Azərbaycan xalq rəqslərinin təsnifatı — müxtəlif xarakterə, oyun tərzinə, mövzu və məzmuna malik olan Azərbaycan xalq rəqsləri adlarının mənasına görə bir neçə qrupa bölünür.
Yer və tarixi ərazilərin adları ilə bağlı rəqslər Hər bir rəqs müəyyən bir dövrdə, hansısa bir tarixi ərazidə yaranmışdır. Bu rəqslərin hər birinə onların özünəməxsus musiqi dili, intonasiyası, ritminə uyğun adlar verilmişdir. Bəzi rəqslər öz adı olmadığından yarandığı yerin, tarixi ərazinin adını götürmüşdür. “Azərbaycan”, “Qazağı”, “Nuxa” (və ya “Şəki”), “Naxçıvanı”, “Şamaxı”, “Bakı”, “Şuşa”, “Əsgəranı”, “Dəhnə”, “Şağani”, “Şərur”, “Sabirabadı” belə rəqslərdəndir. Bu rəqslərin adları bizə çox tanışdır. Çünki bu adlar Azərbaycanda hansısa bir bölgənin, şəhərin, rayon mərkəzinin adıdır. Lakin elə rəqslər də vardır ki, onların adı hansısa bir tarixi ərazidə yerləşən dərə, təpə, qala, çay, bulaq adları ilə adlandırılmışdır. Məsələn, “Uzundərə”, “Kömürtəpə”, “Çay dərəsi”, “Muğan bulağı” (“Şirvan bulağı” da deyirlər), “Çıraq qala”, “Qusar-çay” və başqaları buna aydın nümunədir.
Azərbaycanda elə rəqslər də vardır ki, onların adları hal-hazirda qonşu xalqların yaşadığı ərazilərlə də bağlıdır. Çünki bu ərazilərdə də tarix boyu azərbaycanlılar yaşayıblar, adət-ənənəmizi qoruyub saxlayıblar və musiqi mədəniyyətimizi daim inkişaf etdiriblər. Qeyd etmək lazımdır ki. elə indi də Dağıstan, Gürcüstan, Türkiyə, İran, Özbəkistanda və digə dövlətlərdə çoxlu sayda azərbaycanlı yaşayır. Bu tarixi ərazilərin şəninə yazılmış Azərbaycan xalq rəqslərindən “Dilican”, “Tiflisi”, “Ənzəli”, “Aşxabadı”, “Məhərrəmkənd”, “Qars”, “Dağıstan”, “Dərbəndi”, “Əndican”, “Çanax qala” və başqalarını nümunə gətirə bilərik.
Bitki və gül-çiçək adları ilə bağlı rəqslər Təbiəti tərənnüm edən “İnnabı”, “Darçını”, “Lalə”, “Qızıl gül”, “Heyva gülü”, “Bənövşə”, “Novruzgülü”, “Reyhanı”, “Alma gülü”, “Alça gülü”, “Mixəyi”, “Məxməri”, “Dağ çiçəyi”, “Yasəməni”, “Pambığı” bu rəqslərdəndir.
Azərbaycanda nəfəs alətlərinin məşhur ifaçılarından biri, “zurna-balaban” məktəbinin yaradıcılarından sayılan Əli Kərimov (1874-1962) Cabbar Qaryağdıoğlu ilə görüşlərindən birini öz xatirələrində belə xatırlayır: Biz Cabbarla Səlim bəyin toyunda görüşdük. Baharın gözəl çağı idi. Səhər-səhər Cabbarla çəmənlikdə gəzirdik. Bu gözəl bahar səhərinin təravəti, havadakı gül-çiçəyin ətri məndə elə bir təb yaratdı ki, istər-istəməz balabanı əlimə alıb çalmağa başladım. Musiqi sona çatdıqda Cabbar maraqlı baxışlarla bu rəqsin adını məndən soruşdu. Mən də dedim ki, bilmirəm, elə indi improvizə etdim. Onda Cabbar təklif etdi ki, bu melodiyanın adını elə bu səhərə, çiçəklərin ətrinə həsr edərək “Bənövşə” qoyaq. Beləcə “Bənövşə” rəqsi yarandı.
Daş-qaş, zinət və bəzək əşyalarının adları ilə bağlı rəqslər Qədim dövrlərdən bəri bahalı daş-qaşlar, eləcə də qiymətli materiallardan (qızıl və gümüş) hazırlanmış zinət əşyaları Azərbaycan xalqının məişətində çox geniş istifadə olunmuşdur. Əsasən, qadınların istifadə etdikləri bu bəzək əşyaları onların daha da yaraşıqlı, cazibəli görünməyinə təsir göstərmişdir. Feodal dövrünün saray xanımları aşağı təbəqədən olan xanımlardan seçilmək üçün çox qiymətli zinət əşyararından istifadə edərdilər. Üstü cürbəcür daş-qaşlarla (brilliant, almaz, yaqut, zümrüd, kəhrəba, firuzə) silsilələr, cıqqa və sırğalar, çəçik və qolbaqlar, sinəbəndlər, qızıl pullarla bəzədilmiş papaqqabağılar, bilərzik və bazubəndlər, üzüklər, qızıl və gümüşdən hazırlanmış kəmərlər belə bəzəklərdəndir. Qadın gözəlliyini və milli geyimlərimizin ornamentini əks etdirən bəzək əşyaları ilə bağlı xalqımız bir sıra rəqslər yaratmışdır. “Brilyantı”, “Yaqutu”, “Mirvari”, “Çervon”, “Almazı”, “Mərcanı”, “Onluq”, “Zümrüdü” və başqaları məhz, bu xalq rəqslərindəndir.
Əmək və təsərrüfatla bağlı məişət rəqsləri Azərbaycan ərazisində çox sayda qədim tayfalar mövcud olmuşdur. Oğuzlar, qıpçaqlar, qınıqlar, tərəkəmələr, ovşarlar, köçərilər və s. Bu tayfalar daim köçəri həyat tərzi sürmüş, heyvandarlıqla məşğul olmuş, öz yaşayışlarını təmin etmək üçün mal-qarasını yayda yaylağa, qışda qışlağa aparmaqla təsərrüfatını genişləndirmişlər. Xalq rəqslərindən “Tərəkəmə”, “Köçəri” və “Ovşarı” məhz, bu qədim tayfaların adları ilə bağlı el havalarıdır.
Tərəkəmələrin həyat tərzini əks etdirən digər rəqslər daha maraqlı məzmuna malikdir. Kollektiv təsərrüfatla bağlı, süd sağımı, yun qırxımı, eləcə də qoyunçuluğun inkişafında çobanların əməyi bu rəqslərdə bütövlüklə öz əksini tapmışdır. “Kolxozu”, “Xançobanı”, “Çobanı”, “Çobanlar”, “Keçiməməsi” və s. havalar məhz, əmək və təsərrüfatla bağlı məişət rəqslərindəndir.
Qəhrəmanlıq və igidlik timsallı rəqslər Azərbaycan xalqı uzun əsrlər boyu müharibələr görmüş, hücum və basqınlara məruz qalmış, tarixin bütün keçməkeçli yollarını aşaraq geridə qoymuş xalqımız heç zaman ruhdan düşməyərək düşmən basqınlarına mərdliklə sinə gərmiş, qəhrəmanlıq göstərmiş, gücünü, qüvvəsini səfərbər edib son nəticədə döyüşdən qalib çıxmışdır. Döyüşə gedənləri ruhlandırmaq üçün “cəngi”lər çalınar, aşıqlar xalqı qələbəyə səsləyərdilər. Düşmən üzərində çalınan hər bir qələbə, zəfər böyük xalq bayramlarına çevrilərdi. İgidlərin şəninə dastanlar qoşular, mahnılar bəstələnər, qələbə sevincini əks etdirən müxtəlif məzmunlu rəqs havaları yaradılardı. “Cəngi”, “Beşaçılan”, “Qəhrəmani” və başqaları belə rəqslərdəndir.
Bayramlar və el şənlikləri ilə bağlı mərasim rəqsləri Azərbaycan xalqı qədim dövrlərdən bəri öz tarixi yaddaşına həkk etdiyi və özünün adət-ənənəsinə, məişətinə daxil etdiyi müəyyən hadisələri, unudulmaz günləri daim yaşatmaq üçün hər zaman müxtəlif bayramları, el şənliklərini və digər mərasimləri yüksək səviyyədə qeyd edir.
Azərbaycanda bir çox bayramlar mövcuddur. Xalqın böyük təntənə ilə qeyd etdiyi bayramlardan biri Novruz bayramıdır. Novruzda bayram şirniyyatlarının hazırlanması, səməni göyərdilməsi, yumurta boyadılması, xonçaların bəzədilməsi, çərşənbələrin keçirilməsi, tonqalların qurulması ilə yanaşı bu bayramı daha da yadda qalan edən xalq qarşısında bir çox oyunların, tamaşaların keçirilməsidir. Məhz, Novruz bayramı ilə əlaqədar, onun atributları ilə bağlı, eləcə də buradakı oyunlara, tamaşalara aid xalq arasında bu günümüzə qədər çoxlu sayda rəqslər meydana gəlmişdir. “Səməni”, “Novruzu”, “Kəndiri”, “Cıdır”, “Atlanma”, “Pəhləvanı”, “Zorxana”, “Duy-duy”, “Şalaxo” və s. belə rəqslərdəndir.
Əsrlər boyu çox böyük şadyanalıqla qeyd edilən, adət-ənənələrə uyğun şəkildə həyata keçirilən mərasimlərdən biri də toydur. Toy – iki sevən gəncin yeni yaradacaqları müstəqil ailə təməlinin rəmzidir. Azərbaycan toylarında kiçikdən böyüyə qədər hər kəs; qohumlar, qonşular, dost-tanışlar, ümumiyyətlə hamı şadlanır, rəqs edir, sevinir, bəylə-gəlini təbrik edir, onlara xoşdəxtlik arzulayırlar. Məhz, bu mərasimlə bağlı, bəylə-gəlinin şərəfinə xalq arasında bir çox oyun havaları meydana gəlmişdir. “Gəlin havası”, “Toy”, “Vağzalı”, “Yaylıq” və başqaları belə rəqslərdəndir.
İnsan adları ilə bağlı rəqslər Azərbaycan oyun havaları arasında insan adları ilə bağlı rəqslər çoxluq təşkil edir. “Nabat xanım”, “Xalabacı”, “Şəlalə”, “Mirzəyi”, “Hacıcan”, “Xanımı”, “Züleyxa”, “Sevinc”, “Bəsti”, “Qaryağdı”, “Təhməzi”, “Gülgəzi”, “Leyli pəri”, “Musaxanı”, “Ayşadı” və s. Belə rəqslərin çox olmasının bir neçə səbəbi vardır. Məsələn, elə rəqslər var ki, yarandıqdan sonra bir müddət adsız qalmışdır. Yəni tez-tez el şənliklərində, bayramlarda səslənmiş, musiqi dilinin sadə və gözəl olmasına görə yaddaşlara köçürülmüş, xalq arasında sevilmiş, lakin dəqiq adı olmamışdır. Bir müddətdən sonra xalq bu rəqsi onu yaradan ifaçının öz adı ilə adlandırmışlar.
Bəzi rəqslər onu yaradan müəllifin oğlunun, qızının və ya nəvəsinin adını qəbul etmişdir. Məsələn, Şirvan “zurna-balaban” məktəbinin banisi sayılan Əli Kərimov öz nəvəsinin adına “Əfruzə” rəqsini yaratmışdır. Elə rəqslər də vardır ki, bir müddətdən sonra öz adını itirmiş, sonradan bu havanı gözəl oynayan, rəqs edən şəxsin (rəqqas və ya rəqqasənin) adı ilə adlandırılmışdır. Hətta elə rəqslər də mövcuddur ki, ilkin adını da, sonrakı adını da saxlayıb. Məsələn, “Balabəyi” rəqs havasının ikinci adı “Nilufəri”dir. İlk adı “Qorxmazı” olan rəqsə sonralar “Solmazı” adı da verilmişdir.
Məzəli rəqslər Tarixən hər bir insan yaşadığı həyatı boyu saysız-hesabsız gülməli, məzəli əhvalatlarla rastlaşmışdır. Getdikcə insanlar arasında yayilan belə gülməli əhvalatlar çoxaldıqca, onlardan ən maraqlısını, ən məzəlisini xalq öz yaddaşına yazmışdır. Sonralar bütün folklor janrlarına sirayət etdiyi kimi, oyun havalarının da yaranmasına səbəb olmuşdur. Hər bir məzəli rəqs hansısa gülməli bir tarixi əhvalatla bağlıdır və öz musiqi məzmununda və ya oynanılarkən müxtəlif çalarlar, müxtəlif hərəkətlər vasitəsilə bu gülüşü özündə əks etdirmişdir. Belə rəqslərdən “Kəsmə”, “Lətifə”, “Naz eləmə”, “Xurcun”, “Qıtqılıda” (“Sənəmi” kimi də adlanır), “Naz-nazı”, “Kim-kimə”, “Tapp etdi” (“Sürüşdüm-düşdüm” kimi də adlanır), “Matanı”, “Cığ-cığa”, “Qoçəli” və başqalarının adlarını çəkə bilərik.
Güclü improvizə etmək bacarığına malik olan xanəndələr bir muğamı həmişə eyni tərzdə oxumamışlar. Hər dəfə müəyyən şöbə və guşələrdə ifalarına yeni xallar, bəzəklər, melizmlər əlavə etməklə öz ustalıqlarını təsdiq etmişlər. Onları müşayiət edən musiqiçilər də öz ifalarının daha da rəngarəng səslənməsi üçün, digər sazəndə dəstələrindən seçilmək üçün, muğam dəstgahlarına yeni ahəng gətirmək məqsədilə müxtəlif şöbə və guşələrdə “rəng”ləri müəyyən rəqs havaları ilə əvəz etmişlər. Bildiyimiz kimi hər bir rəqs xasiyyətinə, mövzusuna uyğun individual ada malikdir. Lakin rəqs muğam dəstgahında rəng kimi ifa edilərkən həmin şöbə və ya guşənin adını qəbul edir. Məsələn, “Aşxabadı” rəqsi “Şüştər rəngi” kimi, “Narınc” rəqs musiqisi “Manəndi-müxalif rəngi” (Segah muğamında) kimi, “Novruzu” rəqsi “Vilayəti rəngi” (Rast muğamında) kimi, “Çervon” rəqsi “Mahur rəngi” kimi, “Balabəyi” rəqs musiqisi “Şikəsteyi-fars rəngi” (Şur muğamında) kimi adlanır. Bəzi xalq rəqslərimiz ifa olunduqları şöbə və ya guşələrin xarakterini, məzmununu o qədər dolğun şəkildə əks etdirir ki, xalq arasında öz adı ilə yox, rəng musiqisi kimi daha çox yadda qalmış olur. Belə rəqslərdən “Mərcanı” (Mübərriqə rəngi), “Almazı” (Şüştər rəngi), “Bəxtəvəri” (Şikəsteyi-fars rəngi), “Mixəyi” (Şikəsteyi-fars rəngi) və başqalarını göstərə bilərik. Bu rəqslərdən hal-hazırda “Şikəsteyi-fars rəngi” kimi tanınan “Bəxtəvəri” xalq rəqsinin not yazısını ilk dəfə görkəmli bəstəkarımız Səid Rüstəmov (1907-1983) özünün 1937-ci ildə nəşr etdirdiyi “Azərbaycan xalq rəqsləri” məcmuəsində göstərmişdir. Bu məcmuəyə 30 rəqs musiqisi daxildir. Bu siyahıda 16 nömrəli rəqs elə “Bəxtəvəri” adı ilə də verilmişdir. “Şikəsteyi-fars rəngi” kimi məşhurlaşan digər xalq rəqslərimizdən biri də “Mixəyi”dir. Onu da qeyd etməliyik ki, bu rəqsin ikinci adı “Ciran-ciran”dır. Bu adla verilmiş rəqsin not yazısını ilk dəfə tanınmış musiqişünas Bayram Hüseynli 1965-ci ildə nəşr etdirdiyi “Azərbaycan xalq rəqs melodiyaları” məcmuəsində işıqlandırmışdır. Məcmuədəki 25 oyun havasından sonuncu nömrə “Ciran-ciran” rəqsidir. “Mixəyi” rəqsi Segah muğamında “Şikəsteyi-fars” şöbəsi ilə “Mübərriqə” arasında çalınır. Rəqs tez tempdə (allegro) ifa olunan şən, oynaq musiqiyə malikdir.
2. Hər hansı bir muğamın tam şəkildə (formada), yəni öz kompozisiya