Zahid Məhərrəm oğlu Oruc (Orucov) () — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

İlk dəfə 2001-ci ildə parlamentə seçilib; 2024-cü il parlament seçkilərindən sonra VII çağırış Milli Məclisdə 33 saylı Xətai birinci seçki dairəsini təmsil edir. 2020-ci ildən Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir və 2020-ci ildən Azərbaycan Respublikası Prezidentinin yanında Əfv Məsələləri Komissiyasının üzvüdür. 2019–2026-cı illərdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri olub. 2013, 2018 və 2024-cü illərdə Azərbaycan Respublikası prezidentliyinə öz təşəbbüsü ilə namizəd olub.

Həyatı Zahid Məhərrəm oğlu Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı (Alnabad) kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə "Avtomatika və hesablama texnikası" fakültəsinə qəbul olunub. 1994-cü ildə Universitetii "Elektron texnika mühəndisi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

ATU-da təhsil aldığı dövrdə Tələbə Elmi Komitəsinin və Universitetin Elmi Şurasının üzvü olub. 1996–cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat Fotoelektronika İnstitutunun Aspiranturasının (hazırda Fizika İnstitutu, AMEA) əyani şöbəsinə qəbul olunub. 1996–2000-ci illərdə Fotoelektronika İnstitutunda elmi işçi vəzifəsində çalışıb.

Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var. Siyasi fəaliyyəti Zahid Oruc 1990-cı ildən başlayaraq Azərbaycanda başlanan milli azadlıq hərəkatına və müstəqillik uğrunda mübarizəyə qoşulub, tələbə təşkilatlarının fəal rəhbərlərindən biri olub.

1992-ci ildə siyasi hərəkatda fəaliyyətini davam etdirərək Ana Vətən Partiyasına üzv olub. 1993-2013-cü illərdə partiyanın mətbuat xidmətinin rəhbəri, partiya sədrinin siyasi məsələlər üzrə müavini vəzifələrində çalışıb.

1999–2000-ci illərdə partiyanın mətbu orqanı olan "Ana Vətən" qəzetinin baş redaktoru olub.

Zahid Oruc istər 90-cı illərin siyasi proseslərində, istərsə də sonrakı dövrdə müxtəlif siyasi partiya və və siyasi qüvvələrin milli quruculuqla bağlı debat və müzakirələrində ən fəal iştirak edən şəxslərdən biri olub.

2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Partiyasının Yeni Azərbaycan Partiyası ilə bir partiya adı altında birləşməsini təklif etmişdir.

2013-cü ildə Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini, Milli Məclisin üzvü Zahid Oruc Prezident seçkilərində iştirak etmək üçün müstəqil namizəd qismində Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürmüşdür. Partiya rəhbərliyi Ali Məclisin üzvü Zahid Orucun prezident seçkilərində iştirakına konstitusion hüquq kimi yanaşmışdır. Bununla da Zahid Oruc partiya rəhbər heyətini və Ana Vətən Partiyasını tərk edərək sonrakı fəaliyyətini müstəqil siyasətçi və bitərəf parlament üzvü kimi davam etdirmişdir.

Parlament fəaliyyəti Zahid Oruc 2001, 2005, 2010, 2015 və 2020-ci illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən müvafiq olaraq II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

2024-cü il parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

VII çağırış Milli Məclisdə bitərəf deputat kimi fəaliyyət göstərir. Milli Məclisin rəsmi məlumatına görə, İnsan hüquqları komitəsinin sədridir, Azərbaycan–Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edir, Azərbaycan–Almaniya, Azərbaycan–Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, habelə Azərbaycan–Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Parlamentdə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür.

2020-ci ildən Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir.

Beynəlxalq əməkdaşlıq istiqamətində: Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri təyin edilib.

Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Belçika, Danimarka, Gürcüstan, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Milli Məclisdə10 il müddətində Azərbaycan Respublikasının Milli Məclisi-NATO Parlament Assambleyası üzrə əlaqələr qrupunun üzvü kimi müxtəlif beynəlxalq konfransların işində yaxından iştirak edib, çoxlu məruzə və təqdimatların müəllifi kimi tanınıb.

Prezident seçkilərində namizəd kimi fəaliyyəti Zahid Oruc 2013-cü ildən başlayaraq müstəqil namizəd kimi öz təşəbbüsü üzrə prezident seçkilərində iştirak edib. O seçki dövründə aktiv siyasi kampnaiya aparıb. cəmiyyətə müxtəlif önəmli ideyalar, mesajlarını və ideoloji platformasını çatdırıb.

Zahid Oruc İTV-də prezidentliyə namizədlərin teledebatında azad sahibkarlıq mühitinin önəmini vurğulayıb: Monopoliya iqtisadi inkişafa zərbə vurur, dövlət ədalətli rəqabət mühitini yaratmaq üçün qanunlar çərçivəsində mübarizə aparmalıdır. Sahibkarlıq mühiti və iqtisadi azadlıqlar genişləndirilməlidir.

Digər bir teledebatda Zahid Oruc seçkilərə gedərkən insanların dörd amili nəzərə almasını tövsiyə edir: On il öncəki ictimai-siyasi reallığı göz önünə gətirin. O dövrdə “Ulu öndərdən sonra Azərbaycanın gələcəyi necə olacaq?”, “Bizi Fələstinin aqibəti gözləyirmi?” deyə ehtimallar, təhlükələr, perspektivlər vardı. Artıq o dövr arxada qalıb. Nəinki orta və yaşlı insanlar, artıq gənc nəsil də Azərbaycanın bayrağına sarılıb, müstəqil dövlətin gələcəyinə inanırlar. İstər demokratik, istər azad cəmiyyət adlandırılsın açıq cəmiyyətlərdə təkcə hakimiyyət dövlət quruculuğunun məsuliyyət daşımır, o cümlədən, iqtidara qarşı müxalif mövqe tutanların da üzərinə mühüm milli vəzifələr düşür. Ən azı bir ahıl evini ziyarət etmək, gənclər və yeniyetmələr üçün intellektual yarışlar keçirmək, ölkənin regional və beynəlxalq həyatına töhfə vermək yalnız bəyanatlarla və tənqidlə mübarizədən daha effektivdir.

Seçki çərçivəsində növbəti teledebatların birində Zahid Oruc siyasi fanatizmin neqativ yanlarını qabardıb: "İslam ölkələrinə geri salan fanatizmdən başladım. Baxışlarda və düşüncələrdə gerilik, əks düşününlərə qarşı barışmazlıq və ölkənin gələcəyini kəskin dəyişikliklər üzərində qurmağın tərəfdarları cəhaləti təşviq edən dindarlardan daha təhlükəlidir. Bizimlə olmayanlar, bizim düşmənimizdir şüarı siyasi bolşevizmdir. İkincisi, dünyanın hər yerində mitinq ona görə vacibdir ki, hökumətin siyasətinə alternativ xətt sərgiləyəsən. Normal praktika və demokratik mübarizənin ayrılmaz hissəsidir. Ölkəmizdə isə mitinq həyat tərzidir, onunla yaşayan və mövcudluğunu sürdürən qüvvələr var. Üçüncüsü, siyasi ekstremizm onlarda o qədər güclüdür ki, adam düşünür ki, silahları olsa, hərbi müxalifətə keçər və müsəlman qardaşları modeli ilə rəqiblərinə qarşı fiziki terror tətbiq edərlər. Dördüncüsü, hakimiyyətə qarşı olduğunu bəyan edən qüvvələrdə əsl partiya diktatura hökm sürür. Dünyanı dəyişməyə can atanlar birinci özlərini, psixologiyalarını,təfəkkürlərini dəyişsinlər".

2013-cü il prezident seçkiləri oktyabrın 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun protokoluna görə, Zahid Oruc 53 839 səs (1,46%) toplayıb. 2018-ci il prezident seçkiləri Zahid Oruc 2018-ci ildə yenidən öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə görə, 122 956 səs (3,12%) toplayaraq səkkiz namizəd arasında ikinci yeri tutub. İTV-də prezidentliyə namizədlərin teledebatlardan birində xarici siyasətdə atıla biləcək addımları qeyd edib: Azərbaycanın xarici siyasət konsepsiyasında mütləq dəyişiklik olmalıdır. Azərbaycan-Türkiyə münasibətləri mühüm bir xəttdir. Çox arzulayıram ki, Naxçıvanda Türkiyənin hərbi bazaları yerləşsin. Üçüncü debatda Prezidentliyə namizəd kəskinləşən Rusiya-Qərb münasibətləri fonunda Azərbaycanın hansı yolu tutmalı olduğunu aydınlaşdırıb:

Tarix boyu bizi Rusiya ilə toqquşdurmağı bacarıblar, rus əsgəri ilə üz-üzə gətiriblər. Rusiya-Qərb münasibətləri iqtisadi-siyasi cəhətdən kəskinləşməkdə davam edir və özünün böhran nöqtəsinə çatmaqdadır. Azərbaycanın addımları bu şəraitdə necə olmalıdır? Azərbaycan şimal və cənub qonşularına qarşı hərbi siyasi bloklara daxil olmamalıdır. Ölkəmizi NATO sıralarına almayacaqlar, əksinə provokasiya edəcəklər ki, Rusiya əleyhinə səngərdə yer alaq, o zaman da ikinci cəbhəni açmaq üçün vəziyyətə baxacaqlar.

Növbəti çıxışında Zahid Oruc Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun işğaldan azad edilməsinin vacibliyinə diqqət çəkib: 1999-cu ildə Ermənistanın siyasi rəhbərliyi güzəştlərə razılığını vermişdi. Parlamentdə onları gülləboran etdilər. Qalib Ermənistan məğlub sayılan Azərbaycandan daha hüquqsuz bir vəziyyətdədir. Belə çıxır ki, Qarabağa nəzarəti kim edərsə, o dövlət Rusiyanın köləsi olmalıdır və müstəqilliyini itirməlidir. Azərbaycan xalqı heç vaxt buna getməz. Aprel döyüşlərindən çıxan nəticə mənim aləmimdə o idi ki, Qarabağın qanı, canı yeddi rayondur. Çünki Qarabağın özünün ərazisi 4,38 kvadrat kilometrdir. Bufer zona adlandırılan bölgələrin sahəsi birlikdə 10000 kvadrat kilometrdən artıqdır. Biz Cəbrayılda, Füzulidə, Ağdamda atəşkəsi hər gün pozmalıyıq. Ermənilər itki verməlidirlər. Dağlıq Qarabağda sülh və atəşkəs olmamalıdır.

Prezidentliyə namizəd iqtisadi-sosial problemlərə dair konseptoloji ideyalarını bölüşərək, iş yerlərinin açılması üçün yeni Dövlət Proqramına ehtiyacdan bəhs edib, dövlətin iqtisadiyyatdakı payını təhlil edib və valyuta rezervləri haqqında fikirlərini bölüşüb.

Ölkənin təhsil sisteminin vəziyyətini təhlil edən namizəd müəllimlərin əmək haqlarına yerli hakimiyyət orqanlarının müdaxiləsini kəskin şəkildə pisləyib. "Biz müharibədə qalib gəlmək istəyiriksə, ilk növbədə müəllimlər, təhsil ordusunu gücləndirməliyik".

Başqa bir teledebatda, "müstəqilliyimizə və demokratiyaya ən böyük təhlükə mövqesizlik, biganəlik və laqeydlikdir"-söyləyən namizəd fəal vətəndaş və sabit siyasi əqidənin nə üçün vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa paytaxtlarında Azərbaycanla bağlı qorxulu, təhdid xarakterli çağırışlar edilir, ancaq, dövlət idarəçiliyində çalışan bir çox məmurlar susur, ikili xəttdə olan məmurlara müraciət edib: Ulu öndər mövqe bildirməyi tələb edirdi. Hansı səngərdə döyüşdüyünüzü bəlli edin.

2018-cü ildə öz təşəbbüsü ilə namizədliyini irəli sürən, ailəsi ilə birlikdə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsində ailəsi ilə birlikdə səs verən və 8 namizəd arasında 122 956 seçicinin səsini alaraq 3.12 % səslə prezident seçkilərini ikinci yerdə başa vuran Zahid Oruc qalib lideri təbrik edib və seçkilərin legitimliyini tanıyıb.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində öz təşəbbüsü ilə namizəd olan Zahid Oruc 107 632 səs (2,17%) toplayaraq yeddi namizəd arasında ikinci yeri tutub.

2013 53 839 1,46% — 2018 122 956 3,12% 2-ci yer 2024 107 632 2,17% 2-ci yer

2024-cü il prezident seçkiləri və seçki platforması Prezidentliyə öz təşəbbüsü ilə namizəd olan Zahid Oruc 2024-cü ilin seçki kampaniyası zamanı mühüm tezislərini səsləndirib. Azərbaycan dövlətinin Qələbədən sonrakı ideoloji əsaslarının, iqtisadi inkişafının, əhalinin sosial rifahının, ordunun təkmilləşdirilməsinin, xarici siyasətinin, gənclər siyasətinin ən yüksək səviyyəyə qaldırılması üçün alternativ ideyalarla çıxış edib. Zahid Oruc daha parlaq və ideal Azərbaycan üçün "4-cü Respublika" ideyasını irəli sürüb.