Beslan şəhərində terror aktı () — Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında yerləşən Beslan şəhərində baş vermiş terrror aktı. Terrorçular şəhərdə yerləşən 1 nömrəli məktəbə ilk dərs günü (1 sentyabr) hücum etmiş və nəticədə 1.100 nəfəri əsir almışdır (777 nəfər uşaq). Əsir götürülən şəxslərin böyük əksəriyyəti şagirdlər, onların valideynləri və müəllimlərdən ibarət idi. Əsirlərin xilas edilməsi əməliyyatına Rusiya ordusunun xüsusi təyinatlıları cəlb edilmişdir. Əsirlərin xilas edilməsi əməliyyatı zamanı və bundan az əvvəl yaşanan hadisələrdə 300 nəfərdən çox şəxs həlak olmuşdur. Həlak olanların 186 nəfəri uşaqlar idi. Öldürülən şəxslərin əksəriyyəti etnik baxımdan çeçen və inquşlardan ibarət idi.
Terror aktını həyata keçirən qrup miliyyətcə çeçenlərdən təşkil edilmiş silahlı birləşmə idi. Çeçenistan müharibəsi zamanı səslərini bütün dünyaya çatdırmaq istəyən qrupa Ruslan Xucabarov rəhbərlik edirdi. Krizin üçüncü günündə Rusiya ordusunun xüsusi təyinatlılarından ibarət qrup binaya hücum təşkil edir. Hücum nəticəsində qarşılıqlı atışma meydana gəlmiş və ağır silahlardan istifadə edilmişdir. Bir neçə saat davam edən atışmadan sonra yüzlərlə insanın həlak olduğu məlum oldu. Belə ki, xüsusi təyinatlıların məktəbə girməsindən xəbər tutan terrorçular idman zalına topladıqları insanlara kütləvi atəş açmağa başladılar. Beslan şəhəri 1 nömrəli məktəbə təşkil edilən hücum nəticəsində 186 nəfəri şagird olmaqla, ən azı 334 nəfər əsir öldürülmüşdür. Hadisədə yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri almış və bir neçə nəfər itkin düşmüşdür.
Terror aktı Rusiyada və bütün dünyada rezonansa səbəb oldu. Rusiya daxilində məktəblərdə və xəstəxanalarda təhlükəsizliyin yüksək səviyyədə təmin edilməməsi iddiaları ilə rəsmi Kreml tənqid edildi. Eyni zamanda Rusiya prezidentinin səlahiyyətlərinin artırılması və regional subyektlər üzrə daha güclü sistemlərin yaradılması məsələləri müzakirə edildi.
Arxa plan Terror aktının baş verdiyi Beslan şəhəri Şimali Osetiyanın mühüm şəhərlərindən biridir. Şəhərin etnik tərkibini böyük ölçüdə osetinlər və ruslar təşkil edir. 2010-cu ilə olan məlumata əsasən, şəhərdə 36 min insan yaşayır. Hadisənin baş verdiyi tarixə qədər şəhərdə 7 tam orta təhsil verən məktəb yerləşirdi. Məktəbin yaxınlığında polis bölməsinin yerləşməsi burada hər hansısa terror hadisəsinin baş verə biləcəyi ehtimalını azaldırdı. 60 müəllimin işlədiyi və 800 nəfərə yaxın şagirdin təhsili aldığı Beslan şəhəri 1 nömrəli orta məktəb şəhərin ən böyük məktəblərindən biri hesab olunurdu.
İstinadlar
Kateqoriya:Terror Kateqoriya:1 sentyabrdakı hadisələr Kateqoriya:2004-cü ildəki hadisələr Kateqoriya:2004-cü ildə Rusiya Kateqoriya:Rusiyada uşaqlara qarşı zorakılıq Kateqoriya:Təhsil müəssisələrində atışmalar Kateqoriya:Qalmaqallar