Ağdam döyüşü (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-cü ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir.

2023-cü ildə Milli Məclisin deputatı Aqil Abbas ilə hərbi ekspert Ədalət Verdiyev arasında Ağdam rayonundan Birinci Qarabağ müharibəsi dövründə olan şəhidlərin sayı ilə bağlı fikir ayrılığı yaranmışdır. Aqil Abbasın açıqlamasına görə, Ağdamdan 6,000 nəfər şəhid olmuşdur, Ədalət Verdiyev isə bu rəqəmi 1027 nəfər olaraq göstərmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına əsasən, 12 may 1994-cü il tarixinədək Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonu üzrə həlak olaraq şəhid statusu verilmiş hərbi qulluqçuların sayı 549 nəfər təşkil edir. Cavabda qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarına əsasən, şəhid ailəsi statusu mülki şəxslərə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Bu səbəbdən, Ağdam rayonu üzrə şəhid statusu verilmiş mülki şəxslərin dəqiq sayı barədə məlumatı yalnız Ağdam Rayon İcra Hakimiyyətindən əldə etmək mümkündür.

Şəhərin əhəmiyyəti SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir.

Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar. Münaqişənin ilk mərhələlərində və hərbi əməliyyatların qızışmasına qədər ermənilər Ağdamın sakinlərini "ermənilərin hər kəsdən yaxşı istifadə etdiyi silah" olan terrorizmdən istifadə etməklə ruhdan salmağa çalışırdılar. Bu strategiyanı reallaşdırmaq üçün Ağdam ətrafında erməni millətçiləri tərəfindən bir neçə terror aktı həyata keçirilmişdir. Məsələn, 1990-cı ilin avqustunda erməni terrorçuları Tbilisi-Ağdam marşrutu ilə gedən avtobusu partlatdılar və nəticədə 20 dinc vətəndaş həlak oldu. 1991-ci ilin sentyabrında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında müvafiq olaraq 5 və 8 sərnişinin həlak olduğu avtobus hücumları həyata keçirdilər. Nəhayət, 28 yanvar 1992-ci ildə ermənilər Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, nəticədə 41 dinc sakin, həmçinin 3 ekipaj üzvü həlak oldu.

Ağdamın işğalı Ermənistan rəhbərliyi üçün strateji vəzifə idi. Ağdamın Əsgəran, Ağdərə və Xankəndidəki erməni mövqelərinə yaxınlığını nəzərə alaraq, Mərkəzi Azərbaycanın bu böyük şəhərinin işğalı və etnik təmizlənməsi, Ağdamdan şərqə yerləşən digər şəhərlərə doğru hücuma qədər müharibənin bütün gedişini dəyişməli idi. Ağdamın işğalına dair əməliyyatın 1993-cü ildə erməni ordusunun strateji hücumundan xeyli əvvəl planlaşdırıldığı yaxud Kəlbəcərin işğalından sonra başlanan hücum momentinin davam etdirilməsi üçün başlandığı hələ də məlum deyil. İstənilən halda, Ağdam işğalı əməliyyatı 1993-cü ilin fevralında başlanan irimiqyaslı hücumun bir hissəsi oldu.

Zəmin Ermənistan ordusu 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunu işğal etdikdən sonra aktiv şəkildə yay hücum kampaniyasına hazırlaşmağa başladı. Bu məqsədlə Ermənistandan Dağlıq Qarabağa böyük həcmdə silah-sursat və canlı qüvvə gətirilirdi. Kəlbəcərin işğalından sonra sülh danışıqları başlansa da, danışıqların getdiyi bir vaxtda Ermənistan ordusu yeni bir hücuma hazırlaşırdı. 15 may 1993-cü il tarixində Moskva şəhərində, Ermənistanın Rusiyada yerləşən səfirliyində Azərbaycan Baş naziri Pənah Hüseynov və Azərbaycanın Rusiyadakı səfiri Hikmət Hacızadə ilə Ermənistan rəhbərliyinin üzvləri arasında danışıqlar keçirildi. Bu danışıqlarda tərəflər Qarabağ münaqişəsinin sülh yolu ilə tam həllinə dair anlaşdılar. Danışıqlarda Azərbaycan və Ermənistanın Baş nazirləri Pənah Hüseynov və Qrant Baqratyan iştirak edirdi. Onlar erməni qoşunlarının Qarabağdan çıxarılması və keçmiş DQMV-dəki erməni icmasının Azərbaycan daxilində muxtar respublika statusu alması barədə anlaşdılar. Ancaq bu anlaşma sonradan pozuldu.

Razılaşmaya əsasən Ermənistan ordusu aprel ayında işğal etdiyi Kəlbəcər rayonunu könüllü olaraq tərk edir, bunun əvəzində Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) yüksək statuslu muxtariyyət təklif edirdi. Bakıdakı AXCP hökuməti 1993-cü ilin fevral-mart aylarında Ağdərədəki döyüşlərdə məğlubiyyət və 1993-cü il aprelin əvvəlində Kəlbəcərin işğalından sonra artıq müharibənin davam etməsinə maraq göstərmirdi. Azərbaycan prezidenti Əbülfəz Elçibəy sülh müqaviləsinin imzalanması ilə müharibəni bitirəcəyinə inanırdı. Lakin Ermənistan hakimiyyətinin Elçibəydən fərqli olaraq tamam başqa planları var idi. Robert Köçəryan öz kitabında bu planları belə təsvir edirdi:Biz ölüm və qalım mübarizəsi aparırdıq. Kəlbəcərin qaytarılması bizim üçün intihar ola bilərdi. Bir sözlə biz Kəlbəcəri ona görə götürməmişdik ki, sonra da Azərbaycana təhvil verək. BMT-də əleyhimizə çıxarılan qətnamədən sonra Ermənistana heç bir sanksiyanın tətbiq olunmayacağına əmin idim. SSRİ-nin dağılması o qədər sürətlə baş verdi ki, dünyanın aparıcı dövlətləri Cənubi Qafqazdakı maraqlarını müəyyənləşdirməyi bacarmamışdı. Vaxtımız az idi. Buna görə də SSRİ-nin dağılmasının geosiyasi cəhətdən hamı tərəfindən həzm ediləcəyi vaxta qədər hərbi uğurları möhkəmləndirməyə və maksimum üstünlük əldə etməyə tələsirdik. Samvel Babayan və mən artıq növbəti addımımız olan “Ağdam əməliyyatı”nı müzakirə edirdik. Ağdamdan daimi olaraq şəhərlərimiz və kəndlərimiz atəşə tutulurdu. Bu səbəblə Ağdamın ələ keçirilməsi Qarabağ ətrafında təhlükəsizlik sahəsi yaratmaq planımızın bir hissəsi idi. Bundan başqa Ağdamın götürüləcəyi təqdirdə vasitəçilərin dərhal diqqətinin ona yönəldəcəyini və Kəlbəcəri unudacağını ümid edirdik.Əvvəlcə Gəncədə qiyam baş verdi. 1993-cü ilin yay aylarında Azərbaycan ordusu üçün hərbi əməliyyatların gedişatına mənfi təsir göstərən ən ciddi amil ölkədə baş verən və getdikcə böyüyən ciddi daxili siyasi böhran və xaos idi. 4 iyun 1993-cü ildə Gəncədə qiyama başlamış, Surət Hüseynova bağlı hərbi hissələrə qarşı keçirilmiş cəza əməliyyatı uğursuzluqla başa çatdı. Hökumət qüvvələrinin bir hissəsi keçmiş Surət Hüseynovun qüvvələrinə təslim oldu, bir hissəsi Gəncədən qaçdı. S.Hüseynov nəzarətində olan hərbi birliklərlə Bakı istiqamətində hücuma keçməyə başladı. Azərbaycanda vətəndaş müharibəsi baş verməsi təhlükəsi yaranırdı. Qiyamçıların qarşısını almaqda aciz olduğunu anlayan AXCP hökuməti çıxış yolu kimi Heydər Əliyevə kömək üçün müraciət etdi. H.Əliyev 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçildi. 17 iyun 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Komandanı Əbülfəz Elçibəy Bakıdan Kələki kəndinə getməyə məcbur olur. Konstitusiyaya uyğun olaraq hakimiyyət Heydər Əliyevə keçir. Hakimiyyətə gələr-gəlməz Əliyevin qarşılaşdığı ilk böyük problem erməni qoşunlarının cəbhədə genişmiqyaslı hücuma keçməsi idi.

H.Əliyevin hakimiyyətinin ilk dövrlərində Azərbaycanda xaos hökm sürürdü. Mərkəzdənqaçan qüvvələr ölkənin şimalında və cənubunda separatçı hərəkatlar yaratmışdı. Demək olar ki, ölkədəki hər siyasi qrupun özünə aid, hakimiyyətə tabe olmayan silahlı dəstəsi var idi. Orduda vahid komandanlıq yox idi, anarxiya və özbaşınalıq hökm sürürdü. Nəticədə Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-mayor Nurəddin Sadıqov 5 iyun 1993-cü ildə, Müdafiə naziri Dadaş Rzayev isə 16 iyun 1993-cü ildə istefa verdi. S.Hüseynova sadiq qüvvələrin cəbhədən çıxarılaraq qiyama cəlb edilməsi nəticəsində Qarabağdakı cəbhə xəttinin müdafiəsini təşkil etmək üçün kifayət qədər qüvvə və vasitə qalmamışdı. H.Əliyev yeni hakimiyyətə gəldiyi üçün ölkədəki anarxiyanı aradan qaldırmaq və orduda intizam yaratmaq üçün ona vaxt lazım idi. Ölkənin müdafiə qabiliyyətini gücləndirmək və cəbhəyə lazımi ehtiyatları toplamaq üçün Heydər Əliyev Ermənistan tərəfinə atəşkəs təklif etdi. Azərbaycan tərəfinin zəiflədiyini bilən Ermənistan rəhbərliyi 1-2 gün davam edən atəşkəsi pozurdu. Erməni hərbi rəhbərliyi cəbhədə uğurlu genişmiqyaslı hücum üçün fürsət tapdığını, Azərbaycandakı qarışıqlığın gec-tez sona çatacağını və bir müddət sonra daha mütəşəkkil bir ordu ilə qarşılaşacaqlarını başa düşürdü. Buna görə də fürsətdən istifadə edib mümkün qədər çox ərazini işğal etmək məqsədini güdürdülər. Robert Köçəryan öz kitabında bu barədə belə deyirdi:Vəziyyət bizim üçün işləsə də, bunun əbədi olmayacağını başa düşürdük. Bu səbəbdən üstünlüyə sahib olduğumuz andan istifadə etməli və irəliləməyə davam etməliydik.

Hazırlıq Bakıdakı Elçibəy hökuməti yaxın vaxtlarda Kəlbəcərin erməni qoşunları tərəfindən könüllü şəkildə azad olunacağını gözləyərkən Ermənistan hərbi rəhbərliyi Ağdamı işğal etmək üçün plan hazırlayırdı. Bu plana əsasən 1993-cü ilin iyun ayında Ağdam istiqamətində erməni ordusu hücuma keçdi. Hücum başladıqdan sonra da Elçibəy hökuməti erməni qoşunlarının atəşkəs razılığını pozduğuna inanmırdı. 708-ci briqadasının 2-ci motoatıcı taborunun komandiri Xətai Baxışov bu barədə belə deyir“:O günlərdə Ağdam istiqamətində aktiv döyüş əməliyyatları yox idi. Lakin tezliklə bizə Əsgərandan ermənilərin hücuma keçdikləri bildirildi. Briqadamız hücumun qarşısını almaq üçün tədbirlər gördü. Tezliklə bu hücumun manevredici bir həmlə olduğunu anladıq. Ermənilər böyük qüvvələrlə Novruzlu-Mərzili istiqamətində hücuma başladılar. Bu istiqamətdə əsgər sayımız az idi, bu səbəblə canlı qüvvəni təxliyə etdik. Hər iki kənd ermənilər tərəfindən tutuldu. 708-ci briqadanın komandiri Talıb Məmmədov prezident Elçibəyə zəng edərək ermənilərin atəşkəs razılığını pozduqlarını və genişmiqyaslı hücuma keçdiklərini söylədi. Elçibəy dərhal Ter-Petrosyanla əlaqə saxladı. Petrosyan hücum barədə məlumatların həqiqətə uyğun olmadığını bildirdi. Elçibəy Petrosyanın sözlərini briqada komandirinə çatdıranda Talıb Məmmədov qəzəblə ona ermənilərə aid tankın gözünün qarşısında yandığını dedi və dəstəyi asdı.Azərbaycan tərəfi 1993-cü ilin yayında cəbhədə komandanlığı yenidən təşkil edildi. 1-ci və 2-ci ordu korpusları əvəzinə Qarabağ cəbhəsinin komandanlığı yaradıldı. Müdafiə nazirinin müavini olan general-mayor Zadir Rzayevə bu cəbhənin komandiri, general-mayor Nəcməddin Sadıqov isə cəbhənin qərargah rəisi təyin edildi.

1993-cü ilin iyun ayının ilk günləri üçün Qarabağ cəbhəsindəki Azərbaycan qoşunlarının təşkilati quruluşu aşağıdakı kimi idi:

Murovdağ silsiləsi boyunca rəhbəri İlqar Əliyev olan 701-ci motoatıcı briqada və komandiri Rasim Əkbərov olan 157-ci motoaatıcı polk; Tərtər rayonunda yerləşən, rəhbəri Altay Mehdiyev olan 703-cü motoatıcı briqada; Ağdam rayonunda yerləşən, rəhbəri Talıb Məmmədov olan 708-ci briqada; Xocavənd rayonunda yerləşən, rəhbəri Mikayıl Hacıyev olan 704-cü motoatıcı briqada; Füzuli rayonunda yerləşən, rəhbəri Heydər Piriyev olan 702-ci motoatıcı briqada; Cəbrayıl rayonunda yerləşən, rəhbəri Mahir Həsənov olan 896-cı motoaatıcı polk; Qubadlı rayonunda və Laçın rayonunun cənubunda yerləşən, rəhbəri Rasim Muxtarov olan 706-cı motoatıcı briqada; Zəngilan rayonunda yerləşən, rəhbəri Firudin Şabanov olan 865-ci motoaatıcı polk.

1993-cü ilin yanvar-fevral aylarında Ağdamın müdafiəsi ilə bağlı iki briqada məşğul idi. Onlardan biri xalq arasında Ağdam briqadası kimi tanınan, general-leytenant Talıb Məmmədovun rəhbərlik etdiyi 708-ci briqada idi. Ağdamın Aran hissəsinin müdafiəsi isə Müdafiə Nazirliyi tərəfindən Surət Hüseynovun sağ əli sayılan polkovnik Eldar Əliyevin rəhbərik etdiyi 709-cu motoatıcı briqadaya həvalə edilmişdir. 709-cu briqadanın üç batalyonu Ağdamda yerləşdirilmişdi. Lakin 1993-cü il may ayının sonu və 1, 2 və 3 iyun tarixlərində 709-cu briqadanın Ağdam rayonunun müdafiəsi üçün lazım olan Artileriya və Qrad qurğuları təlim–məşq adı altında Seyfəli təlim poliqonuna aparıldı.

Cəbhədə olan erməni qoşunları isə aşağıdakı regionlarda yerləşirdi:

Ağdərə regionu qoşunları, komandiri Norayr Danielyan; Şuşa regionu qoşunları, komandiri Vaçaqan İşxanyan; Mərkəzi regionu qoşunları, komandiri Samvel Karapetyan; Xocavənd regionu qoşunları, komandiri Monte Melkonyan; Hadrut regionu qoşunları, komandiri Artur Ağabekyan; Şaumyan regionu qoşunları, komandiri Sergey Çalyan.