Mədrəsə Əli Bəy Məscidi () — Ədirnə şəhərinin mərkəzində Mustafa oğlu İbrahim adlı xeyriyyəçi tərəfindən 1498-ci ildə inşa etdirilmiş məsciddir. Əvvəllər xalq arasında Əli Bəy Məscidi kimi tanınırdı.
Ədirnədə 1745-ci ildə baş vermiş yanğın və 1751-ci ildəki zəlzələ səbəbilə ciddi ziyan çəkən məscid uzun müddət xaraba vəziyyətdə qalmışdır. Məscidin bərpa edilməsinə qərar verildikdən sonra onun ərazisində qazıntı işlərinə başlanıldı. Məscidə aid yazılı və vizual məlumatların tapılmaması səbəbindən Ədirnədəki təkgünbəzli məscidlərlə müqayisəli araşdırma aparıldı. Aparılmış müqayisəli araşdırmanın nəticəsində məscidin pəncərə yerləri və forması müəyyənləşdirildi. Məscidin üst örtüyü ilə bağlı olaraq, 1917-ci ilə aid fotodakı çoxsəthli dam və alaturka kirəmit örtüyün yanğın və zəlzələdən sonra tətbiq olunmuş ola biləcəyi düşünülmüş, Ədirnənin təkgünbəzli məscidlərində aparılan müqayisəli araşdırmaya əsasən təkgünbəzli tətbiq həyata keçirilmişdir. Giriş eyvanı üçün də müqayisəli araşdırma aparılmış və araşdırmanın nəticəsinə görə giriş eyvanı yerinin də günbəzli inşasına qərar verilmişdir. Bütün bu işlər tamamlandıqdan sonra məscid 8 may 2018-ci ildə yenidən ibadətə açıldı.
Kvadrat planlı məscidin daxili sadə bir görünüşə malikdir. Məscidin qərb küncündə yerləşən minarəsi qırıq daş (və ya çaydaşı) kürsülü və kərpic gövdəlidir. Məscid Ədirnə Mədəniyyət və Təbiət Abidələrini Qoruma Şurasının 4 iyul 2003-cü il tarixli 7697 nömrəli qərarı ilə qorunması vacib olan 1-ci Qrup Abidə kimi qeydiyyata alınmışdır.
Mənbə
İstinadlar
Kateqoriya:Türkiyə məscidləri Kateqoriya:Osmanlı memarlığı