Azərbaycanda LGBT hüquqları — Azərbaycanda lezbiyan, gey, biseksual və transgender (LGBT) insanların hüquqi vəziyyəti və onlara münasibət. Azərbaycanda eynicinsli münasibətlər 2000-ci ildən leqaldır, lakin eynicinsli cütlüklər tanınmır, seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkiliyə qarşı qanunvericilik yoxdur və transgender insanlar sənədlərdə cinsi qeydi dəyişə bilmirlər. Bu səbəbdən LGBT insanlar ölkədə LGBT olmayan vətəndaşların qarşılaşmadığı hüquqi və sosial çətinliklərlə üzləşirlər.
ILGA-Europe-nin Avropa ölkələrində LGBT insanların hüquqi vəziyyətini qiymətləndirən illik "Göy qurşağı xəritəsi"ndə () Azərbaycan 2010-cu illərin ortalarından etibarən daim sonuncu yerlərdə qərarlaşır: ölkə 2016-cı ildə 49 ölkə arasında sonuncu, 2024–2026-cı illərdə isə 2,25% göstərici ilə 48-ci yeri tutmuşdur.
Tarixi
XIX – XX əsrin əvvəlləri Tədqiqatçı Lalə Mahmudovanın yazdığına görə, sosial və mədəni toplantı yeri olan, kişilər və qadınlar üçün ayrı-ayrı fəaliyyət göstərən hamamlarda kişilər arasında eynicinsli münasibətlər Cəlil Məmmədquluzadənin satirik hekayələrindən birində öz əksini tapmışdır. XIX əsrdə yalnız kişilərin iştirak etdiyi toylarda çıxış edən, androgin görünüşləri ilə tanınan kişi rəqqaslar — mütrüblər bəzən seks işçisi kimi də istifadə olunurdular; uşaq yaşlarından öyrədilən mütriblər saqqalları çıxanadək çıxış edirdilər. Hüseynqulu Sarabski "Köhnə Bakı" əsərində onların ifa etdiyi rəqsləri təsvir etmişdir. XX əsrin əvvəllərində Bakıda yaşamış yazıçı Baninə görə, cəmiyyət eynicinsli münasibətdə "aktiv" tərəfə dözümlü, "passiv" tərəfə isə mənfi münasibət bəsləyirdi.
Sovet dövrü 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətində homoseksuallığı cəzalandıran qanun yox idi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, Sovet Rusiyasında homoseksuallıq cinayət sayılmasa da, 1923-cü ildə Azərbaycan SSR-in cinayət qanunvericiliyində kişilər arasında cinsi münasibət cinayət kimi müəyyən edildi.Healey, Dan. "Masculine purity and 'Gentlemen's Mischief': Sexual Exchange and Prostitution between Russian Men, 1861–1941". Slavic Review. Vol. 60, No. 2 (2001), s. 258. Könüllü münasibətə görə beş ilədək, güc və ya hədə tətbiq edildikdə isə səkkiz ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulurdu. Sonralar bu müddəa Azərbaycan SSR Cinayət Məcəlləsinin 121-ci maddəsində təsbit olundu.
Dekriminalizasiya (2000) 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da sovet dövründən qalan 121-ci maddə qüvvədə qaldı. Milli Məclis yeni Cinayət Məcəlləsini qəbul etdi; məcəllə "Azərbaycan" qəzetinin 28 may 2000-ci il tarixli xüsusi nömrəsində dərc olunmuş, Prezident Heydər Əliyevin fərmanı ilə 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Yeni məcəllədə eynicinsli münasibətlər üçün cəza nəzərdə tutulmadı.Spartacus International Gay Guide, s. 1216. Bruno Gmünder Verlag, 2007. 121-ci maddənin ləğvi Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması üçün irəli sürülmüş şərtlərdən biri idi; ölkə 2001-ci il yanvarın 25-də təşkilatın 43-cü üzvü oldu.
Hüquqi vəziyyət Cinsi münasibətlər və razılıq yaşı Eynicinsli münasibətlər 2000-ci ildən leqaldır. Cinsi razılıq yaşı heteroseksual və homoseksual münasibətlər üçün eyni olub 16 yaş təşkil edir.
Nigah və ailə Azərbaycan qanunvericiliyi eynicinsli nigahı və ya vətəndaş birliyini tanımır. Konstitusiyanın 34-cü maddəsi nikah bağlamaq hüququnu və "ərlə arvadın" hüquq bərabərliyini təsbit edir; eynicinsli birliklər üçün heç bir hüquqi forma nəzərdə tutulmayıb. Eynicinsli cütlüklər birgə övladlığa uşaq götürə bilmirlər.
Ayrı-seçkilik və nifrət cinayətləri Azərbaycan qanunvericiliyində seksual oriyentasiya və gender kimliyi ayrı-seçkiliyə qarşı qorunan əsaslar sırasında yer almır. Cinayət Məcəlləsində nifrət motivi ilə törədilən cinayətlərə dair seksual oriyentasiya və gender kimliyini əhatə edən xüsusi müddəa yoxdur. ILGA-Europe-nin 2026-cı il hesabatında ayrı-seçkiliyə qarşı qanunun qəbul edilməsi, bərabərlik orqanının yaradılması və nifrət cinayətləri ilə nifrət nitqinə dair siyasətə seksual oriyentasiya və gender kimliyinin daxil edilməsi tövsiyə olunur.
Gender kimliyi Transgender insanların rəsmi sənədlərdə cinsi qeydi dəyişməsinə imkan verən qanunvericilik yoxdur; "Şəxsiyyət vəsiqəsi haqqında" qanun yalnız adın dəyişdirilməsinə icazə verir.
Hərbi xidmət 18–35 yaşlı kişilər üçün hərbi xidmət məcburidir. LGB insanların hərbi xidmətini qadağan edən xüsusi qanun yoxdur, lakin Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin şəxsiyyət pozuntularına aid 18-ci maddəsinin "b" bəndi və reaktiv psixoz və nevrotik pozuntulara aid 17-ci maddəsinin "b" bəndi əsasında onlar xidmətə yararsız və ya qismən yararlı hesab edilə bilirlər.
Qanvermə Qanunvericiliyə görə, HİV/QİÇS-li şəxslərdən başqa heç bir qrupun qan verməsinə məhdudiyyət qoyulmayıb.
Cəmiyyət 180px|thumb|left|Azərbaycanda LGBT insanlar üçün nəzərdə tutulmuş ilk kütləvi informasiya vasitəsi olan "Minority" jurnalı Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi dövlətdir.Gallup WorldView . İstifadə tarixi: 19 noyabr 2015. ABŞ Dövlət Departamentinin 2007-ci il hesabatına görə, dövlət tərəfindən LGBT insanlara qarşı hüquqi təqib olmasa da, onlar cəmiyyətdə davamlı təzyiqlə üzləşirlər. Beynəlxalq Helsinki Federasiyasının 2001-ci il hesabatında cəmiyyətdə homoseksuallığın psixoloji, sosial və hüquqi aspektləri haqqında obyektiv məlumatın az olduğu qeyd edilirdi.
ILGA-nın 2007-ci il hesabatına görə, LGBT insanların öz kimliklərini açıqlaması ("kaminq-aut") nadir hallarda baş verir; bir çoxları mümkün nəticələrdən çəkinərək ikili həyat sürür. Maddi cəhətdən müstəqil olan və Bakıda yaşayan LGBT insanlar nisbətən daha sərbəst yaşaya bilirlər.Dennis van der Veur. Forced Out: LGBT people in Azerbaijan. ILGA-Europe üçün hesabat, 2007. Xüsusilə kənd yerlərində ailələr çox vaxt yaxınlarının seksual oriyentasiyasını qəbul etmir; kaminq-aut ailədaxili zorakılığa, sosial təcridə və ya heteroseksual nikaha məcbur edilməyə səbəb ola bilir.Western Media on Eurovision . Azadlıq Radiosu, 25 may 2012.
Hüquq müdafiəçiləri polisin geylərə, xüsusilə seks işçilərinə qarşı təzyiq göstərməsi barədə məlumat vermişlər; şikayət edənlər isə polisin qisasından ehtiyat edərək adlarının açıqlanmamasını istəyirdilər. Hökumətyönlü media isə bəzi hallarda homoseksuallıqla bağlı iddiaları hökumətin tənqidçilərinə və müxalif jurnalistlərə qarşı təzyiq vasitəsi kimi istifadə etmişdir.
Media və ədəbiyyat thumb|1996-cı il Azərbaycan poçt markasında ABŞ-ın tullanma üzrə olimpiya çempionu, açıq gey idmançı Qreq Luqanis 2011-ci il mayın 25-də Ruslan Baluxin tərəfindən Azərbaycanda LGBT insanlar üçün ilk informasiya portalı olan "gay.az" saytı yaradılmışdır. Daha sonra LGBT mövzusunda yazılar dərc edən "Minority" jurnalı fəaliyyətə başlamışdır.
2009-cu ildə yazıçı Əli Əkbər azərbaycanlı və erməni gənc arasındakı sevgidən bəhs edən "Artuş və Zaur" romanını nəşr etdirmişdir. Müəllifin sözlərinə görə, roman Azərbaycan cəmiyyətinin iki tabusuna — erməni və homoseksual olmağa qarşı yazılmışdır. 2014-cü ildə yazıçı Orxan Bahadırsoyun iki gəncin sevgisindən bəhs edən "Günahdır səni sevmək" romanı nəşr olunmuşdur.Gənc yazardan homoseksuallara dəstək . publika.az, 23 iyun 2014.
Fəallıq və təşkilatlar 2007-ci ildə Səhiyyə Nazirliyinin layihələrinin həyata keçirilməsi məqsədilə "Gender və Tərəqqi" İctimai Birliyi yaradılmış, sonralar təşkilat LGBT hüquqlarının təbliği və bu mövzuda bloqların koordinasiyası ilə məşğul olmuşdur. 2012-ci ildə İsa Şahmarlı tərəfindən "Azad LGBT" təşkilatı yaradılmışdır; təşkilat rəhbərlərinin sözlərinə görə, "LGBT" sözü olan adla təşkilatın qeydiyyata alınmayacağından ehtiyat edildiyi üçün bu ad seçilmişdir. Təşkilat təhsil sahəsində LGBT problemləri və mediada təmsilçiliklə məşğul olur, film gecələri və foto layihələri təşkil etmişdir. Elə həmin il "Nəfəs LGBT Azərbaycan" təşkilatı da yaradılmışdır; təşkilat ölkədəki LGBT problemlərini Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və xarici səfirliklərlə müzakirə edir. BBC-nin 2014-cü il məlumatına görə, ölkədə üç LGBT təşkilatı fəaliyyət göstərirdi.
2012 Avroviziya müsabiqəsi 2012-ci ildə Bakının Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməsi ərəfəsində şəhərdə gey praydın keçiriləcəyi barədə xəbərlər yayıldı; bu xəbər cəmiyyətin bir hissəsində etirazla qarşılandı, bəzi hüquq müdafiəçiləri isə onu dəstəklədi. İranlı din xadimləri, o cümlədən ayətullah Məhəmməd Müctəhed Şəbüstəri və ayətullah Cəfər Sübhani müsabiqəni "İslama zidd" adlandırdılar. Bu bəyanatlar Bakıda İran səfirliyi qarşısında etiraz aksiyalarına səbəb oldu; Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov İranın iradlarını əsassız adlandırdı. İran Bakıdakı səfirini geri çağırdı, Azərbaycan isə üzr istənilməsini tələb edərək Tehrandakı səfirini geri çağırdı.
İsa Şahmarlının ölümü 2014-cü il yanvarın 22-də "Azad LGBT" təşkilatının rəhbəri, açıq gey fəal İsa Şahmarlı intihar etdi. Ölümündən əvvəl işsiz və borclu olan Şahmarlı onu qəbul etməyən ailəsindən də uzaqlaşmışdı; o, sosial şəbəkədə yazdığı son mesajında ölümündə cəmiyyəti günahlandırırdı. Onun ölümü ölkədə LGBT fəallığının artmasına təkan verdi. "Nəfəs LGBT Azərbaycan" təşkilatı 22 yanvarı Azərbaycanda LGBT Qürur Günü elan etmişdir.
Sonrakı hadisələr 2017-ci il həbsləri 2017-ci ilin sentyabrın ortalarından etibarən Bakıda polis gey və biseksual kişiləri, həmçinin transgender qadınları kütləvi şəkildə saxlamağa başladı. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun 2 oktyabr tarixli birgə bəyanatında 83 nəfərin saxlanıldığı təsdiqləndi; bəyanatda reydlərin "ödənişli intim xidmət göstərən" və "ictimai asayişi pozan" şəxslərə qarşı aparıldığı, məqsədin isə "təhlükəli yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq" olduğu bildirildi. Bəyanata görə, 56 nəfər inzibati həbsə, 18 nəfər cərimələrə məhkum edildi, 9 nəfərə xəbərdarlıq edildi.
Human Rights Watch təşkilatı saxlanılanların döyüldüyünü, elektrik cərəyanı ilə işgəncəyə məruz qaldığını, vəkillə görüşdən məhrum edildiyini və polisin onların telefonlarından digər insanları şantaj etmək üçün istifadə etdiyini bildirdi. Saxlanılanların əksəriyyəti "polisin qanuni tələbinə tabe olmamaq" maddəsi ilə 5–30 gün inzibati həbsə və 200 manatadək cərimələrə məhkum edilmişdi. Məhbusların bir qismi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi; ILGA-Europe-nin məlumatına görə, 2019-cu ildə Azərbaycan hökumətinin pozuntuları tanıması və kompensasiya təklif etməsindən sonra məhkəmə 19 ərizəni icraatdan çıxarmışdır.
Avaz Hafizlinin qətli 2021-ci ilin iyulunda bir instaqram bloqerinin LGBT insanları, xüsusilə transgender qadınları alçaldan və onların ölkədən "təmizlənməsinə" çağıran videosu Bakıda etiraz aksiyalarına səbəb oldu. Bu etirazların təşkilatçılarından olan jurnalist və LGBT fəalı Avaz Hafizli 2022-ci il fevralın 22-də Bakıda qohumu tərəfindən qətlə yetirildi. Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il iyulun 29-da təqsirləndirilən şəxsi 9 il 6 ay azadlıqdan məhrum etdi. ILGA-Europe məhkəmənin cinayətin nifrət motivini nəzərə almadığını tənqid etmişdir.
2025-ci il ILGA-Europe-nin 2025-ci il hadisələrini əhatə edən hesabatına görə, həmin il sosial şəbəkələrdə LGBT insanlara qarşı nifrət nitqi halları qeydə alınmış, noyabrda Bakıda 19 yaşlı bir gənc bıçaqlanaraq öldürülmüş, dekabrın sonunda isə polis LGBT insanların toplaşdığı məkana basqın edərək təxminən 100 nəfəri saxlamışdır. Hesabatda bu hadisələrlə bağlı şəffaf istintaqın elan olunmadığı qeyd edilir.
ILGA-Europe reytinqi + Azərbaycanın "Göy qurşağı xəritəsi"ndə göstəricisi İl 2013 2014 2015 2016 2017 2018 2019 2020 2021 2022 2023 2024 2025 2026 Göstərici (%) 7,65 6,60 5,00 4,85 4,70 4,70 5,67 2,33 2,33 2,41 2,41 2,25 2,25 2,25 2016-cı ildə Azərbaycan 49 Avropa ölkəsi arasında sonuncu yeri tutmuşdu. 2024–2026-cı illərdə ölkə yalnız Rusiyanı qabaqlayaraq 48-ci yerdə qərarlaşmışdır.
Xülasə cədvəli