Qərb çinarı (Platanus occidentalis), çinarkimilər (Platanaceae) fəsiləsindən vətəni Şimali Amerika olan bir çinar növü. Uzun ömürlüdür. 1600 yaşı keçmiş nümunələri mövcuddur.
Təbii yayılması Təbii halda Şimali Amerika-Ontariodan Meksika və Şimali Floridaya qədər yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 45 m-ə qədərdir. Çətiri uzunsov və ya yumurtavari-piramidaldır. Gövdəsinin qabığı açıq boz rəngli, xırda, nazik lövhələrlə ayrılır və açıq sarı rəngli tər qabığın xallarını açır. Birillik budaqları tünd, narıncı-qonurdur. Yarpaqları iri, eni 20 sm-ə qədər, üçpərli, güclü zoğlarda bəzən beş pərli, parlaq, üstdən tünd yaşıl, altdan nisbətən açıq rəngdə, bünövrəsi enli-ürəkvari, bəzən qısa-pazşəkilli, kənarları bütövdür. Cavan yarpaqları hər tərəfdən seyrək keçəli, inkişaf etmişlərin üstü çılpaq və parlaq, tünd yaşıl, alt tərəfi daha açıq, damarcıqlarda və qoltuqlarında keçəli-tüklüdür. Saplağı keçəli-tükcüklü və şərq çinarına nisbətən daha uzundur. Yalançı zoğların uzunluğu 2,5–3,5 sm, qıfvari, kənarları dişlidir. Meyvə başcıqları tək, bəzən cüt, hamar, diametri təxminən 2,5–3 sm, çılpaq meyvə saplağının ucunda uzunluğu 7,5–15 sm-dir. Toxumcaları ucunda sancaqvari qalınlaşmış, çılpaq, sütuncuğu tez tökülən, sütuncuğun qısa qalığı toxumların ucunda batığa girmişdir.
Ekologiyası Şaxtaya, quraqlığa davamlıdır. Çayların, göllərin sahillərində, zəngin və rütubətli torpaqda bitir. Bu növ cavan yaşda şaxtaya az davamlıdır. Digər növlərdən fərqli olaraq Gloeosporium nervisequum göbələyi ilə çox yoluxur.
Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda geniş yayılmışdır. Təbii halda yoxdur.
İstifadəsi Gözəl, dekorativ görünüşə malikdir. Yaşıllaşdırmada, park və bağlarda tək-tək əkinlərdə istifadə edilir.
İstinadlar
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T. S. Məmmədov
Məlumat mənbələri Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
İstinad Флopa Aзeрбaйджaнa. т.5. 1954; Флopa Kaвkaзa. т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-sının konspekti. I–III cildlər. 2005; 2006; 2008; Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
Kateqoriya:Çinar
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Meksika florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:ABŞ florası Kateqoriya:Florida florası