Ülviyyə Əli (tam adı: Ülviyyə Əli qızı Quliyeva; ) — azərbaycanlı müstəqil jurnalist, insan hüquqları fəalı və siyasi məhbus; 2019–2025-ci illərdə "Voice of America"nın (VoA) jurnalisti olub.
Ülviyyə Əli 2012-ci ildən Azərbaycanda baş verən bütün insan hüquqları pozuntularını özünün rəsmi X səhifəsində (əvvəl Twitter) işıqlandırıb və beynəlxalq medianın diqqətinə çatdırıb. Həmçinin, Azərbaycanla bağlı beynəlxalq mətbuatda işıqlandırılan xəbərlərdə də onun yaydığı məlumatlara istinad, həmçinin müəllifi olduğu video və fotolardan istifadə olunub.
2025-ci ilin fevralında "Voice of America"nın müxbir akkreditasiyaları ləğv olunandan sonra Ülviyyə Əli yenə də öz jurnalist fəaliyyətini dayandırmayıb və bəyan edib ki, materiallarını yayımlayacaq müstəqil media resursu olmasa da, öz reportajlarını şəxsi platformasından paylaşacaq. Bundan sonra o, reportajlarını şəxsi Facebook səhifəsindən yayımlayıb və jurnalist fəaliyyətinə davam edib.
Bundan üç ay sonra, 2025-ci il mayın 6-dan 7-nə ötən gecə "Meydan TV işi" ilə bağlı saxlanılıb, mayın 7-də Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun və "Meydan TV işi" üzrə həbs edilənlərin hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib. Özü ittihamları rədd edib, Meydan TV-nin jurnalisti olmadığını hələ həbsindən dörd ay əvvəl bildirib, ümumumi olaraq həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.
Bir sıra yerli və beynəlxalq insan haqları təsisatları Ülviyyə Əlinin həbsini siyasi adlandıraraq pisləyib, Azərbaycan iqtidarına onu dərhal azad etməyə səsləyib.
Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.
Həyatı və ictimai-siyasi proseslərə gəlişi Ülviyyə Əli qızı Quliyeva 1993-cü il oktyabrın 13-də Göyçay rayonunda anadan olub. Ailəsi ilə bir neçə ay Bakıda yaşadıqdan sonra Rusiyanın Tambov şəhərinə köçüblər. 8 yaşına kimi Rusiyada böyüyüb. 2001-ci ilin iyununda Azərbaycana qayıdıb.
Ülviyyə Əli 17 yaşından ictimai-siyasi proseslərə qoşulub. 2012–2016-cı illərdə NİDA Vətəndaş Hərəkatının üzvü olaraq fəaliyyət göstərib. Həmin illərdə 2 dəfə NİDA VH-nın Nəzarət Təftiş Komitəsinə üzv seçilib. Həmçinin, NİDA-nın həbs olunan üzvləri ilə bağlı ictimai kampaniyalarda fəal iştirak edib. "Qanunsuz olaraq həbs edilmiş Nidaçılara dəstək ol!" kampaniyasına rəhbəri olub.
Dəfələrlə aksiyalarda iştirak edib və polis müqaviməti ilə üzləşib. 26 yanvar 2013-cü ildə "Silahları üstümüzdən çəkin!" aksiyası zamanı polislər tərəfindən saxlanılıb və inzibati xəbərdarlıq alaraq sərbəst buraxılıb.
2015-ci ildə parlament seçimlərində 18 saylı Nərimanov-Nizami seçki dairəsindən NİDA VH-nin namizədi olmuş Ramin Hüseynovun səlahiyyətli nümayəndəsi olub. 2020-ci ildə parlament seçimlərində isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən "Hərəkət" seçki blokunun namizəd olmuş Toğrul Vəliyevin təbliğat kampaniyasının rəhbəri olub.
Hüquq müdafiəçisi fəaliyyəti Ülviyyə Əli 2012-ci ildən Azərbaycanda baş verən bütün insan hüquqları pozuntularını öz X səhifəsində işıqlandırıb və beynəlxalq medianın diqqətinə çatdırıb. Həmçinin, Azərbaycanla bağlı beynəlxalq mətbuatda işıqlandırılan xəbərlərdə də onun yaydığı məlumatlara istinad, həmçinin müəllifi olduğu video və fotolardan istifadə olunub.
2013-cü ildən başlayaraq bir çox siyasi məhbusların məhkəmələrinin monitorinqini aparıb, məhkəmələrdə baş verənləri işıqlandırıb.
2013, 2018 və 2024-cü illərdə prezident, 2015, 2020 və 2024-cü illərdə parlament, 2014, 2019 və 2025-ci illərdə bələdiyyə seçimlərində, həmçinin 2016-cı ildə referendumda pozuntuların monitorinqini aparıb və işıqlandırıb.
2014-cü ildə hüquqşünas Namizəd Səfərovun köməkçisi olaraq fəaliyyət göstərib.
2015-ci ildən "Nərgiz" mükafatının Münsiflər Komitəsinin üzvüdür.
2017-ci ildə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc Hüquq Müdafiəçiləri" təlim proqramından yüksək göstəricilərlə məzun olub.
"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" (SMDTM), "Benefisiar" Hüquqi Yardım Mərkəzi, "Qadın Üçün" təşəbbüs qrupu kimi bir sıra qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edib.
2018-ci ildə Norveçin İnsan Hüquqları Evi Fondunun (HRHF) yayımladığı "Krım: sükut divarının yarılması" hesabatının həmmüəlifidir. O, həmin il Belarus və Ukrayna hüquq müdafiəçiləri ilə birgə Krımı ziyarət edib və oradan hesabat hazırlayıb.
2019-cu ildə Birləşmiş Ştatlarda International Visitor Leadership Programında (IVLP) təcrübə keçib.
2024-cü ildə Norveçin İnsan Hüquqları Evi Fondunun (HRHF) "Güc portretləri" fotosərgisinin qəhrəmanlarından biri seçilən insan hüquqları üzrə ixtisaslaşmış azərbaycanlı vəkil Rövşanə Rəhimovanın fotosərgidə yayımlanan fotosunun müəllifi Ülviyyə Əli olub.
Ülviyyə Əli xüsusilə 2024-cü ilin noyabrında Azərbaycanın ev sahibliyində baş tutan BMT-nin İqlim Dəyişimələri Konfransı (COP29) ərəfəsində Azərbaycanda insan haqları problemlərini, müstəqil medianın durumunu, jurnalistlərin həbsini beynəlxalq ictimaiyyətin diqqətini çatdırmaq üçün xarici mediaya müsahibələr verib.
Jurnalist fəaliyyəti thumb|285x285px|2021-ci ilin dekabrında Ülviyyə Əli «I'm not your puppet» (“Mən sənin kuklan deyiləm”) yazılmış köynək geyinərək Azərbaycan dövlətinin “Media haqqında” yeni qanun layihəsinə etiraz edib. Ülviyyə Əli 2016-cı ildən jurnalist olaraq fəaliyyətinə davam edib. Müxtəlif illərdə Azad Avropa/Azadlıq Radiosu (RFE/RL) Azərbaycan Xidməti, "Toplum TV", "Fakt Yoxla", "Mikroskop Media", "Voice of America" (VoA), "OC Media" və "JAMnews" ilə əməkdaşlıq edib.
Fəaliyyəti boyu Azərbaycan dilində feminizm məzmunda maarifləndirici materiallar yaratmağı və feminist ideyaları yaymağı hədəfləyən "Fem-Utopia" platforması və LGBTQ-feminizm mövzulu xəbərlər dərc edən "Qıy vaar!" platformaları üçün də materiallar hazırlayıb. Jurnalist fəaliyyəti ərzində insan hüquqları, sosial hüquqlar, LGBTIQ+ və qadın hüquqları, sülh mövzusu ilə bağlı bir çox materiallar hazırlayıb. "LGBTİQ+ vətəndaşlarla bağlı xəbərlər necə işıqlandırılmalıdır?" mövzusunda da təlimlər keçib.
2019–2025-ci illərdə "Voice of America" (VoA) radiosunun Azərbaycan xidmətinin çalışıb. Fəaliyyəti ərzində VoA-da dərc olunmuş və yayınlanmış 500-dən çox xəbər və reportajın müəllifidir. Azərbaycanda baş verən siyasi məhkəmə işlərini, insan hüquqları pozuntusu ilə bağlı hadisələri, həmçinin mitinqləri, aksiyaları, yürüşləri, piketləri işıqlandırıb. Peşə fəaliyyəti ərzində bir neçə dəfə saxlanmalarla, polis müqaviməti və pis rəftarla üzləşib.
11 fevral 2020-ci ildə Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasının qarşısında deputatlığa namizədlərin etiraz mitinqini işıqlandıran zaman həmkarları Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Aygün Rəşidlə birgə polislər tərəfindən saxlanılıblar. Polislərin zor tətbiq etməsi nəticəsində Ülviyyə Əli yüngül bədən xəsarəti almışdı. Sərhədsiz Reportyorlar baş verən hadisəni sərt qınamış və Azərbaycan iqtidarının plüralizmi məhv etdiyini bildirmişdir.
14 sentyabr 2020-ci ildə "Gənclik" metrostansiyasında keçirilən "Tofiq Yaqubluya azadlıq!" aksiyasını işıqlandıran zaman həmkarı Aysel Umudova ilə birgə qeydə aldıqları materialları silmələri üçün saxlanılıblar. Lakin jurnalistlər materialları silməkdən imtina ediblər, daha sonra sərbəst buraxılıblar.
13 oktyabr 2020-ci il tarixdə Baş Prokurorluğa çağırılan Qiyas İbrahimovla bağlı müsahibə alan zaman Ülviyyə Əli və həmkarı Nərgiz Absalamova Qiyas İbrahimovla birgə saxlanılıb. Onlar bir saatdan çox Yasamal RPİ-nin 26-cı polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıblar.
4 avqust 2021-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin inzibati binasının qarşısında feministlətin S. Məhərrəmovanın qətl edilməsinə qarşı etiraz aksiyasında peşə fəaliyyətini yerinə yetirən zaman həmkarları Elnarə Qasımova və Nərgiz Absalamova ilə birgə saxlanılıb. Saxlanılma zamanı ona qarşı pis rəftar göstərilib, binanın içində isə təhqir edilib, həmçinin çəkiliş etdiyi kameraya xəsarət yetirilib. Bununla bağlı aidiyyəti qurumlara şikayət edilsə də, şikayətləri nəticəsiz qalıb.
Ülviyyə Əli 2023-cü ilin fevralında Media haqqında Qanunun, xüsusilə onun vahid reyestrin yaradılması ilə bağlı müddəalarının media, ifadə azadlığını məhdudlaşdırmağa geniş şərait yaratdığını bildirmiş və Azərbaycanın müstəqil jurnalistləri və media mütəxəssisləri tərəfindən hazırlanan mövqe sənədinə imza atan 40 jurnalistdən biri olmuşdu. Həmin qanundan sonra Ülviyyə Əli "Reyestrsiz Media" platformasını təsis edib və qanunla bağlı jurnalistlərin etirazlarını işıqlandırıb.
2025-ci ilin fevralında "Amerikanın Səsi"nin müxbir akkreditasiyaları ləğv olunandan sonra Ülviyyə Əli yenə də öz fəaliyyətini dayandırmayıb və bəyan edib ki, materiallarını yayımlayacaq müstəqil media olmasa da, öz reportajlarını şəxsi platformasından paylaşacaq. Bundan sonra o, reportajlarını şəxsi Facebook səhifəsindən yayımlayıb və jurnalist fəaliyyətinə davam edib.
Həbs edilməsi thumb|286x286px|Ülviyyə Əli Xətai Rayon Məhkəməsinə gətirilən zaman (7 may 2025) Ülviyyə Əli 2025-ci il yanvarın 15-də Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqi Samir İsmayılov tərəfindən yanvarın 16-da şahid qismində ifadə verməyə çağırıldı. İfadədən dərhal sonra müsahibəsində Ülviyyə Əli bunları bildirdi: "“Meydan TV işi” üzrə təxminən iki saat dindiriblər, bundan sonra heç bir izahat verilmədən Azərbaycandan çıxışıma qadağa qoyulub". O, həmçinin bildirib ki, Meydan TV-nin jurnalisti deyil, Voice of America-nın müxbiridir və əgər o, doğrudan da Meydan TV-də çalışsaydı belə, bu cinayət sayılmazdı.
Qadın Jurnalistlər Koalisiyası (WPF) Azərbaycan iqtidarının Ülviyyə Əliyə ölkədən çıxışına qadağa qoyması qərarını pisləyib. Yanvar ayında Ülviyyə Əli bu qadağa ilə bağlı məhkəməyə müraciət edib. Onun şikayətinə baxılmasına 18 martda Xətai Rayon Məhkəməsində başlanılıb, amma hakim Sülhanə Hacıyeva polis müstəntiqinin prosesdə iştirakının vacibliyini əsas gətirərək iclası aprelin ayına təxirə salıb. Ülviyyə Əli bildirib ki, Azərbaycan Miqrasiya Məcəlləsinə əsasən, şahidlərə ölkədən çıxışa qadağa qoyula bilməz; belə bir məhdudiyyət yalnız təqsirləndirilən şəxslərə şamil oluna bilər. O, qadağanın əsasız olduğunu bir daha bildirib, həmçinin bu barədə yalnız şifahi formada məlumat verildiyini vurğulayıb. Ülviyyə Əlinin sözlərinə görə, o, polis idarəsinə üç dəfə rəsmi müraciət ünvanlayaraq qadağa qərarının rəsmi surətini tələb etsə də, müraciətləri cavabsız qalıb. Aprelin 11-də Xətai Rayon Məhkəməsi Ülviyyə Əlinin şikayətini təmin etməyib. Onun bildirdiyinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Fərid Şükürlü istintaqın digər şəxslərin törətdiyi cinayət əməlləri ilə bağlı "vacib məlumatlara" sahib olduğunu əsas gətirərək bildirib ki, həmin şəxslər hələ şahid statusunda olduqlarından ölkədən çıxışlarına qadağa qoyulub. Ülviyyə Əli isə məhkəməyə bildirib ki, o, şahid qismində ifadə verib və artıq üç ay ötüb. Onun sözlərinə görə, əgər o, fəaliyyəti araşdırılan media orqanı ilə əməkdaşlıq etməyibsə, istintaqla əlaqəsi olan “vacib məlumatlara” da sahib ola bilməz.
2025-ci il mayın 6-dan 7-nə ötən gecə, saat 04:00 radələrində sosial mediada Ülviyyə Əlinin "Meydan TV işi" (rəsmi adı ilə Aynur Qənbərova və digərləri barədə açılmış cinayət işi) ilə bağlı saxlanılması, ardınca isə yaşadığı mənzildə axtarış aparılması ilə bağlı məlumatlar yayıldı. Anası İlhamə Quliyevanın sözlərinə görə qızı pis rəftara məruz qalmış, axtarış zamanı isə mənzil dağıdılmışdır – "qızımın başında adenoma var və polis məmuru qızımın başına vurdu. Qızımın başına vurdular, mən onları heç vaxt bağışlamayacağam. Evinə basqın edildi, mənzil tamamilə dağıdıldı. Polis onun şəxsi əşyalarını müsadirə etdi və 6000 avrodan (6820 dollar) çox pul tapdı."