Cəmi ət-Təvarix (; ) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu

Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi.

Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir. Onun yarısı günümüzə qədər gəlib çatmamışdır. Lakin bu nüsxənin 59 vərəqdən ibarət 2-ci cildi hal-hazırda Xəlili İncəsənət Kolleksiyasında saxlanılır. Bir digər 151 vərəqdən ibarət eyni cildli başqa bir nüsxə isə Edinburq Universiteti Kitabxanasındadır.

İstanbuldakı Topqapı Sarayı Kitabxanasında birinci nəsil əlyazmalardan iki farsca nüsxə günümüzə qədər gəlib çatmışdır. Erkən illüstrasiyalı bu nüsxələr Elxani sənətinin sağ qalmış ən mühüm nümunələrindən biri hesab olunur və fars miniatürünün erkən nümunələrinin günümüzə qədər gəlib çatmış ən böyük toplusudur.

Müəllif

thumb|241x241px|Monqol əsgələri 1305 (Cəmi ət-Təvarix)|left Fəzlullah Rəşidədin Həmədanı 1247 ya da 1250-ci ildə Həmədan şəhərində yəhudi bir həkim ailəsində dünyaya gəlmişdir. Əsl peşəsi əczaçı və həkim olan Rəşidəddinin  tibb sahəsindəki bilikləri onu Abaqa xanın dövründə Elxani sarayına daxil olmasına və Keyxatu xanın yeməklərindən məsul olduğu bir vəzifəyə gətirib çıxardı.30 yaşında İslamı qəbul edən alim 1304-cü ildə Qazan xanın vəziri olaraq siyasi əhəmiyyət qazanır. Rəşidəddin Qazan xanın həkimi və məsləhətçisi olmaqla yanaşı,həm də onun hər mövzuda danışa biləcəyi ən yaxın dostu idi. Rəşidəddin və oğlu İbrahim birlikdə xanın yeməyinə, onun hazırlanmasına və təqdimatına nəzarət edirdilər. O, 1316-cı ilə qədər vəzifəsini qorumuş, üç ardıcıl padşaha vəzirlik etmiş, lakin bu üç xandan ikincisi Olcaytunu zəhərləməkdə mühakimə olunaraq 13 iyul 1318-ci ildə edam edilmişdir.

Fəzlullah Rəşidəddin monqol basqın və dağıntılarından sonra Elxanilər dövlətində sabit sosial və iqtisadi sistemin qurulmasına cavabdeh idi. O, həm də mühüm sənət və memarlıq himayədarı idi. Rəşidəddin Misir və Suriya, Çindən alim və tələbələri cəlb edən o cümlədən bir çox əsərlərini nəşr etdirdiyi Rəb-i Rəşidi kompleksinin qurucusudur. O, həm də məhsuldar müəllif idi. Alimin əsərlərinin bir neçəsi günümüzə qədər gəlib çatmışdır. Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi sayılır. O həmçinin elmin müxtəlif sahələrindən bəhs edən 24 cildlik "Əl-əhya vəl-əsar" adlı ensiklopedik əsərin müəllifidir. Alimin "Ər-risalət əs-Sultaniyyə", "Lətaif əl-həqaiq", "Tovzihat", "Bəyan ül-həqaiq" kimi başqa məşhur əsərləri var. "Tənsuqnamə" əsəri Rəbi-Rəşididə Rəşidəddinin göstərişi ilə Çin dilindən Ərəb dilinə tərcümə etdirilmişdi.

Əsərin məzmun və cildləri I Cild . Tarix-i Mübarək-i Qazan

Avstriyalı tarixçi Karl Yahn Cami-ət-Təvarixin ilk cildi haqqında yazırdı: “Rəşidəddinin “Cami ət-Təvarix” adı ilə tanınan tarixi əsərlər toplusu 1306/7-ci ildə öz təsnifatına görə dörd cildə bölünür. “Qazani tarixi”- dünya tarixi, geoloji əsər və coğrafi xülasədir.Mənbələrə görə, 1300/1-ci ildə Qazan xan ona türk və monqol icmasının, yəni Çingiz xanın və ondan sonra gələnlərin tarixini yazmağı tapşırır. 1304-cü ildə Qazan xanın vəfatı zamanı bu hissə hələ tamamlanmamışdı. Lakin onun qardaşı və varisi Olcaytu zamanında əsər tamamlandı. İlk cild Qazan xanın xatirəsinə hörmət əlaməti olaraq "Tarix-i Mübarək-i Qazani" adlandırıldı. Şübhəsiz ki, birinci cild türk və monqol tarixini, mədəniyyətini və dilini araşdıran tədqiqatçı üçün böyük əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, bu hissənin bütün mətni və tərcüməsi bu günümüzdə də nəşr olunub. “

Əsər tamamlanmadan Qazan xanın vəfat etdiyinə görə (1304) müəllif əsəri onun  varisi Olcaytuya həsr etməyi düşünür, lakin Olcaytu xan bunu qəbul etmir və ondan əsəri Qazan xana həsr etməyi və özü üçün ayrı bir ümumi tarix yazmasını xahiş edir. Buna görə də birinci cild Tarix-i Qazan və ya Tarix-i mübarək-i Qazan adlanır. Bu cildin birinci hissəsində türk və monqol tayfaları, onların müxtəlif qolları və şəcərələri, Qazan xanın nəsli, Arqun xanın (1284-1291) taxta çıxması, Qazan xanın arvadları və uşaqları haqqında məlumat verilir. İkinci hissə Çingiz xandan Qazan xan dövrünə qədər Monqolustan tarixindən ibarətdir. Rəşidəddin I cildi yazarkən mövcud mənbələrdən, Xubilay xan (1260-1294) və oğlu Məngü Teymurun (1294-1307) dövründəki rəsmi yazışmalardan, Şərqi Asiyadan gələn tacir və səfirlərlə görüşlərdən də yararlanmışdır. Monqol tarixinin başlanğıcı və Çinlə bağlı yazılarında, eləcə də Xubilayın yürüşlərini təsvir edərkən o, böyük xan Ögedeyin nümayəndəsi Bolad Çinq-sanqın verdiyi məlumatlara əsaslanmış, bilavasitə monqol və Çin mənbələrindən bəhrələnmişdir. Bu mənbələr Yuan Şihin topoqrafik və xronoloji məlumatlarına əsaslanmaqla yanaşı, bir çox folklor elementlərini özündə ehtiva edirdi. Bundan başqa birinci cildin yazılmasında Elxanilərin xəzinədə gizlətdikləri və hər kəsin istifadəsinə icazə vermədikləri “Altın dəftər” adlı kitabdan yararlanılmışdır. Monqollar tərəfindən müqəddəs hesab edilən bu kitabın Bolad Çing-sanq tərəfindən şifahi şəkildə Rəşidəddinə ötürülməsi faktı da bizə məlumdur. thumb|264x264px|Bədr döyüşü (1653 nüsxəsi)II Cild Rəşidəddin 2-ci cildi yazıb bitirdikdən sonra əsərlərə Cəmi-ət-Təvarix adını vermişdir. Olcaytu xanın əmri ilə yazılan və ümumi tarix mahiyyətini daşıyan II cildin original nüsxəsinin əvvəlinə bu cildin birinci hissəsini təşkil edən Olcaytu xanın doğumundan 706-cı ilə (1306-1307) qədər olan dövr əlavə edilmişdir. 1312-ci ildə tamamlanan bu bölmənin bir nüsxəsi Məşhəddə Zəki Vəlidi Toğan tərəfindən tapılmışdır. İkinci cildin birinci hissəsində hicrətin yaranmasından 700-cü ilinə (miladi 1300) qədər dünyada baş verən hadisələrdən danışılır. Burada  Adəm və Bəni-İsrail peyğəmbərləri, Hz. Məhəmmədin həyatı, Rəşidi xəlifələri, Əməvilər və Abbasilərin 1258-ci ildə süqutuna qədərki tarixi izah edilir. Bu hissədən sonra dövrün tarixi ənənəsindən başqa yeni bir üsul çərçivəsində dörd böyük türk dövləti, onların qurulması və fəaliyyətlərindən bəhs edilir. Bu dövlətlər: Qəznəvilər, Səlcuqlar, Oğuzlar və Xarəzmşahlardı. Rəşidəddinin bu əsəri ilk sistemli türk tarixi və türk tarixşünaslığının başlanğıcı kimi qəbul edilə bilər. Əsərin bu hissəsi türk monqol tarixi, mədəniyyəti və dili baxımından əhəmiyyətli bir mənbədir. Türklərin milli dastanı kimi tanınan və qəbul edilən Oğuz Xaqan hekayəsi bu əsərdə nəzm və nəsrlə yazılmış və bu yolla Oğuznamələrin ilk qaynağını Cəmi ət-Təvarixə daxil etmişdir. Bu qisim şərti olaraq "Rəşidəddin Oğuznaməsi" kimi tanınır. Farscaya çevrilmə sayılan bu "Oğuznamə"də yüzdən artıq türk mənşəli söz və yer adları işlənmişdir. "Rəşidəddin Oğuznaməsi"ndə elə parçalar var ki, olduğu kimi Dədə Qorqud kitabından götürülmüşdür. Cəmi ət-Təvarixin 2-ci cildində Səlcuqluların tarixindən bəhs edən hissə, tarixin əhəmiyyətini göstərən bir ön sözlə başlayır. Alim burada mövzuları izah edərkən sübut vasitəsilə ifadəyə müraciət etmişdir. Burada yazılır: ” Allahın seçdiyi varlıqlar mələklər, peyğəmbərlər və hökmdarlardır. Onların hər birinin vəzifəsi var. Peyğəmbərlərin vəzifəsi Yaradanla Onun bəndələri arasında vasitəçilik etmək, doğru yolu göstərmək, halalla haramı ayırd etməkdir. Hökmdarların vəzifəsi xalqın çobanı olmaq, onları hər cür fəlakət və bəlalardan qorumaqdır. Bundan əlavə, bu üç qrupda olması lazım olan fərqli xüsusiyyətlər var. Hökmdarlardan hikmət və siyasətə malik olan və  elm sahibi olanlar, cahillərdən daha yüksək səviyyədədirlər və bununla da peyğəmbərlərin səviyyəsinə yaxınlaşmışdırlar.” Nəticədə müqəddimədə hökmdarlar sadə bir mülahizə ilə peyğəmbərlik dərəcəsinə yüksəldilmişlər. Rəşidəddin əsərində Səlcuqlu hissəsini yazarkən istifadə etdiyi mənbələr haqqında məlumat vermir. Cəmi ət-Təvarixin Səlcuqlar bölməsində Nişapurinin "Səlcuqnamə"si ilə Rəvəndinin "Rahatüs-sudur" və "Ayetus-surur"u tədqiq edildikdə, aralarında çox da fərq olmadığı görülür. Əsərin ikinci hissəsinin yazılmasında məzmun baxımından o zamana qədərki tarixşünaslıq ənənəsinə xas olmayan böyük bir yenilik edilmişdi. Rəşidəddin öz əsərinə İslam tarixində əvvəllər toxunulmayan mövzuları daxil etmişdi. Əsərin bu hissəsində Çin, Avropa, yəhudi və Hindistan tarixlərinə yer verilmişdir. Beləliklə, xanədanlardan başqa mədəniyyətlər tarixçilərin mövzusuna çevrilmiş və müsəlman tarixçiləri arasında ilk dəfə bir tarixçi Qisas-ı Ənbiya istisna olmaqla, İslamdan əvvəlki mədəniyyətlərdən məlumatlar vermişdir. Rəşidəddin bununla İslam tarixşünaslığı ənənəsində böyük dəyişiklik gətirmişdir. Şübhəsiz ki, hələ Elxani tarixşünaslığı formalaşmamışdan əvvəl də müsəlman tarixçiləri Hindistan və Çin haqqında məlumatlar çatdırmışlar. Amma heç bir müsəlman tarixçisi bu xalqların mədəniyyəti və tarixi ilə xüsusi olaraq maraqlanmamışdır. Bu mənada qərb və şərq mədəniyyətlərində Rəşidəddinə qədər ümumi bir tarix anlayışı yox idi. Ümumi tarixşünaslıq Rəşidəddin ilə başlayan yeni bir tarixi anlayışdır. Rəşidəddinin “Hindistan tarixi” əsəri yetərincə tədqiq edilmədiyindən o, Əl-Biruninin Hindistanla bağlı məşhur əsərinin nüsxəsi kimi qiymətləndirilir. Lakin Karl Yahn bu əsərlə bağlı apardığı araşdırmalar nəticəsində müəyyən edib ki, müəllif əsəri yaradarkən müxtəlif qaynaqlardan bəhrələnib. Rəşidəddin Cüzcanidən sitat gətirdiyi bəzi yerlərdə oradakı məlumatları olduğu kimi çatdırmış bəzi yerlərə isə əlavələr etmişdir. Bu əlavələrin mənbəyi alim rəvayətçi Kəlamaşar Bəhşidir. Həyat hekayəsi məlum olmayan bu şəxsin Qazan xan müsəlman olduqdan sonra buarada qalan buddist rahiblərdən biri olduğu və Kəşmirdən gəldiyi bizlərə məlumdur.Əsərdə Franklar başlığı ilə təqdim olunan Avropa tarixi öz xüsusiyyətlərinə və ehtiva etdiyi məlumatlara görə xüsusi yer tutur. Rəşidəddin əsərini yazmaq üçün o dövrün Avropasının mühüm mətnlərini toplamışdı. O ilk əvvəl XIII əsrin ikinci yarısında Dominikan Martinus, yəni Martin Von Troppau (ö. 1278) tərəfindən yazılmış "Dünya Tarixi"ndən istifadə etmişdir. Bu əsər dövrün digər tarixçiləri olan Leo da Orvita və Bernerdo Qoidonusun əsərlərindən daha zəifdir. Buna baxmayaraq Martinin bu əsəri orta əsrlər dünyasında mühüm yer tuturdu. Əsərin bu qədər məşhur olmasının səbəbi onun ictimaiyyətin anlaya biləcəyi üslubda yazılması və orta əsrlərin bütün əfsanələrini özündə ehtiva etməsidir. Bu səbəbdən Martin salnaməsi demək olar ki, bütün Avropa dillərinə tərcümə edilmiş və İslam tarixşünaslığına da daxil olmuşdur. Rəşidəddin əsərinin heç bir yerində Von Troppau salnaməsindən istifadə etdiyini qeyd etmir. Biz bu barədə məşhur avstriyalı tarixçi Karl Yahnın araşdırmalarından öyrənirik. İslam dünyasında Avropa tarixindən bəhs edən bu əsər bəzi müasir hadisələri, eləcə də qədim ərəb ənənələrini özündə əks etdirən coğrafi-siyasi müqəddimə ilə başlayır. Sonra əsərin əsas hissəsini təşkil edən Papalıq və İmperatorların tarixi gəlir. Rəşidəddin Martinin salnaməsindən istifadə edərək Peterdən I Albertə qədər- 1298-1303-cü illəri ümumiləşdirdi. O, ən mühüm hadisələri verməklə yanaşı, çox sistemli şəkildə dini və siyasi səlahiyyətləri, onların xronoloji cədvəllərini də vermişdir. III Cild