Əbu Süfyan Səhr ibn Hərb əl-Qureyşi () — Qureyş qəbiləsinin liderindən biri, Məhəmmədin səhabəsi və qayınatası.
Həyatı Hicrətdən 50 il (təq. 565) əvvəl dünyaya gəlmişdir.
Uşaqlığı Məkkədə keçmiş, oxuma-yazma bilmiş, ticarətlə məşğlub olmuş və Darun-Nədvədəki məclisin üzvü olmuşdur. Məharəti sayəsində Qureyşin liderlərindən birinə çevrilmişdir.
Məhəmmədin öz peyğəmbərliyini elan etməsindən sonra onun ən radikal düşmənlərindən biri olub. İslamın Məkkədən sürətlə yayılması, Həmzə və Ömərin müsəlman olması Qureyş liderlərini narahat etmişdir. Onlar da qardaşı oğlu Məhəmmədi öz mübarizəsindən vaz keçirməsi üçün Əbu Talibə heyətlər göndərmiş və Darun-Nədvədə toplanaraq Məhəmmədin öldürülməsinə qərar vermişdilər. Bu şəxslər arasında Əbu Süfyan da olmuş, lakin o bəzi Qureyş liderlərindən fərqli olaraq müsəlmanlara işkəncə verən şəxslərdən olmamışdır.
Bədr, Uhud, Xəndək döyüşlərində müsəlmanlara qarşı döyüşmüş, Uhud və Xəndək döyüşlərində qureyşlilərin komandanı olmuşdur.
Məhəmməd Dihyə əl-Kəlbi vasitəsi məktub göndərərək İraklini İslama dəvət etdiyi günlərdə Əbu Süfyan da Suriyada (Qəzzada) idi. İrakli Məhəmmədin həmyerlisi olan bir şəxslə görüşmək istədikdə, Əbu Süfyan İraklinin hüzuruna çıxarılmış və onun Məhəmmədlə bağlı suallarına cavab vermişdir.
O, Məkkənin fəthində İslamı qəbul etmiş və Huneyn qəzvəsində iştirak etmişdir. Onun bu döyüşün ilk etaplarında müsəlmanların məğlubiyyətinə sevinməsi bu dövrdə onun İslamı tam mənimsəmədiyi təəssüratı yaratmışdır, lakin Məhəmmədin bu döyüşün sonunda ona qənimət verməsi Əbu Süfyanı məmnun etmişdir. O, bundan sonra Taifin mühasirəsində iştirak etmiş, nəcranlılarla bağlanan sazişin şahidlərindən biri olmuş və Bəlazuriyə görə qeyd-şərtsiz təslim olan Cüreş şəhərinə vali təyin edilmişdir.
Məhəmmədin öldüyü vaxt Əbu Süfyan Məkkədə olmuşdur. İbn Həcərə görə Məhəmməd onu Qudeyddəki Mənat bütünü dağılmaq üçün göndərmiş və o da vəzifəsini yerinə yetirmişdir.
Əbu Bəkrin xəlifə seçildiyi vaxt Əbu Süfyan buna etiraz etmiş, lakin sonradan Əbu Bəkrə beyət etmişdir.
Qoca yaşlarında Suriyaya göndərilən orduya qoşulmuş, Yərmük döyüşündə gəncləri döyüşə həvəsləndirmək üçün böyük səy göstərmişdir. Təbəri onun bu döyüşdə gözünü itirdiyini yazmışdır. Zəhəbiyə görə isə bir gözünü Taifin mühasirəsində, ikincisini də bu döyüşdə itirmişdir.
Əbu Süfyan Mədinədə vəfat etmişdir.
Hədis elmindəki yeri Məhəmmədə katiblik etdiyi deyilən Əbu Süfyan, Məhəmməddən bəzi hədislər nəql etmişdir. Ondan da İbn Abbas, Muaviyə və Qeys ibn Əbu Həzim hədis rəvayət etmişlər.
İmanı haqqında fikirlər Sünnilərdən fərqli olaraq şiələr Əbu Süfyanın səmimi müsəlman olmadığını iddia edirlər. Hətta onun zindiq və münafiq olduğunu, Məhəmmədə inanmadığını və aqnostisizmi mənimsədiyini irəli sürürlər. İslam təhqiqatları professoru Süleyman Essop Danqor bildirir ki, Əbu Süfyan haqqında məlumat verən bəzi tarixçilər ona qarşı düşmən münasibət bəsləmiş, buna görə də obyektiv məlumat verməmişlər.
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:Ərəb şairlər