Yusuf Ülfət oğlu Məmmədəliyev () — Azərbaycan siyasətçisi və diplomatı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri (2017-ci ildən), Birinci vitse-prezidentin köməkçisi (2017-ci ildən).

Həyatı Yusuf Ülfət oğlu Məmmədəliyev 23 yanvar 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Səbail rayon 134 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinə qəbul olunub. 1999-cu ildə buradan bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati idarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

Y. Məmmədəliyev 1997-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb və 1997–2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb. 2002–2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib.

2003-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində Leyla Əliyevanın rəhbərliyi ilə "İlhamla İrəli" şüarı altında gənclərin təşəbbüs qrupunun tərkibində İlham Əliyevin seçkiqabağı kampaniyasında iştirak edib. 2005–2009-cu illərdə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində əvvəlcə ikinci, daha sonra isə birinci katib vəzifələrində çalışıb. 2009–2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib.

2011–2013-cü illərdə ABŞ-nin Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha sonra daimi nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il 14 noyabr tarixində Azərbaycanın 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik rütbəsini alıb.

2013-cü il 1 may – 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışıb və ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib. 2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert qismində və IDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində iş fəaliyyətini davam etdirib.

Azərbaycan Respublikası Prezidentinin müavfiq sərəncamları ilə 11 aprel 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse- prezidentinin köməkçisi, 1 iyun 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin edilmişdir. 2-ci dərəcə dövlət müşaviridir.

İngilis, ispan, rus və türk dillərini bilir.

Həmçinin bax Yusif Məmmədəliyev (babası)

Xarici keçidlər Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Prezident mərhum akademik Yusif Məmmədəliyevin nəvəsinə böyük vəzifə verdi

İstinadlar

Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri Kateqoriya:Azərbaycan diplomatları