönəltmişdir. Təyyarənin pilotu katapult etməyi bacarmış və o, dörd "MiG-23"ün heyət üzvləri arasında sağ qalan yeganə şəxs olmuşdur. Həlak olan İraq pilotlarından biri müharibənin əvvəllərində İran Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd "Northrop F-5" qırıcısını vuran Əhməd Sabah olmuşdur.عمليات سلطان، ضرب شست نيروي هوايي ايران به فرانسويها nahaja.aja.ir (in Persian)

İstinadlar

Kateqoriya:İran-İraq müharibəsi Kateqoriya:1980-ci ildə Türkiyə Kateqoriya:İran–Türkiyə münasibətləri