Hoyya-Baçu meşəsi () – Rumıniyanın Kluj-Napoka şəhərinin qərbində yerləşən meşə. Meşə tez-tez paranormal və fövqəltəbii hadisələrlə əlaqələndirildiyi üçün Rumıniyanın və ya Transilvaniyanın Bermud üçbucağı adlandırılır.

Xüsusiyyətlər Meşə 2,95 km² sahəni əhatə edir. Burada əsasən fıstıq, vələs, göyrüş və qarağacları yetişib. Meşənin 55.000 illik yaşı olduğu təxmin edilir. Hoyya-Baçu meşəsi yerlilər və Kluj-Napoka sakinləri tərəfindən istirahət zonası kimi istifadə olunur. Meşədə ziyarətçilər üçün gəzinti və velosiped yolları salınmışdır.

Əfsanələr Hoyya-Baçu meşəsi əsasən əyri ağaclardan ibarət olduğu üçün vahiməli görüntüsünə görə tanınır. 1960-cı illərdən etibarən meşə tez-tez paranormal və fövqəltəbii hadisələrlə əlaqələndirilir. Meşə "Rumıniyanın Bermud üçbucağı" kimi tanınır, "dünyanın ən kabuslu və qorxulu meşəsi" adlandırılır.

Yerli əfsanələrə görə əyri ağacların ətrafında kabuslar və ruhlar dolaşırlar, meşədə müəmmalı qırmızı işıqlar görünür. Bir əfsanəyə görə 5 yaşlı bir qız meşədə yoxa çıxmış, beş il sonra ortaya çıxdıqda heç nə xatırlamadığını bildirmişdir. Digər əfsanə 200 qoyunu ilə birlikdə meşədə yoxa çıxan çoban haqqındadır. Çobanın adı Hoyya olduğu üçün meşə onun şərəfinə adlandırılmışdır. Meşədə yadplanetlilərin görünməsi ilə bağlı şəhər əfsanələri də mövcuddur. 1968-ci ildə hərbi texnik Emil Barnea meşənin üzərində uçan UNO-nun fotosunu çəkdiyini iddia etmişdir. Rumıniyadakı kommunist hökuməti onun iddiasını dövlətə qarşı təxribat hesab etmiş və Emil işini itirmişdir. Meşənin içərisində yerləşən "Dairəvi çəmənlik" () adlı dairəvi formadakı açıqlıq ərazinin UNO-ların eniş yeri olduğu iddia olunur. Meşəyə gələnlər ürəkbulanma, narahatlıq, izlənilmək hissi və elektron cihazların sıradan çıxması kimi halları bildirmişdirlər. Bəziləri meşədə geomaqnit anomaliyasının olduğunu və bunu paranormal hadisələrlə əlaqələndirirlər. Skeptiklər meşə ilə bağlı olan əfsanələrin heç bir əsasının olmadığını bildirmişdirlər.

Meşə 2014-cü ildə paranormal hadisələri araşdıran "Kabus macəraçıları" sənədli serialının bir seriyasının mövzusu olmuşdur. Qorxu janrında olan "Deadly Quiet" videooyununda hadisələr Hoyya-Baçu meşəsində baş verir.

Qalereya

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rumıniya meşələri Kateqoriya:Kabuslu yerlər Kateqoriya:Kluj judetsinin coğrafiyası Kateqoriya:Kluj judetsinin görməli yerləri