Codhpur, Marvar — Hindistanın şimal qərbində, Racəstan ştatında şəhər.Codhpur// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 372-373.

Əhalisi Əhalisi 959,6 min (2007). Marvar səhrasının kənarında yerləşmişdir. Nəqliyyat qovşağı.

Tarixi 1459-cu ildə racputların Rathor sülaləsindən olan maharacə Rao Codha tərəfindən salınmışdır. Racəliyin paytaxtı idi. 1818-ci ildə Böyük Britaniyanın Hindistandakı mülklərinə qatıldı. Hindistan müstəqillik qazandıqdan sonra Racəsthan ştatının tərkibindədir (1949-cu ildən). Şəhərdəki təpənin zirvəsində qalın divarları və 7 darvazası olan 1459-cu ildə əsası qoyulmuş, 16–18-ci əsrlərdə tamamlanan Mehranqarh qalası yerləşir (Hindistanda ən böyük qalalardan biri). Daxilində maharacələrin sarayları (o cümlədən Moti-M hal, 1595–1619), zərif naxışlı memarlıq detalları və çoxlu heykəltaraşlıq bəzəkləri ilə seçilən, Çamunda – Mataci məbədi (15-ci əsr) saxlanılmışdır.

Mədəniyyəti Təpənin ətəyində, şəhərin düzən hissəsində təqribən 10 km uzunluğunda divarla (1532–73) əhatə olunmuş 16–19-cu əsrlərə aid məbədlər (divar rəsmləri, 18–20-ci əsrin əvvəlləri), naxışlarla bəzədilmiş yaşayış evləri, Codhpur hökmdarlarının mərmər kenotafı və memorialı (Casvand-Thada, 1899), Can-Mandi örtülü bazarı yerləşir. Möhtəşəm Umayd Bhavan sarayı (1929–44, memar Q.V. Lankaster; hazırda maharacənin iqamətgahı, mehmanxana və muzeydir) özündə hinduist memarlığı və ardeko üslubu element lərini birləşdirir. Codhpuru brahmanların evlərinin rənginə görə “mavi şəhər” adlandırırlar. Mərkəzi quraq zonanın ETİ (1959), universiteti (1962); toxuculuq, metal emalı, kimya-əczaçılıq sənayesi müəssisələri fəaliyyət göstərir. Bədii sənətkarlıq inkişaf etmişdir. Codhpurun şimal qurtaracağında qala, məbəd xarabalıqları, qədim Mandora şəhərinin bağları var. Codhpur yaxınlığındakı qədim Osian şəhərində 8–11-ci əsrlərə aid məbədlərin qalıqları saxlanılır.

Şəkillər

Həmçinin bax Hindistan

İstinadlar

Xarici keçidlər Rəsmi internet saytı Racəstanın turizm saytında Codhpur

Kateqoriya:Hindistan şəhərləri