Teatr meydanı — Ukraynanın Donetsk şəhərinin mərkəzi meydanlarından biri. Meydan Voroşilov rayonunda, Artyom küçəsi ilə Teatr prospektinin kəsişməsində yerləşir.
Teatr meydanının memarlıq ansamblına Taras Şevçenko adına kinoteatrın binası (yerli əhəmiyyətli memarlıq abidəsi), "Donqiproşaxt" institutu və A. B. Solovyanenko adına Donetsk Milli Akademik Opera və Balet Teatrının binası (ölkə əhəmiyyətli memarlıq abidəsi) daxildir. Opera teatrının cinahlarında şimal və cənub bağçaları yerləşir. Bu bağçalarda Frans Qrinkeviç, Kuzma Qurov və Anatoli Solovyanenkonun abidələri, həmçinin skiflər mövzusunda heykəltəraşlıq kompozisiyası ucaldılmışdır.
Memarlıq ansamblının yaradılmasında P. V. Tamurov, memarlar L. İ. Kotovski, V. M. Orexov, L. L. Berberov, T. İ. Bondarenko, Q. İ. Navrotski, L. A. Teplitski, A. P. Straşnov, Q. A. Blaqodatni, N. K. İvançenko, V. E. Vyazovski, habelə heykəltəraşlar E. İ. Belostotski, E. M. Fridman, A. M. Skorıx, Y. İ. Baldin və V. Q. Kiselev iştirak etmişdilər.
Formalaşması 1934-cü ildə "Stalinstroy"un rəhbəri Panteley Tamurovun rəhbərliyi altında şəhərin baş yenidənqurma layihəsinə və orada mədəniyyət kompleksinin yaradılmasına başlanılmışdır. 1936-cı ildə həmin layihəyə uyğun olaraq, opera və balet teatrı binasının inşasına start verilmişdir. İlkin olaraq bina dram teatrı kimi layihələndirilsə də, dram teatrının artıq öz binası olduğundan, tikinti zamanı layihədə dəyişikliklər edilmiş və bina opera və balet teatrına verilmişdir. Tikintinin baş memarı Lüdviq Kotovski olmuş, tikintiyə ümumi rəhbərlik isə Solomon Krola tapşırılmışdır.
Teatr üçün bünövrə çuxuru əllə, bel vasitəsilə qazılmışdır. Çuxurun dərinliyi yeraltı qarajlar üçün hesablanmışdır (sonradan həmin sahələrdə istehsalat sexləri yerləşdirilmişdir). Tikintiyə iş icraçıları N. K. Milyutin və Q. İ. Şapov rəhbərlik etmişlər. Teatrın inşası üçün 6,2 milyon sovet rublu ayrılsa da, bu məbləğ kifayət etməmiş və smeta dəyəri 9 256 200 rubla qədər artırılmışdır. Teatrın açılışı əvvəlcə 23 fevral 1941-ci il tarixinə — Qırmızı Ordu Gününə planlaşdırılsa da, işlər vaxtında çatdırılmamış və açılış tarixi 12 aprel 1941-ci ilə, Bir may bayramına həsr olunmaqla keçirilmişdir.
1937-ci ildə T. Q. Şevçenko adına kinoteatrın inşasına başlanılmış və 1939-cu ildə başa çatdırılmışdır. Şevçenko adına kinoteatrın binası müharibə zamanı ciddi zərər görmüşdür, lakin salamat qalmışdır. Onunla üzbəüz yerləşən Donetsk Metallurgiya Zavodunun yataqxanası tamamilə dağılmışdır.
Meydan öz adını Donetskin alman işğalı dövründə, işğalçı hakimiyyət tərəfindən şəhərin küçə və meydanlarının adlarının dəyişdirilməsi zamanı almışdır.
1944-cü ilin sentyabr ayında, Stalino şəhərinin azad edilməsinin birinci ildönümü münasibətilə şəhər rəhbərliyi opera teatrının binası qarşısında bu hadisəyə həsr olunmuş abidənin ucaldılması barədə qərar qəbul etmişdir. Abidənin hazırlanması teatrın baş butaforu Oleq Zdixovskiyə başqa bir müəllifin hazır cizgiləri əsasında tapşırılmışdır. İşlərdə həmçinin butafor köməkçisi Kritsın də iştirak etmişdir. Abidə üzərində iki heykəltəraşlıq fiquru olan stela formasında idi: əlində Şpagin tapança-pulemyotu olan, plaş-çadır geyinmiş əsgər və mədənçi fiqurları. Heykəllər papye-maşe üsulu ilə hazırlanmışdı. Onlar üçün qalın məftildən karkas qurulmuş, onun üzərində isə Zdixovskinin Evdokiyevkadakı fayans zavodunun yaxınlığındakı karyerdən gətirdiyi ağ yağlı gildən fiqurlar yoğrulmuşdur. Konstruksiyanın üzərinə zeytun yağı çəkilmiş bir neçə kağız və kətan qatı tətbiq edilmiş, sonra qəlibi çıxarmaq üçün kəsilmiş, yenidən birləşdirilmiş və gümüşü rənglə örtülmüşdür. Postament və stela metaldan hazırlanmış, ön tərəfi isə xüsusi işlənmiş və yapışdırılmış daş kömür parçaları ilə bəzədilmişdir. Abidə müvəqqəti xarakter daşımış və bir neçə il qaldıqdan sonra küçə hərəkətinə mane olmaması üçün götürülmüşdür.
1940-cı illərdə meydan şəhərin əsas meydanı hesab olunurdu, çünki həmin dövrdə Lenin meydanı hələ tam formalaşmamışdı. Onun bir hissəsi bir mərtəbəli tikililərlə əhatə olunmuşdu, müasir ərazisinin yarısını isə sovet xəstəxanası və baytarlıq klinikası tuturdu. Teatr meydanının perimetri boyu sakinlərin əmək nailiyyətləri haqqında məlumatların əks olunduğu stendlər quraşdırılmışdı.
"Qiproqrad" tərəfindən 1949-cu ildə işlənib hazırlanmış (memarlar V. M. Orexov, L. L. Berberov, T. İ. Bondarenko) şəhərin ictimai mərkəzinin formalaşdırılması planına əsasən, Teatr meydanı bir-biri ilə əlaqəli üç meydandan ibarət anfiladanın bir hissəsi olmalı idi: Mərkəzi İnzibati (hazırkı Lenin meydanı), Teatr və Qələbə (yaradılmamışdır, hazırda təxminən həmin yerdə Kilsə meydanı yerləşir) meydanları. Bu plan meydanın Lenin meydanı ilə məkan baxımından vəhdətini təmin edirdi.
1950–1951-ci illərdə opera teatrının hər iki tərəfində memar Q. A. Blaqodatninin layihəsi əsasında iki yaşayış binası inşa edilmişdir ki, bu da meydanın məkan təşkilini uğurla tamamlamışdır. Bu binalardan biri şəhərin mərkəzindəki sonuncu xüsusi mülkiyyət sektoru olan Dalni qəsəbəsinin yerində ucaldılmışdır. 1952-ci ildə T. Q. Şevçenko adına kinoteatrın yanında, müharibə zamanı dağılmış Donetsk Metallurgiya Zavodunun yataqxanasının yerində "Donqiproşaxt" institutunun binası tikilmişdir.
Artyom küçəsinin Teatr prospekti ilə Şevçenko bulvarı arasındakı şərq hissəsi müxtəlif vaxtlarda tikilmiş və məkan həlli baxımından fərqlənən binalardan ibarətdir. Bu binaların vahid ansambl təşkil etməsi üçün vahid rəng tərtibatı üsulundan istifadə edilmişdir.
Ansamblı Taras Şevçenko adına kinoteatr Kinoteatrın binası 1937–1939-cu illərdə memar L. A. Teplitskinin layihəsi əsasında inşa edilmişdir. Bu tikili Ukraynada ilk çoxzallı kinoteatr olmuşdur. Binanın baş fasadı iki mərtəbə hündürlüyündə tağlı eyvanla (lociya) tərtib edilmişdir. 1968-ci ildə kinoteatr memar Alvian Platonoviç Straşnovun layihəsi üzrə yenidən qurulmuşdur. Yenidənqurmaya qədər binada 1400 tamaşaçı tutumu olan üç zal fəaliyyət göstərmişdir.
Donqiproşaxt
"Donqiproşaxt" institutunun binası 1952-ci ildə memar Georgi Navrotskinin layihəsi (mühəndis V. V. Kadintsev) əsasında ucaldılmışdır. Binanın fasadı monumental formalarda həll edilmiş və rus klassisizminin motivlərindən istifadə olunmuşdur. Tikilinin bir sıra elementləri kömür sənayesini simvolizə edir.
Bina üçmərtəbəlidir, ikinci və üçüncü mərtəbələr arasındakı sərhəd kəskin şəkildə vurğulanmışdır. Üçüncü mərtəbədə pəncərələr taxçalara daxil edilmiş və sütunlarla əhatə olunmuşdur. Artyom küçəsinə baxan fasad dörd sütunlu portik şəklində işlənmişdir ki, bu sütunların piyadalları qara cilalanmış qranitlə üzlənmişdir. Sütunlar mərtəbələrarası sərhədi keçərək frontonu onun üzərinə qaldırır. Binanın kürsülük hissəsi də qara cilalanmış qranitlə örtülmüşdür.
Opera və balet teatrı
A. B. Solovyanenko adına Donetsk Milli Akademik Opera və Balet Teatrının binası memar Lüdviq Kotovskinin layihəsi əsasında klassik üslubda inşa edilmişdir. Teatrın eyvanlı baş fasadı təxminən otuz metr hündürlüyündədir və meydana tərəf baxır. Binanın interyerləri və fasadları zəngin plastik ifadəliliyə malikdir. Mərmər üzləmə işləri Rostov-na-Donundan olan ustalar, heykəltəraşlıq nümunələri isə Kiyev sənətkarları tərəfindən yerinə yetirilmişdir. Teatrın açılışı 21 aprel 1941-ci ildə baş tutmuşdur.
Teatr binası ilə Nijnekalmius su anbarının sol sahil yamacları və su səthi arasında Teatr prospekti — Teatr meydanının en kəsiyi oxu boyunca uzanan geniş məkan əlaqələri mövcuddur. Teatrın məhz Teatr prospektinin oxu üzərində yerləşməsi ona rahat yaxınlaşmanı təmin etmişdir..
Yaşayış binaları
1950–1951-ci illərdə opera teatrının hər iki tərəfində memar Q. A. Blaqodatninin layihəsi əsasında iki yaşayış binası inşa edilmişdir. Bu binalar Teatr meydanının formalaşmasını tamamlamalı idi, lakin tikinti başa çatdıqda Lenin meydanı inkişaf etdirildiyi üçün Teatr meydanının ölçüləri kiçildilmişdir. Həmin binaların qarşısında bağçalar salınmış, nəticədə binalar meydanın memarlıq ansamblında əhəmiyyətli rolunu itirmişdir. Binalar teatra nəzərən simmetrik yerləşmişdir və eyni plan quruluşuna malikdir. Tikililər silikat kərpicdən inşa edilmiş, beton yapma bəzəklər və fiqurlu eyvanlarla tərtib olunmuşdur. Fasadların mərkəzində həyətə keçidi təmin edən tağlar yerləşmişdir. Sonradan həmin tağlar barmaqlıqlarla bağlanmış və şüşələnmişdir.
Cənub bağçası Teatr meydanının bağçası Artyom küçəsi, Qurov prospekti və Teatr prospekti ilə hüdudlanır. Opera və balet teatrı ilə "Donbass Palas" mehmanxanası arasında yerləşir. Bağçada İkinci Dünya müharibəsi illərində Donetsk uğrunda döyüşlərdə iştirak edən iki SSRİ hərbçisi — general-leytenant, Cənub cəbhəsinin Hərbi Şurasının üzvü Kuzma Qurovun və qvardiya polkovniki, 32-ci tank briqadasının komandiri Frans Qrinkeviçin məzarları yerləşir. Hər iki şəxs Donetskdən kənarda vəfat etmişdilər (Qurov 25 sentyabr 1943-cü ildə Zaporojya vilayətinin Qusarka kəndində, Qrinkeviç isə 11 oktyabr 1943-cü ildə Zaporojya vilayətinin Xarkovo kəndində vəfat etmişdir), lakin onların cənazələri gətirilərək burada dəfn olunmuşdur. Qurovun ürəyi bədənindən ayrı olaraq vəfat etdiyi yerdə — Zaporojya vilayətinin Qusarka kəndində basdırılmışdır.
Kuzma Akimoviç Qurovun abidəsi 1954-cü ildə onun məzarı üzərində ucaldılmışdır və büst formasındadır. Abidənin müəllifləri heykəltəraşlar Efim İsayeviç Belostotski və Elius Moiseyeviç Fridman, memar N. K. İvançenkodur. Büst çuqundan hazırlanmış hündür qofrepostament üzərində dayanır. Postamentin bünövrəsi barelyeflərlə bəzədilmiş stilobat şəklindədir. Abidə vilayət kommunal təsərrüfat idarəsinin Stalino vaqon-təmir zavodu tərəfindən hazırlanmışdır.
Frans Andreyeviç Qrinkeviçin abidəsi hündür postament üzərində ucaldılmış tankdan ibarətdir. 1943-cü ilin sentyabrında Stalino şəhərini azad edən 32-ci qvardiya tank briqadasının tankçıları öz komandirləri Frans Andreyeviç Qrinkeviçi şəhərin mərkəzində dəfn etmişlər. Onlar məzarın üzərində komandirlərinin fotoşəkli olan postament qurmuş və Qrinkeviçin döyüşdüyü T-34-76 markalı döyüş tankını öz əlləri ilə məzar təpəsinin üzərinə çıxarmışdılar.
1964-cü ildə məzarın üzərində hündür qranit postament və üzərində metaldan tökülmüş "Vətənimizin azadlığı və müstəqilliyi uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanlara əbədi şöhrət. 1941–1945" sözləri yazılmış mərmər tavalar yerləşdirilmişdir. Bir müddət yeni postamentin üzərində köhnə tank qalmışdır, lakin sonradan o, daha müasir T-34-85 tankı ilə əvəz edilmişdir. Qrinkeviçin əsl döyüş tankı o zaman Krupskaya adına kitabxana ilə eyni binada yerləşən diyarşünaslıq muzeyinin həyətinə köçürülmüşdür. 1972-ci ildə tank muzeylə birlikdə yeni ünvana daşınmış və 2010-cu ilə qədər diyarşünaslıq muzeyinin Çelyuskinçilər küçəsinə baxan fasadı önündə dayanmışdır. 2010-cu ildə tank "Donbassın azad edənlərinə" monumentinin yanındakı hərbi texnika meydançasına göndərilmişdir. Muzey əməkdaşları tank üçün "Slavyankanın vidalaşması" marşının sədaları altında təntənəli yola salma mərasimi təşkil etmişsilər.
Şimal bağçası Anatoli Borisoviç Solovyanenko — opera tenoru, SSRİ xalq artistidir. Görkəmli müğənninin Donetsk doğumlu olması şərəfinə opera və balet teatrı onun adını daşıyır. 2000-ci ildə II "Qızıl Skif" beynəlxalq festivalı zamanı gələcək abidənin yerində xatirə daşı qoyulmuş və on heykəltəraşlıq nümunəsinin təqdim edildiyi ən yaxşı layihə müsabiqəsi keçirilmişdir. 31 may 2002-ci il tarixində IV "Qızıl Skif" beynəlxalq festivalı çərçivəsində abidə Teatr bağçasında ucaldılmış və təntənəli şəkildə açılmışdır.