Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə () — Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1936), filologiya elmləri doktoru (1954), professor (1955), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir (1955) və həqiqi üzvü (1958), Azərbaycan SSR əməkdar elm xadimi (1960), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).
Həyatı Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir.
Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S. S. Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır.
Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləmişdir.
Məmməd Arif 1944-cü ildə "Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları" mövzusunda namizədlik, 1954-cü ildə isə "Cəfər Cabbarlının yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun inkişafında rolu Nizami adına Ədəbiyyat və Dil İnstitutunun təşəkkülündə, strukturunun, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində Məmməd Arif xüsusi xidmətləri vardır. O, bu elm ocağında 1938-ci ildən çalışmağa başlamışdır. Həmin ildə alim Ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri, 1939-cu ilin yanvar-sentyabr aylarında isə direktor müavini vəzifəsində işləmişdir.
1939-cu il sentyabr ayının 25-də Məmməd Arif Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsinə təyin edilmiş və 1950-ci il iyulun 27-dək həmin vəzifədə çalışmışdır.
Belə ki, 1950-ci ilin iyul ayında filosof Heydər Hüseynova qarşı təqib və qarayaxma kampaniyasında iştirak etməkdən faktiki olaraq boyun qaçıran Məmməd Arif Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Mircəfər Bağırovun qəzəbinə tuş gəlmiş və bunun ardınca İnstitutun direktoru, habelə Universitetin "Rus ədəbiyyatı" kafedrasının müdiri vəzifələrindən azad edilmişdir. Bundan başqa, Sovet İttifaqı Kommunist Partiyası sıralarından və Yazıçılar İttifaqından da xaric edilən Məmməd Arif bir neçə il ev dustağı vəziyyətində olmuşdur. 1957-ci ildə o, Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsinə bərpa edilmiş, 1959-cu ilədək bu vəzifədə işləmişdir.
Azərbaycan EA-da fəaliyyəti Məmməd Arif 1955-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1958-ci ildə akademiki seçilmişdir. Görkəmli alim və bacarıqlı təşkilatçı olan M. A. Dadaşzadə 1959-cu ildə Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi təyin edilmiş, 1960-cı ildən ömrünün sonunadək isə Respublika Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərmişdir.
Bu dövrdə humanitar elmlər sahəsində bir sıra fundamental tədqiqatların, miqyaslı elmi simpozium və konfransların, böyük ədiblərimizin təntənəli yubiley tədbirlərinin (M. F. Axundov-150, C. Məmmədquluzadə-100, M. P. Vaqif-250, Aşıq Ələsgər-150, Nəsimi-600 və s.) gerçəkləşdirilməsində onun xüsusi xidmətləri vardır.
Akademiyanın vitse-prezidenti olduğu dönəmdə Məmməd Arifin təşəbbüsü, yaxın iştirakı və səyləri nəticəsində uzun illər Ədəbiyyat və Dil İnstitutu kimi fəaliyyət göstərən elm ocağı 1969-cu ildən müstəqil Ədəbiyyat İnstitutu statusunda işini davam etdirmişdir.
Məmməd Arif SSRİ Elmlər Akademiyasının "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" problemi üzrə Elmi Şurasının, Moskvada işıq üzü görən iki nəşrin — "Qısa ədəbiyyat ensiklopediyası"nın (1962–1978) redaksiya heyətinin, 6 cildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin (1970–1974) baş redaksiya heyətinin üzvü idi.
Məmməd Arif 1946-cı ildə rus yazıçıları A. Surkov və V. İnberlə birgə SSRİ-ni İran yazıçılarının I konqresində təmsil etmiş, eləcə də 1960-cı ildə şərqşünasların Moskvada keçirilən XXV Beynəlxalq konqresinin iştirakçısı olmuşdur.
Məmməd Arif 1957-ci ildən etibarən Akademiyanın Rəyasət Heyəti yanında Terminologiya Komitəsinin sədri vəzifəsində çalışmış, uzun illər boyu Azərbaycan Respublikası Elmlər Akademiyasının "Xəbərləri"nin baş redaktoru, həmçinin Zaqafqaziya xalqlarının Mədəni Əlaqələri üzrə Koordinasiya Şurasının rəhbəri olmuşdur. O, eyni zamanda uzun illər Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinin üzvü olmuş, "Tənqid" bölməsinə rəhbərlik etmişdir.Anar. Tənqidçi təmkini //Anar. Dünya bir pəncərədir. Bakı: Gənclik, 1986.-s.300–303
Ədəbiyyata gəlişi Məmməd Arif ədəbiyyata ötən əsrin 20-ci illərinin əvvəllərində yazdığı şeir, hekayə və məqalələrlə qədəm qoymuşdur. Həmin dönəmdə ədibin "Yurdsuz cocuqlar", "Son bahar təranələri", "Brodskinin boyaları", "Təyyarə və mən", "İki nəşədən biri", "Həvəs" şeirləri, "Son izdivac", "Arakəsmə", "Mal həkimi", "Tar çalınır" hekayələri müxtəlif qəzet və jurnallarda işıq üzü görmüş, maraqla qarşılanmışdır.
İlk publisist məqaləsi 1923-cü ildə "Xızılı Məhəmməd Bağır" imzası ilə "Kommunist" qəzetində çap olunan Məmməd Arif eyni zamanda "Bədgümanam", "Belə getsə düzələr", "Elan", "Hövsələ", "Mərsiyə xəbərləri" felyetonlarını da "Məğmun Xızılı" imzası ilə "Molla Nəsrəddin" jurnalında dərc etdirmişdir. 1925-ci ildən başlayaraq ədəbiyyatşünas əsərlərini Məmməd Arif təxəllüsü ilə imzalayır.
Tənqidçi Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin təşəkkülü və inkişafında Məmməd Arif Dadaşzadənin müstəsna xidmətləri vardır. Azərbaycan, rus və dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi proses, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyekti olmuşdur.Əhmədov R. Məmməd Arif (tənqid və dramaturgiya məsələləri). Bakı: Yazıçı, 1986
Alimin 1956-cı ildə işıq üzü görən "Cəfər Cabbarlının yaradıcılıq yolu" fundamental monoqrafiyasında ilk dəfə bu yazıçının Azərbaycan ədəbiyyatı tarixində rolu dəqiq, dürüst müəyyənləşdirilmiş, Məmməd Arifə cabbarlışünas-alim nüfuzu qazandırmışdır.
"Səməd Vurğunun dramaturgiyası" (1964) monoqrafiyasında M. Arif böyük şairin dram əsərlərini müfəssəl şəkildə tədqiq etmiş, onların ideya və bədii-estetik xüsusiyyətlərinin bütün çalarlarını təhlil süzgəcindən keçirib oxuculara təqdim etmişdir.
Böyük şəxsiyyətin çox şahəli fəaliyyəti thumbnail
Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixi tədqiqinin əsasını qoyan alimlərdəndir. Bədii söz tariximizin araşdırılması konsepsiyasının işlənib hazırlanmasında onun önəmli rolu vardır. O, 2 cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" (1943–1944), 3 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" (1957–1960), 2 cildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" (1967) kimi mühüm tədqiqatların müəlliflərindən və baş redaktorlarından biridir.Sovet ədəbiyyatşünaslığının aktual problemləri. Bakı: Elm, 1974
Onun və H. Hüseynovun rəhbərliyi ilə nəşr olunan "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" milli ədəbiyyatımızın geniş panoramını əks etdirən ilk yeni tipli əsərdir. Bu əsərin ədəbiyyat tariximizdən bəhs edən sonrakı araşdırmalara böyük təsiri olmuşdur.
1963-cü ildə M. Arifin rəhbərliyi və yaxından iştirakı ilə SSRİ Elmlər Akademiyasının "Nauka" nəşriyyatında Azərbaycan alimlərinin kollektiv əsəri—"Azərbaycan sovet ədəbiyyatı tarixinin oçerki" çap olunmuşdur.
Ədəbiyyat tariximizdə hər birinin məzmun yükü olan problemləri ümumi düşüncə sistemimizin ayrılmaz tərkib hissəsinə çevirməyi bacaran M. Arif mütəmadi olaraq onun təbliği ilə məşğul olmuşdur.
Alimin "Azərbaycan xalqının ədəbiyyatı" kitabı (1958) Azərbaycan, rus, ingilis, fars, bolqar, erməni dillərində işıq üzü görmüşdür. Onun "Ədəbi-tənqidi məqalələr" (1958), üç cilddə "Seçilmiş əsərləri" (1967–1970), rus dilində iki cilddə "Seçilmiş əsərləri" (1972–1973), "Sənətkar qocalmır" (1980) və digər kitabları elmi, ədəbi ictimaiyyətimiz tərəfindən yüksək dəyərləndirilmişdir.
Alimin vəfatından sonra onun son iri tədqiqatının—indiyədək Azərbaycan ədəbiyyatına dair ən mötəbər mənbələrdən biri sayılan "Aзербайджанская литература" monoqrafiyasının Moskvada rus dilində çap olunması ("Высшая школа" nəşriyyatı, 1979) Azərbaycan elminin önəmli hadisəsi adlandırıla bilər.
M. A. Dadaşzadənin ədəbiyyat tarixinin sistemləşdirilməsi işindəki fəaliyyətinə ən dəqiq qiyməti ədəbiyyatşünas-alim Şamil Salmanov vermişdir: "O, (M. Arif) F. Köçərlidən sonra yeganə şəxsiyyətdir ki, Azərbaycan ədəbiyyatı tarixinin ən əsas hadisə və meyilləri, inkişaf mərhələsi və qanunauyğunluqları ilə əhatə edən ədəbiyyat tarixi əsərinin müəllifidir" (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. I kitab. Bakı, "Elm", 2006, s.40).
Məmməd Arif sözün əsil mənasında ədəbiyyatşünaslıq məktəbi, tənqid və tənqidçilər məktəbi yaratmış şəxsiyyətdir. Onun tənqidi yaradıcılığı Azərbaycanda estetik-nəzəri fikrin yoxluğu haqqında şüurlara yeridilən əsassız, cəfəng formullara son qoymaq üçün kara gələn ən dəyərli mənbədir. M. A. Dadaşzadə hələ 1930-cu illərdə ciddi, tələbkar, əsərə və ədəbi prosesə yüksək ideya-estetik meyarlar səviyyəsindən yanaşan bir tənqidçi kimi tanınırdı.
Məsələn, 1941-ci ildə yazdığı "Tənqid və ədəbiyyatşünaslıq" adlı müfəssəl bir məqaləsində o, ədəbi tənqidimizin vəzifələrini bu şəkildə müəyyənləşdirirdi: "Ədəbi tənqidin məqsədi yazıçıya və ədəbiyyata kömək etmək olduğu üçün o, sadə və aydın bir dildə yazılmalıdır, onun hökmləri tutarlı və inandırıcı olmalıdır. Yazıçıya kömək etmək—hər şeydən əvvəl onu yaxşı öyrənmək, duyub dərk etmək deməkdir; onun yaradıcılıq pafosunu təyin etmək, yaradıcılıq xüsusiyyətlərini, fərdi meyil və keyfiyyətlərini öyrənib nəzərə almaq deməkdir".
Eyni zamanda Məmməd Arif mühafizəkarlıqdan uzaq bir tədqiqatçı və tənqidçi olmuş, gənc ədəbi qüvvələri həmişə dəstəkləmiş, onların yaradıcılığına qayğı göstərmişdir. Qeyd etmək lazımdır ki, XX əsrin 60-cı illərində Azərbaycan ədəbiyyatının semantik fəzası genişlənməyə başlayanda M. Arif bu prosesə böyük həssaslıqla yanaşmış, Azərbaycan şairləri arasında modernist, avanqard tipli poeziyaya meyli maraqla izləmiş, yeni təmayülləri araşdırmağa çalışmışdır.
Eyni zamanda görkəmli tənqidçi sərbəst şeir yazan qələm sahiblərini ciddi düşünməyə, ona ötəri moda kimi yanaşmamağa, ideyanı formaya qurban verməməyə, əhəmiyyətli mövzular üzərində işləməyə və zəngin bədii obrazlar yaratmağa dəvət edirdi. Onun yeni Azərbaycan nəsrinin təmsilçiləri olan S. Əhmədov, Anar və Elçinin əsərlərinin incəliklərini açan məqalələri də tənqidçi zövqünün müasirliyini göstərən səciyyəvi nümunələrdir.
Məmməd Arifin dramaturgiya sahəsində apardığı tədqiqatlar öz məzmunu və problem vüsəti ilə ədəbiyyatşünaslığımızda xüsusi bir mərhələ təşkil edir. O, C. Cabbarlı və S. Vurğunla yanaşı, M. F. Axundov, Ə. Haqverdiyev, M. İbrahimov, M. Hüseyn, S. Rüstəm, Ə. Məmmədxanlı, S. Rəhman, İ. Əfəndiyev və digər ədiblərin dram yaradıcılığını hərtərəfli şəkildə təhlil etmişdir.
Tədqiqatçı alimin Azərbaycan dramaturgiyası və teatr sənətinin problemlərini araşdıran "Dramaturgiyamıza bir nəzər" (1946), "Dramaturgiyada dil və dialoq" (1948), "Azərbaycanda xalq teatrı" (1950) məqalələri bu ədəbi növdə yazılan əsərlərin tarixi köklərinin öyrənilməsi, problemlərinin təhlili, əldə edilən faydalı elmi nəticələri, qiymətli ümumiləşdirmələri və xeyirxah tövsiyələri baxımından bu gün də ədəbi ictimaiyyətimiz üçün bir manifest səciyyəsi daşıyır.