Pavel Romanoviç Li (; ) — koreyaəsilli Ukrayna teatr, kino və dublyaj aktyoru, müğənnisi və bəstəkarı.
Həyatı Pavel Li Kiyevin "Koleso" teatrında fəaliyyət göstərmiş, həmçinin Ukraynanın "Dom" telekanalında teleaparıcı kimi tanınmışdır. Yaradıcılıq yolu ərzində bir çox reklam çarxlarında çəkilmiş, "Unudulmuş əcdadların kölgələri", "Ştolnya", "Döyüş qaydası", "Sinif yoldaşlarının görüşü", "Mütəxəssislər" kimi filmlərdəki rolları ilə məşhurluq qazanmışdır. Bununla yanaşı, o, "Şir Kral" və "Hobbit" kimi dünya şöhrətli ingilisdilli filmlərin ukrain dilinə dublyaj edilməsində iştirak etmişdir. 2021-ci ildə "Əyalətli" serialında rol almışdır.
O, həmçinin "Ulduzlar fabriki" layihəsinin Ukrayna versiyasında iştirak etmişdir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günlərində Pavel Li Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin sıralarına daxil olmuşdur.
Pavel Li 6 mart 2022-ci ildə İrpen şəhəri uğrunda gedən döyüşlər zamanı həlak olmuşdur. Aktyorun ölümü barədə Odessa Beynəlxalq Kinofestivalında rəsmi məlumat verilmişdir. O, 18 mart 2022-ci ildə İvano-Frankivsk vilayətinin Voroxta kəndində, anasının yaşadığı yerdə dəfn edilmişdir. Ukraynanın Birinci xanımı Olena Zelenska sosial şəbəkə hesablarında aktyorun ölümü ilə bağlı fikirlərini bölüşmüş, Pavel Linin müharibə alovuna bürünmüş İrpendən insanları təxliyə edərkən həlak olduğunu qeyd etmişdir. Ukrayna şou-biznesinin bir çox nümayəndəsi və həmkarları aktyorun xatirəsini ehtiramla yad etmişdilər.
İstinadlar
Kateqoriya:Ukrayna aktyorları Kateqoriya:Ukrayna bəstəkarları Kateqoriya:Ukrayna müğənniləri Kateqoriya:Ukraynanın televiziya aparıcıları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:XXI əsr müğənniləri