Eldar Vəkil oğlu İsmayılov () — Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı (1991–1992), Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-aparatın rəhbəri (2014-cü ildən), "Şöhrət" ordeni laureatı.

Həyatı Eldar İsmayılov 1949-cu il yanvar ayının 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-Texnologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq təyinatla Sumqayıt Kimya Kombinatına göndərilmişdir. 1971-ci ilin avqust ayında aparatçı kimi əmək fəaliyyətinə başlamış, 1972-ci ildən 1975-ci ilə kimi sex rəisinin müavini işləmişdir. 1976-cı ildə Ali Komsomol məktəbini, 1990-cı ildə isə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

Siyasi-ictimai fəaliyyəti 1975-ci ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Komsomol komitəsinin katibi seçilir. 1978–1981-ci illərdə "Kimyasənaye" birliyində Baş direktorun müavini, 1981–1983-cü illərdə "Azkimyatəmir" trestində müdir müavini işləyib.

1983-cü ildə "Sintetik kauçuk" zavodunda partiya komitəsinin katibi seçilmişdir.

1985-ci ilin yanvar ayından 1988-ci ilin sentyabr ayına kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Neft və Kimya şöbəsində təlimatçı vəzifəsində işləyir.

1988-ci ildə Sumqayıt Şəhər Partiya Komitəsinin ideoloji məsələlər üzrə katibi, 1989-cu ilin noyabr ayında Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-cı ildə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin sədri seçilmişdir. 1991-ci ilin oktyabr ayında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

1992-ci ilin iyun ayında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən istefa vermişdir.

1993-cü ildən 1995-ci ilin may ayına kimi Azərbaycan Respublikası Nazirlər Kabinetində şöbə müdirinin müavini vəzifəsində işləmişdir.

1995-ci ilin may ayından 1996-cı ilin may ayına kimi Sumqayıt Superfosfat zavodunun, 1996–2000-ci illərdə "Sintezkauçuk" zavodunun direktoru vəzifəsində işləmişdir.

1990-cı ildə Respublika Ali Sovetinin deputatı seçilmişdir. 1999-cu ildən 2014-cü ilə kimi Sumqayıt Bələdiyyəsinin üzvü olmuşdur.

2000-ci ilin avqust ayından 2002-ci ilin yanvar ayına kimi Superfosfat zavodunun direktoru, 2002-ci ildən 2014-cü ilə kimi "Sumqayıt Superfosfat" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində işləmişdir.

YAP Sumqayıt şəhər təşkilatının III, IV, V və VI konfranslarında təşkilatın şura üzvü seçilmişdir.

Hal-hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri — aparatın rəhbəri vəzifəsində işləyir.

Təltifləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli 590 saylı sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Ailəsi Ailəlidir, 3 övladı var.

İstinadlar

Kateqoriya:Sumqayıt bələdiyyəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları