Mətbuat AXC dövründə — Azərbaycan mətbuatı tarixində 1918–20 illər bütün əvvəlki dövrlərə nisbətən ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. İki il içərisində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxmışdır. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, hər şeydən əvvəl ideya-məzmun zənginliyində idi.

İdeya istiqaməti 1918–20 illər mətbuatın ideya isitiqaməti baxımından təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət Hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar. Lakin onların içərisində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat idi.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 67–72

Cümhuriyyət Hökuməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi.

Yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin bütün digər ictimai-siyasi qurumları kimi onun dövri mətbuatı da birdən-birə yaranmamışdı. Hələ XIX əsrin 1-ci yarısında Azərbaycanda milli və ümumbəşəri idealların məfkurəçiləri və təbliğatçıları olmuş Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə kimi yazıçı, mütəfəkkir və ictimai xadimlər tərəqqinin başlıca yolunu, milli istiqlalın təntənəsini dövri mətbuat nəşr etməkdə mənəvi və əxlaqi qurumları inkişaf etdirməkdə görürdülər. Bu yolun davamçısı olan Həsən bəy Zərdabi öz böyük sələflərinin arzularını yerinə yetirmiş, 1875 ildə "Əkinçi" qəzetinin timsalında ilk milli mətbuatı yaratmışdır. "Əkinçi" qəzetinin milli maarifçilik ənənələrinin davamı olaraq, XIX əsrin sonlarında Tiflisdə Cəlaləddin və Səid Ünsizadə qardaşlarının "Ziya" (1879–80), "Ziyayi-Qafqaziyyə" (1880–84) və "Kəşkül" (1883–91), XX əsrin ilk illərində isə Məhəmməd ağa Şahtaxtlının "Şərqi-rus" (1903–05) qəzetləri meydana çıxmışdır. Rusiyada 1905 il inqilabından sonra Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin "Həyat" (1905–06) jurnalı milli idealları yeni tarixi mərhələdə davam etdirmişdir.

Cümhuriyyətə gələn yolda Azərbaycan mətbuatının inkişafında "Molla Nəsrəddin"-in təbliğ etdiyi dərin demokratizm və azalıq ideyaları imperializmin müstəmləkəçilik siyasətinə, geriliyə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizədə maarif və mədəniyyətin tərəqqisində mühüm rol oynadı. Beləliklə, XIX əsrin sonları — XX əsrin əvvəllərinin bütün bu dövri mətbuat nümunələri Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb etmişdir.

Azərbaycan və ümumtürk milli məfkurəsinin formalaşmasında və inkişafında mühüm rol oynayan Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspralı və digərləri milli mətbuatın tərəqqisinə də güclü təsir göstərdilər.

250px|thumb|right|İsmayıl bəy Qaspralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov. Bakı, 1894

Mətbuat haqqında nizamnamə Azərbaycan Hökuməti və Parlamenti mətbuatın və nəşriyyatların işini dövrün tələbləri səviyyəsində qurmaq üçün bir sıra qərarlar qəbul etmişdir. Parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarı ilə qəbul etdiyi "Mətbuat haqqında nizamnamə"də göstərilir ki, "Mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılması üçün habelə çap məhsulunun nəşri və satılması üçün Hökumət idarələrinin heç bir icazəsi tələb olunmur". Dövri nəşrlərin təsis olunması üçün ancaq öz məqsədləri barədə mətbuat işləri üzrə baş müfəttişə ərizə təqdim edilməsi kifayət idi. Nizamnaməyə əsasən, mətbuat orqanı ancaq qüvvədə olan qanunları pozub cinayət törətdikdə məhkəmənin qərarı ilə məsuliyyətə cəlb edilə bilərdi. Cümhuriyyət Hökuməti mətbuat azadlığını milli şüurun, milli mədəniyyətin inkişafı üçün mühüm şərtlərdən biri hesab edirdi. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranana qədər çar Rusiyası tərkibində olan Azərbaycanda mərtbuat azadlığı yox idi. Ana dilində yazıb oxumaq böyük maneələrlə qarşılaşır, qəzet və lurnallar ciddi senzuraya məruz qalırdı. Çarizmin Azərbaycan xalqını uzun müddət milli müstəmləkə əsarətində saxlaması milli şüurun, milli mədəniyyətin inkişafına ağır zərbə vurmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdur.

Azərbaycanın 1918–20 illərdəki dövri mətbuatı əhalinin müxtəlif zümrələrinin maraqlarını əks etdirirdi. Belə ki, gənclərə məxsus "Gənclər Yurdu", tələbə və müəllimlərə aid "Əfkari-mütəəllimin", elm və incəsənət xadimlərinin "Mədəniyyət" kimi qəzet və jurnalları nəşr olunurdu. Onların səhifələrində milli dirçəliş naminə təhsil, elm, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələrə dair məqalələr dərc olunurdu.

1919-cu il martın 11-də nəşrə başlayan "Övraqi-nəfisə" jurnalı Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənətdən bəhs edən ilk dövri mətbuat orqanı idi. 1919-cu ilin mart-avqust aylarında Bakıda cəmi 6 nömrəsi nəşr edilmiş həmin jurnalın redaktoru Əlabbas Müzhib, naşiri bəstəkar Zülfüqar bəy Hacıbəyli, rəssamı Əzim Əzimzadə idi. Jurnalın səhifələrində Firidun bəy Köçərli, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Zülfüqar Hacıbəyli, Əlabbas Müzhib, Əmin Abid, Məhəmməd Hadi və başqa müəlliflər çıxış edirdilər. Jurnalda musiqi, teatr, memarlıq abidələri haqqında məqalələr və fotoşəkillər dərc olunur, aktyorların həyatı və səhnə fəaliyyət barədə yazılar verilirdi. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına, qanlı daşnak irticasına dair yazılar da topluda geniş yer tuturdu. "Övraqi-nəfisə"də milli özünüdərkin, milli ruhun aşılanması, türkləşmək, islamlaşmaq, müasirləşmək ideyalarının təbliği məsələləri böyük əhəmiyyət kəsb edirdi. Jurnalın 5-ci sayında yazıldığına görə, "Övraqi-nəfisə" kağız qıtlığı üzündən bağlanmışdır.

AXC dövründə mətbuat orqanları Azərbaycan Xalq Cümhuriyyəti dövründə aşağıdakı milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur:

"İstiqlal" (1918–20), "Azərbaycan" (1918–20), "Övraqi-nəfisə" (1919), "İttihad" (1917–19), "Qurtuluş" (1920), "Gənclər yurdu" (1918), "Şeypur" (1918–19), "Zənbur" (1919) və b.

İqbal qəzeti Azərbaycan Xalq Cümhuriyyəti mətbuatının həqiqi sələfləri 1911-ci ildən sonra meydana gəlmişdilər. Hələ 1912-ci il martın 6-da bir qrup ziyalı Bakıda Orucov qardaşlarının mətbəəsində gələcək Xalq Cümhuriyyətinin ictimai-siyasi məramlarını ilk dəfə konsepsiya şəklində təbliğ edən "İqbal" (1912–15) gündəlik qəzetinin nəşrinə başlamışdılar. 1915-ci il aprelin 27-nə kimi davam edən 923 sayı çıxmış bu qəzeti müxtəlif vaxtlarda Sənətulla Eynullayev (İbrahimov), Seyid Hüseyn Sadıq (Kazımoğlu), Məhəmməd Əmin Rəsulzadə və M.Ə.Əbdüləzizzadə redaktə etmişdlər. "İqbal" qəzetinin fəaliyyətində Azərbaycan milli fikrinin Əlabbas Müzhib, Üzeyir Hacıbəyli, Əli Razi, Səməd Mənsur, Əlipaşa Səbur, Hüseyn Cavid və b. görkəmli xadimləri yaxından iştirak etmişdir.

Dirilik jurnalı 1914-cü il oktyabrın 15-də Ə.Müzhibin redaktorluğu ilə digər bir milli mətbuat nümunəsi — "Dirilik" jurnalı nəşrə başlayır. Burada Ə.Müzhibin və Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqını özünüdərkə hazırlayan poetik və publisist əsərləri dərc edilmişdir.

Açıq söz qəzeti

200px|thumb|right|"Açıq söz" qəzetinin buraxılışı

1915-ci il oktyabrın 2-də Bakıda ilk dəfə olaraq milli proqramlı "Açıq söz" qəzetinin nəşrinə başlanır. "Açıq söz" əslində qeyri-leqal şəkildə fəaliyyət göstərən "Müsavat" partiyasının orqanı idi. Bu qəzetin də rəhbərləri və yazarları "İqbal" və "Dirilik" qəzetlərinin əsas müəllifləri idilər. "Açıq söz" qəzeti İsa bəy Aşurbəyovun keçmiş "Kaspi" mətbəəsində, Məmmədəli Rəzulzadənin müdirliyi və Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə çıxırdı. "Açıq söz" qəzeti Azərbaycanın ictimai-siyasi fikir tarixində, ilk dəfə olaraq, xalqın istiqlal uğrunda gələcək mübarizə konsepsiyası olan "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarını açıq şəkildə təbliğ edirdi. "Açıq söz"ün səhifələrində XX əsr Azərbaycan milli fikrinin ən görkəmli xadimləri — Seyid Hüseyn, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Həsən bəy Ağayev, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Əlabbas Müzhib, gənc şair və dramaturqlar — Cəfər Cabbarlı və Mirzəbala Məmmədzadə çıxış edirdilər. "Açıq söz" Cümhuriyyət dövrü ərəfəsində Azərbaycan həyatının mühüm ictimai-siyasi hadisələrinin canlı salnaməsi idi. Bu qəzet xüsusilə Rusiyada 1917-ci il inqilabı dövründə Azərbaycan xalqının milli müstəqilliyi yolunda başlıca maneələr olan rus-bolşevik və erməni-daşnak irticasına qarşı fikir mübarizəsinin başında dururdu. Məhəmməd Əmin Rəsulzadə "Açıq söz"ün ilk sayında dərc olunmuş proqram məqaləsində yazırdı: "'Müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və böylə bir silahdan məhrum qalan camaatlar kimsəyə söz eşitdirməyəcəklər'" ("Açıq söz", 1915, 2 oktyabr).

Bu dövrün "İqbal", "Dirilik", "Təkamül", "Açıq söz", "İstiqlal" və s. mətbuat orqanları Azərbaycanın mədəni həyatına böyük təsir göstərir, xalqı milli mədəniyyətə, milli şüura yiyələnməyə çağırır, beləliklə milli məfkurənin formalaşmasına əvəzsiz yardım edirdilər. Milli-siyasi birliyə çağırış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində bütün Azərbaycan milli mətbuatının başlıca şüarına çevrildi. Sənətulla Eynullayev "Açıq söz" qəzetinin 1915-ci il 15 mart tarixli sayında Bakıda yaxınlaşmaqda olan rus-bolşevik və erməni-daşnak təcavüzü barədə yazırdı: "Baş kəsildikdə saqqalla bərabər gedəcəkdir".

Müsavat və İstiqlal qəzetləri "Müsavat" partiyası Azərbaycan xalqını milli mübarizələrə hazırlamaq üçün 1917-ci il iyulun 10-da "Müsavat" adlı qəzetin nəşrinə başladı. Cəmi 6 sayı işıq üzü görmüş bu qəzet siyasi proqramında dəyişiklik edilərək "milli muxtariyyət" tələbi "milli müstəqillik"lə əvəz olunduqda "Müsavat" qəzetinin nəşri dayandırılır və 1918-ci il fevralın 4-dən "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" firqəsinin nəşri-əfkarı" başlığı ilə "İstiqlal" qəzeti çıxmağa başlayır.

1918-ci ilin əvvəllərində Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə özünün ən yüksək həddinə çatır. Rus-bolşevik və erməni-daşnak irticası "Müsavat"ın hakimiyyətə gəlməsinə mane olmaq üçün dəridən-qabıqdan çıxır, ölkədə hərc-mərclik, fitnə-fəsadlar, soyqırımları törətməyə başlayır. 1918-ci il martın 31-də Bakıda, habelə Azərbaycanın müxtəlif bölgələrində erməni-daşnak və rus-bolşevikləri qaragüruhçuları tərəfindən türk müsəlman əhaliyə qarşı törədilən kütləvi soyqırımları bu dövr Azərbaycan milli mətbuatnın başlıca mövzusu idi. Milli mətbuatın şüurları oyatmaq fəaliyyəti, apardığı maarifçilik təbliğatı yaxınlaşmaqda olan döşmən təxribatlarının ifşasında böyük rol oynayırdı. "İstiqlal" qəzetinin məramı onun başlığında verilən məşhur epiqrafda aydın ifadə edilirdi:

Millət yoludur, haqq yoludur tutduğumuz yol. Ey haqq! Yaşa, ey sevgili millət, yaşa var ol! (Tofiq Fikrət)