Səttar Abuzər oğlu Zülfüqarov () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ət və süd sənayesi naziri (1965–1971).

Həyatı Səttar Abuzər oğlu Zülfüqarov 1910-cu ildə hazırkı Quba rayonunun Çiçi kəndində kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildən inşaatçı-texnik işləmiş, 1934-cü ildən Pyatiqorsk Zootexnika İnstitutunun tələbəsi olmuşdur. Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almışdır.

1938-ci ildə institutu bitirən Səttar Zülfüqarov Ağstafa atcılıq zavodunda işləmişdir. 1939–1943-cü illərdə o, burada zootexnik, zavodun direktoru vəzifələrində çalışmışdır. 1943-cü ildən Azərbaycan SSR xalq əkinçilik komissarının müavini və sovxozlar nazirinin müavini olmuşdur. 1950-ci ildən Bakı ət kombinatının baş zootexniki, atçılıq zavodunun direktoru, Azərbaycan SSR Nazirlər Sovetinin heyvandarlıq bölməsinin rəisi, 1959-cu ildən isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır.

1962–1965-ci illərdə Səttar Zülfüqarov tədarük nazirinin müavini, quşçuluq sənayesi idarəsinin rəisi, kənd təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir. 1965-ci ilin oktyabrında Azərbaycan SSR ət və süd sənayesi naziri təyin edilmişdir. 1971-ci ildə o, təqaüdə çıxmış, eyni zamanda Ümumittifaq Elmi-Tədqiqat Ət Sənayesi İnstitutu Bakı şöbəsinin direktor müavini işləmişdir.

Səttar Zülfüqarov 1942-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 7-ci çağırış deputatı seçilmişdir. 1966-cı ildən Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. O, iki dəfə "Şərəf nişanı" ordeni, medallar ilə təltif edilmiş və "Azərbaycan SSR əməkdar zootexniki" fəxri adına layiq görülmüşdür.

Səttar Zülfüqarov ağır xəstəlikdən sonra 1976-cı ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri