Teodor Yakovleviç Şarinski () — SSRİ memarı və mühəndisi, Azərbaycan SSR əməkdar mühəndisi (1974), Azərbaycan SSR Dövlət mükafatı (1982) laureatı.
Həyatı Teodor Yakovleviç Şarinski 22 noyabr 1911-ci ildə Bakıda anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir.
Teodor Şarinski 1939-cu ildən Bakı Şəhərinin Planlaşdırılması və Mülki Mənzil Tikintilərinin Layihə İnstitutunda ("Bakdövlətlayihə") işləmiş, 1948-ci ildən burada baş mühəndis olmuşdur. Onun yaradıcılığında şəhərsalma işləri əsas yer tutmuşdur. O, Bakının baş planları (1952–1954, 1976–1982), Abşeron yarımadasının planlaşdırılması (1952–1956) və başqa layihələrin rəhbəri olmuş, Bakıdakı "Gülüstan" saray kompleksinin (1980) yaradılmasında iştirak etmişdir.
Teodor Şarinski 1955-ci ildən Sov.İKP üzvü olmuş, 1-ci və 2-ci (2 dəfə) dərəcəli "Vətən müharibəsi" ordeni, "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. Ona 1974-cü ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmiş, 1982-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri