Elvin Cəfərquliyev () — Azərbaycanlı peşəkar futbolçu. Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi.

Bəzi mütəxəssislər onu "Azərbaycan futbol tarixinin ən istedadlı futbolçularından biri" adlandırmışdır.

Karyerası Elvin Eldar oğlu Cəfərquliyev 26 oktyabr 2000-ci il tarixdə Bakı şəhərində anadan olub. Keçmiş məşqçilərinin məlumatına görə, əslən Qəbələ rayonundandır.

Akademiya Elvin Cəfərquliyev peşəkar futbola qədər ilk addımlarını Bakı təmsilçisi "İnter" klubunun (sonradan "Keşlə", hazırda "Şamaxı") uşaq futbol məktəbində atmışdır. Onun ilkin məşqçiləri Mahir Əliyev və Nadir Əliyev olmuşdur. Mahir Əliyevin sözlərinə görə, Cəfərquliyev kluba təxminən 8 yaşında cəlb edilmiş, erkən yaşlarından çevikliyi və atletik xüsusiyyətləri ilə seçilmişdir. O, əsasən yarımmüdafiəçi mövqeyində çıxış etmiş və sol ayağından aktiv istifadə etməsi ilə fərqlənmişdir. Elvin Cəfərquliyev 12–16 yaş aralığında Nadir Əliyevin rəhbərliyi altında məşq etmişdir. Nadir Əliyevin qeyd etdiyinə görə, futbolçu bu dövrdə həm hücum, həm yarımmüdafiə, həm də müdafiənin hər iki cinahında sınaqdan keçirilmişdir. Məşqçi onun 13–14 yaşlarından etibarən sürət və texniki baxımdan həmyaşıdlarından seçildiyini, emosional davranışlarının isə potensialından qaynaqlandığını bildirmişdir. Maddi çətinliklər səbəbindən 14-15 yaşlarında Elvin həm də paralel olaraq ofisiant olaraq da işləyirdi.

2015–2016-cı illərdə "İnter" klubunda yaranmış maliyyə və struktur problemləri fonunda Elvin Cəfərquliyev “Qəbələ” klubunun U-17 komandasına transfer edilmişdir. Bu keçid məşqçilərin qərarı əsasında həyata keçirilmiş və futbolçunun inkişafı üçün daha əlverişli şərait yaradılması məqsədi daşımışdır. Daha sonra o, yenidən "İnter"ə qayıtmış və burada peşəkar futbola keçid etmişdir. Həmin dövrdə əsas komandanın məşqçi heyətinin diqqətini cəlb etmiş və 18 yaşı tamam olmamış rəsmi oyunda debüt etmişdir.

Keşlə Elvin Cəfərquliyev Azərbaycan kubokunda 10 dekabr 2017-ci ildə "Keşlə"nin heyətində "Kəpəz"ə qarşı oyunda debüt etmişdir.

Qarabağ Elvin Cəfərquliyev 2018-ci ildə "Qarabağ"la müqavilə imzalamışdır. 2019-cu ilin yayında "Sumqayıt" FK Elvin Cəfərquliyevlə bir illik müqavilə imzaladığını açıqlamışdı. O, 17 avqust 2019-cu ildə Azərbaycan Premyer Liqasında "Sumqayıt"ın heyətində "Qəbələ" ilə oyunda debüt etmişdir. O, 11 sentyabr 2020-ci ildə "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasının "Keşlə" ilə oyununda debüt etmişdir. Elvin Cəfərquliyev 18 avqust 2020-ci ildə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Sileks"ə qarşı oyunda Avropada debüt etmişdir.

Milli komanda Elvin Cəfərquliyev Azərbaycan milli futbol komandasının heyətində 30 mart 2021-ci ildə Serbiya ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində debüt etmişdir.

Qarabağ II 17 aprel 2026-cı ildə Qurban Qurbanov Elvin Cəfərquliyev və Abbas Hüseynovu əvəzedici heyətə göndərmişdir . Buna səbəb hər iki futbolçunun nizam-intizam qaydalarını pozması olaraq bildirilmişdir. Mətbuatda dərc olunan yazılara görə, Elvin Cəfərquliyev futboldan kənara işlərə, o cümlədən qadınların da iştirak etdiyi xüsusi əyləncəli məclislərə daha çox vaxt ayırmışdır. Qurban Qurbanov vacib oyunlardan biri öncəsi Elvin Cəfərquliyevin belə məclislərdə iştirakını öyrəndikdən sonra onu əvəzedici komandaya göndərmişdir.

Bir neçə gün sonra Qurban Qurbanov mətbuat konfransında bildirmişdir ki, "Elvin üçün orada oturma, burada otur, o çağırsın, bu çağırsın, verilişlər və s. çox danışılır". O, Cəfərquliyev Çempionlar Liqasında turun oyunçusu olduqdan sonrakı vəziyyətə istinadən bildirmişdir ki, "futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı". Qurbanov əlavə etmişdir ki, "1–2 oyun udursan, bir xal sənə mane olur. O demək deyil ki, Çempionlar Liqasında 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir".

Cəfərquliyev bu dövrdə 3–4 ay əvəzedici komandanın stadionunda, asfaltda məşq etdiyini və formasını itirdiyini bildirmişdir.

Elvin Cəfərquliyev "Qarabağ II"nin heyətində debütünü 1 may 2026-cı il tarixində 5:1 "Qarabağ"ın lehinə yekunlaşmış "Zirə II" ilə ev oyununda keçirmişdir. Cəfərquliyev oyunun 73-cü dəqiqəsində penaltidən qol vurmuşdur. O, sonradan "Turan Tovuz II" ilə 0–3 hesabla nəticələnən səfər oyununda da iştirak etmişdir. Futbolçunun agenti Tural Əsgərov bildirmişdir ki, Elvin Cəfərquliyevə başqa kluba keçmək icazəsi verilmişdir, lakin bu barədə kluba rəsmi təklif məktubu daxil olmamışdır. Bu dövrdə Cəfərquliyevin sosial şəbəkələrdə paylaşdıqları şəkillər tənqid olunmuşdur.https://futbolpress.az/n%c9%99-edirs%c9%99n-elvin/

Əsas heyətə qayıdış 22 iyun 2026-cı ildə Elvin Cəfərquliyev "Qarabağ"ın əsas komandasına qayıtmış, 2026/2027 mövsümünün hazırlıq prosesinə qoşulmuş və komanda ilə Avstriyadakı yay təlim-məşq toplanışına yollanmışdır.

7 avqustda Konfrans Liqasının III təsnifat mərhələsində səfərdə Ukrayna təmsilçisi "Dinamo" (Kiyev) ilə keçirilən oyunun 75-ci dəqiqəsində zədələnib. Rəqiblə mübarizə zamanı yerə yıxılan və ayağından zərbə alan Cəfərquliyev görüşü davam etdirə bilməyib. Onu Bruno Lanqa əvəzləyib. Qarşılaşması rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cəfərquliyev UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda evdə "Dinamo" (Kiyev) üzərində 2:0 hesablı qələbə zamanı da zədə ilə oynamışdı. O, oyun zamanı qol sevincində xüsusi jest göstərmişdir. Elvin əlini yuxarı qaldıraraq islam ənənəsində, Məhəmməd peyğəmbərin Qədir-Xum hadisəsində İmam Əlinin əlini qaldıraraq "Mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir" buyurduğu anı təkrarlayıb. Futbolçunun bu addımı həm azarkeşlər, həm də oyunu izləyənlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

17 avqustda tibbi müayinələr nəticəsində Elvin Cəfərquliyevin ayağının arxa əzələsində vətərin qismən yırtıldığı aşkarlanıb. Müdafiəçi Konfrans Liqasında pley-off mərhələsinin "Tvente" ilə səfər matçını buraxmalı olub.

Uğurlar Keşlə Futbol üzrə Azərbaycan Kuboku: (1) 2017–18 Qarabağ Azərbaycan Premyer Liqası: (4) 2021/2022, 2022/2023, 2023/2024, 2024/2025 Futbol üzrə Azərbaycan Kuboku: (2) 2021–22, 2023–24

İstinadlar

Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Qarabağ-2 FK futbolçuları