Azərbaycan milliyyətçiliyi və ya Azərbaycançılıq — Azərbaycanlıların yəni Azərbaycan türklərinin millət olmasının iddiası və azərbaycanlıların mədəni birliyinin təbliğ fikridir. Azərbaycanda millətçiliyin formalaşması prosesi XIX əsrin ikinci yarısından başlamışdır. Azərbaycançılıq fikirlərini əsasən XX əsrin başlanğıcında Azərbaycanın ideoloqları, qurucuları müəyyənləşdirmiş və bu fikirlərin nəticəsi olaraq Azərbaycan xalqları ilə birgə Azərbaycan Xalq Cümhuriyyəti adında dövlət qurmuşlar. Azərbaycanda millətçilik məzmunu və əhəmiyyətinə görə liberal millətçilik olmuşdur. Bunu Azərbaycan Xalq Cümhuriyyətinin xarici və daxili siyasətində aydın görmək olardı. Onun daxili siyasəti şəxsiyyətin azadlığı, bərabərlik, həmrəylik və plüralizm prinsiplərinə əsaslanırdı.
Azərbaycan milliyyətçiliyinin ideologiyası Azərbaycançılıq fikirlərini əsasən XX əsrin başlanğıcında Azərbaycanın ideoloqları, qurucuları müəyyənləşdirmiş və bu fikirlərin nəticəsi olaraq Azərbaycan xalqları ilə birgə Azərbaycan Cümhuriyyəti adında dövlət qurmuşlar. Filosof Etibar Nəcəfova görə, Rusiya imperiyasına qarşı Azərbaycan xalqının mübarizəsi Azərbaycanda millətçiliyin əsas hərəkətverici qüvvəsi idi. Bundan əlavə, filosofun fikrincə, mütərəqqi rus və avropalı nəzəriyyəçi və dövlət xadimlərinin ideyaları Azərbaycanda millətçiliyin formalaşması prosesinə cox böyük təsir etmişdi. Qeyd olunmalıdır ki, Azərbaycan millətçiliyinin təmsilçilərinin əksəriyyəti Rusiya və Avropada təhsil almışdılar. Bundan başqa, onlardan bəziləri (Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə) Türkiyədə və İranda milli azadlıq hərəkatının fəal iştirakçıları olmuşdur. Azərbaycanda millətçilik məzmunu və əhəmiyyətinə görə liberal millətçilik olmuşdur. Bunu Azərbaycan Xalq Cümhuriyyətinin xarici və daxili siyasətində aydın görmək olardı. Onun daxili siyasəti şəxsiyyətin azadlığı, bərabərlik, həmrəylik və plüralizm prinsiplərinə əsaslanırdı.
Tarixi
Sovet dövründən əvvəl Azərbaycanda millətçilik
Filosof Etibar Nəcəfova görə, Azərbaycanda millətçiliyin formalaşması prosesi XIX əsrin ikinci yarısından başlamışdır. Azərbaycanda millətçiliyin təşəkkül tapması və inkişafının əsas hərəkətverici qüvvəsi Azərbaycan xalqının milli, mədəni müstəqilliyi uğrunda mübarizəsi olmuşdur. Ziya Göyalpa görə, şərq xalqları arasındakı milli hərəkatlar nəticə etibarilə üç mərhələdən keçir: mədəni, siyasi və iqtisadi. Qeyd olunmuş dövrləşməyə uyğun olaraq Azərbaycanda millətçilik ilk öncə özünü mədəni hərəkat kimi göstərmişdir.
Mədəni millətçiliyin daşıyıcıları olan Azərbaycan ədəbiyyatı, incəsənəti və maarifçiliyinin görkəmli nümayəndələri Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov mədəni hərəkata başçılıq edirdilər. Onlar Mirzə Fətəli Axundovun ənənəsini davam və inkişaf etdirərək xalqın nadanlığını, mövhumatçılığını, tərəqqiyə mane olan köhnə adətləri tənqid edir, şovinist Çar Rusiyasının milli siyasətini günahlandırırdılar.
Azərbaycan maarifçilərinin əsas fəaliyyət istiqamətləri aşağıdakı kimi görünürdü: birinci, yeni öyrətmə üsuluna (üsul-i-cədid) əsaslanan milli məktəblərin açılması. Bu üsul əhali arasında savadsızlığın aradan götürülməsi, dünyəvi və milli təhsilin tətbiq edilməsinə yönəldilmişdi; ikinci, dil və əlifba islahatı uğrunda mübarizə. Bu mübarizə ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi ideyasına əsaslanırdı. İlk dəfə bu ideya 19-cu əsrin birinci yarısında Mirzə Fətəli Axundov tərəfindən irəli sürülmüşdür. Dil islahatına gəldikdə, o, canlı xalq dili əsasında Azərbaycan ədəbi dilinin formalaşmasına yönəldilmişdi. Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov və başqaları bu ideyanın təsiri altında öz əsərlərini adi adamların başa düşdüyü dildə yazmışdılar. Azərbaycan maarifçilərinin cəhdləri ədəbi Azərbaycan dilinin formalaşması və inkişafını irəli aparmışdı, millətin mədəni dirçəlişinə xidmət edirdi; üçüncü, milli kitabxanaların və oxu zallarının açılması. Azərbaycanda ilk oxu zalı Bakıda Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə tərəfindən açılmışdır. O kitabxanalarda və oxu zallarında çar hökumətinin qadağan etdiyi bəzi kitablar var idi. Oxucular arasında belə kitablar çox sevilirdi; dördüncü, "Nicat", "Sara", "Ədəb yurdu" və "Cəmiyyəti-Xeyriyyə" kimi xeyriyyə təşkilatlarının fəaliyyəti. Onlar varlı adamların ianələri hesabına maliyyələşdirilirdi, milli qəzet və jurnallara, Avropada təhsil alan azərbaycanlı tələbələrə də yardımlar edirdilər; beşinci, qəzet və jurnalların buraxılması. Azərbaycan maarifçiliyinin təmsilçiləri qəzet və jurnalları, milli və mədəni intibaha aid ideyaların yayılması üçün təsirli vasitə hesab edirdilər. XX əsrin əvvəlində "Həyat", "Yeni həyat", "Füyuzat", "İrşad", "Tərəqqi" kimi qəzet və jurnallar Azərbaycan xalqının milli şüurunun inkişafında çox mühüm rol oynamışdır.
Beləliklə, ədəbiyyat və maarifçilik təmsilçilərinin səylərinə görə Azərbaycanda millətçilik mədəni hərəkat kimi öz tarixi vəzifəsini yerinə yetirdi. Nəticə etibarilə Azərbaycan xalqı öz mədəni və etnik birliyindən hali oldu.
Azərbaycanda millətçiliyin mədəni hərəkatdan siyasi hərəkata çevrilməsi Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və Məhəmməd Əmin Rəsulzadə kimi görkəmli Azərbaycan ziyalılarının nəzəri və siyasi fəaliyyəti ilə bağlıdır. İlk dəfə onlar Azərbaycan xalqının sosial-siyasi hüquqlarının üstündə durmağa başladılar. Bu məqsədlə onlar bütün qanuni yollardan istifadə edirdilər: çara petisiyalar yazır, ali hökumət rəsmiləri ilə görüşür, Rusiya müsəlmanlarının qurultaylarını çağırır, habelə parlamentdə (Dumada) fəal iştirak edirdilər. Dövlət Dumasında Azərbaycan nümayəndəliyinin fəallığı artmışdı. 1905-ci ilin aprel ayında Azərbaycan nümayəndəliyi Dumada baxılması üçün "Rusiyanın müsəlman əhalisinin səlahiyyətli nümayəndələrinin adından" adlı petisiyanı hazırlayıb təqdim etdi. Petisiya Əlimərdan bəy Topçubaşov tərəfindən yazılmışdı. Dilarə Seyidzadənin dediyi kimi:
Petisiya Rusiya müsəlmanlarına bərabər siyasi, vətəndaş, dini, mülki və mədəni hüquqların verilməsi zərurətini tələb edirdi. Bundan başqa, Rusiyada feodal qalıqlarının aradan qaldırılması haqqında və demokratik cəmiyyətin qurulması barəsində yazılmışdı. Petisiyanın çar hökuməti tərəfindən qəbul edilməməsinə baxmayaraq, o, Azərbaycanda siyasi millətçiliyin inkişaf səviyyəsini nümayiş etdirirdi.
Siyasi millətçiliyin nümayəndələri fəaliyyətlərinin əvvəlində millətçi ideyaları, xüsusən Azərbaycan xalqının türk birliyi barəsində ideyanı açıq surətdə təqdir edə bilmirdilər. Bu o faktla izah edilirdi ki, azərbaycanlılar özlərini dini xüsusiyyətlərinə görə eyniləşdirir, özlərini müsəlman hesab edirdilər. Onlar öz etnik birliyini anlamırdılar. Əslində, Azərbaycanda siyasi millətçiliyin təmsilçiləri islampərəstliyi milli azadlıq hərəkatı yolunda böyük bir maneə hesab edirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərindən biri Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi:
Zamanla siyasi millətçiliyin təmsilçiləri millətçi pan-türkist ideyasını təbliq etməyə başladılar. Əvvəlcə bu, bütün türk xalqlarının birləşməsi və birləşmiş türk dövlətinin qurulması kimi romantik bir ideya – "Turan" ideyası idi. XX əsrin əvvəlində azərbaycanlıların əksəriyyəti Azərbaycanın Türkiyə ilə birləşməsini istəyirdi. Onlar bu siyasi birləşməni Rusiya hökmranlığından xilas olmaq vasitəsi hesab edirdilər. 1918-ci ilin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin siyasi rəhbərlərindən biri Nağı Şeyxzamanlı öz xatirələrində qeyd edirdi ki, Azərbaycan xalqının siyasi müstəqilliyinin bəyan olunması üçün çox əlverişli şərait yaranmasına baxmayaraq, onlar Azərbaycanın siyasi müstəqilliyi ideyasını qəbul etmədilər. Lakin siyasi millətçiliyin əksər liderləri bütün türk xalqlarının siyasi vahidliyi barəsində romantik ideyanı rədd edirdilər. Onlar azərbaycançılıq adlanan yeni milli-siyasi bir ideyanı irəli sürdülər. Azərbaycançılıq ideyası türkçülüyün konkret tarixi forması idi. O, Azərbaycan xalqının ictimai, iqtisadi, siyasi və mədəni inkişafının xüsusiyyətlərini ifadə edirdi və onların rifahının inkişafına yönəldilmişdi. Azərbaycançılığın nəzəri əsası üç istiqamətdə – türkləşmə, İslamlaşma və müasirləşmədə idi. Bu ideya Əli bəy Hüseynzadə tərəfindən onun "Həyat" jurnalında 1905-ci ildə irəli sürülmüşdü. Əli bəy Hüseynzadə Azərbaycan millətçiliyi nümayəndələrindən fərqli olaraq, azərbaycançılıqla türkçülüyü əlaqələndirməyə, ümumtürk miqyasını, yaxud kontekstini hər bir türk xalqının tərəqqisinin etnososial məkanı olaraq qəbul etməyə çalışır, gələcəyə mütəşəkkil şəkildə məhz "genotip"dən getməyin mümkünlüyünü deyirdi.
Sonralar bu ideya Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi doktrinası olmuş və respublikanın üçrəngli bayrağında öz rəmzi ifadəsini tapmışdır. 1918-ci ilin mart ayına kimi azərbaycançılıq ideyasının tərəfdarları federativizm mövqeyində olmuşdular. Onlar hesab edirdilər ki, Azərbaycan və Rusiya arasındakı münasibət federativizm prinsipi əsasında olmalıdır. Lakin bolşeviklərin erməni silahlı qüvvələri ilə birləşərək 1918-ci il Mart soyqırımı zamanı Bakı və Şamaxıda Azərbaycan əhalisini qətlə yetirməsindən sonra Azərbaycan milli azadlıq hərəkatının rəhbərləri federativizm ideyasını rədd etdilər. Onlar azərbaycançılıq ideyasını Azərbaycanın siyasi müstəqilliyinə nail olmasına yönəltdilər. 1918-ci il mayın 28-də bütün müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi:
AXC-nin qurulması Azərbaycanda siyasi millətçiliyin inkişafında yeni mərhələ olmuşdur. O, Azərbaycanda millətçiliyin ən ali üçüncü mərhələsi – iqtisadi mərhələsinə keçmək üçün bütün labüd şəraitləri hazırlamışdı. Lakin 1920-ci ilin aprel ayının 28-də Azərbaycanın bolşevik işğalı ilə bu keçid dayandırılmışdır. Artıq qeyd etdiyimiz kimi, bütün xalqların ictimai inkişafında obyektiv və labüd mərhələ olan Azərbaycanda millətçiliyin tarixi inkişafı Sovet basqını ilə müvvəqqəti olaraq dayandırılmışdır.
Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalı və burada Sovet hakimiyyətinin qurulması Azərbaycanda millətçiliyin inkişafını dayandırdı. Milli şüurun formalaşması prosesi başa çatmadı. Azərbaycanın 1991-ci il oktyabr ayının 18-nə qədər davam etmiş tarixinin Sovet düvrü yeni tarixi mərhələ təşkil edir.
Sovet dövründə Azərbaycanda millətçilik